Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İyulun 11-də Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşən İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad ABŞ və Qərbə qarşı sərt bəyanatlar səsləndirib.
Əhmədinejad deyib ki, Amerika özünün əsas müttəfiqi olan sionist rejimini qurtarmaq üçün bölgədə sünni-şiə, ələvi və qeyri-ələvi, eləcə də türk-kürd ixtilafı salmağa çalışır: “Hazırda bütün səylər bu saxta rejimin (İsrail nəzərdə tutulur) məhdudlaşdırılmasına yönəlməlidir. Çünki bu rejimin hədəfləri istiqamətində həyata keçirilən hər hansı bir təşəbbüs intihar anlamındadır. İran İslam Respublikası hesab edir ki, bu gün bölgədəki bütün hökumətlər islahatlara gedib öz xalqlarının tələblərini yerinə yetirməklə ölkələrini idarə edə bilərlər.
Əgər əcnəbilər bölgə ölkələrinə ayaq açsa və bu ölkələrin daxili işlərinə qarışsalar, şübhəsiz ki, bundan məntəqənin bütün ölkələri ziyan görəcək. Biz hesab edirik ki, bölgə ölkələri ABŞ-ın sionist rejimi qurtarmaq planındakı oyununa girməməlidir. İranla Türkiyə birlikdə hər iki xalqın, eləcə də bölgə xalqlarının mənafeyi uğrunda böyük işlər görə bilər. Düşmənlər İranla Türkiyə arasındakı yaxın münasibətlərdən narahatdır. Onlar bu münasibətləri bölgə xalqlarının mənafeyinin xeyrinə, öz maraqlarına zidd hesab edirlər. Düşmənlər bölgə xalqlarının, eləcə də İranla Türkiyənin inkişafından narahatdırlar”.
Görüşdə bölgə problemlərinin həlli istiqamətində İranla Türkiyənin böyük potensiala malik olduğunu vurğulayan Əhməd Davudoğlu İranı Suriyanın daxili işlərinə qarışmamağa çağırıb: “Bu gün islam dünyası müəyyən böhran içindədir. Bu böhrandan çıxmaq lazımdır. Böhranlı şəraitdən çıxmaq məsələsində isə İranla Türkiyə böyük məsuliyyət daşıyırlar”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır