Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Respublika Prokurorluğu məktəblərin tikintisi zamanı yol verilən qanun pozuntuları ilə əlaqədar araşdırmalara başlayıb. Bu barədə “APA”ya Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
O, qeyd edib ki, son dövrdə Bakı şəhərinin və qəsəbələrin sosial-iqtisadi inkişafı məqsədilə dövlət büdcəsindən ayrılan vəsait hesabına yeni orta məktəblər tikilib, köhnə məktəb binaları əsaslı təmir olunub: “Lakin təəssüf ki, bir sıra hallarda məktəblərin tikintisi və təmiri zamanı sui-istifadə hallarına yol verilib, standartlara uyğun olmayan və mövcud normaların tələbləri pozulmaqla tikinti işləri aparılıb”.
Araşdırma zamanı Xəzər rayonunun 123 və Suraxanı rayonunun 85 saylı məktəblərinin tikintisi zamanı bir sıra ciddi qanun pozuntuları aşkar edilib.
E.Sultanov qeyd edib ki, hazırda araşdırma davam etdirilir, qısa müddətdə yekunlaşdırılaraq və bu barədə ictimaiyyətə məlumat verəcək.
Prokurorluğun məktəblərin tikintisi zamanı yol verilən qanun pozuntularını araşdırmasının səbəblərindən biri də baş prokuror Zakir Qaralovla təhsil naziri Misir Mərdanov arasında münasibətlərin gərgin olmasıdır. Misir Mərdanov baş prokurorun əmisi Zahid Qaralovun dərslik biznesinə zərbə endirəndən sonra Zakir Qaralov təhsil nazirinə qarşı hücuma keçib. Doğrudur, təhsil sahəsində rüşvət və korrupsiya faktları mövcuddur, məktəblərin tikintisi zamanı da qanun pozuntularının baş verməsi təzə xəbər deyil. Lakin məsələ burasındadır ki, hakimiyyət daxilində “nöqsanlara qarşı mübarizə” bir qayda olaraq qruplararası savaşın tərkib hissəsi olub. Zakir Qaralov da əmisinin biznesinə əl qoyulmasını həzm edə bilmir. Yeri gəlmişkən, Təhsil Nazirliyinin maliyyə idarəsinin rəis müavini Orxan Kərimovun həbsinin də Zakir Qaralov-Misir Mərdanov savaşından qaynaqlandığı bildirilirdi.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır