16 iyul 2011 - 19:30

Misirin paytaxtında oturaq aksiyaları davam etdirən on minlər Yüksək Hərbi Şuradan demokratik islahatların yubanmadan həyata keçirilməsini tələb edirlər.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Misirdə ictimai-siyasi vəziyyət yenə qarışıb. Fevral ayında 18 gün sürən xalq etirazlarından sonra keçmiş prezident Hüsnü Mübarəki devirən müxaliflər yenidən Təhrir meydanında mitinqlərə başlayıblar. Bir həftədir davam edən mitinqlərdə müxaliflərin əsas tələbi demokratik idarəetməyə keçidi sürətləndirməkdir.

Mübarəkin devrilməsində önəm daşıyan paytaxt Qahirənin küçələrinə toplaşan on minlərlə insan, ölkədə müvəqqəti keçid hökumətini öz üzərinə götürən Yüksək Hərbi Şuraya demokratiyaya keçidi nəzərdə tutan islahatları sürətləndirmək üçün “Cümə son xəbərdarlıq” çağırışını edib. Aksiya iştirakçıları hələ Hüsnü Mübarək devrilən zaman söz verilən bütün demokratik islahatların yubanmadan həyata keçirilməsini istəyirlər. Tələbləri yerinə yetirilənə qədər Təhrir meydanında oturaq aksiyalarını davam etdirmək əzmində olan xalq kütlələri, həmçinin hələ fevral hadisələri zamanı 800 nəfərin öldürülməsində rol alan şəxslərin də cəzalandırılmasını tələb edirlər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır