Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bir müddət bundan öncə Azərbaycan İslam Partiyasının Baş Məclisi prezident İlham Əliyevlə görüş barədə qərar qəbul etmişdi. Üstündən bir aydan da çox vaxt keçməsinə baxmayaraq, bu görüşün baş tutmaması maraq doğurdu. Məsələnin zəruriliyini nəzərə alıb bəzi nüanslara aydınlıq gətirmək üçün ”Faktxeber.com” AİP sədrinin müavini Akif Heydərli ilə əlaqə saxladı.
- Azərbaycan İslam Partiyasının prezidentlə görüş zəruriəti nədən doğdu?
- İlk növbədə bizdən bunu Azərbaycanda yaranmış ictimai-siyasi vəziyyət tələb edirdi. Mövcud situasiyanın hərtərəfli, obyektiv qiymətləndirilməsi cəmiyyətin ümumi narahatlığından və bu tendensiyanın getdikçə daha dərin ziddiyətlər yaratmasından xəbər verir. Azərbaycanın beynəlxalq güclər tərəfindən küncə sıxışdırılması, ölkəmizin ən mühüm probleminin həllini uzadır və ya xalqımızın maraqları nəzərə alınmır.

- Görüşün nəzərdə tutduğunuz müzakirənin əsas detalları barədə konkret nə deyə bilərsiniz?
- Azərbaycanın taleyüklü məsələsi və ən yaralı yeri olan Dağlıq Qarabağ problemidir. Xalqımızı bu problemin həllində ciddi tələbkar və vəhdətdə görməyən xristian təəssübkeşləri məsələyə ikili standartlarla yanaşır, hakimiyyəti güzəştli şərtlərə məcbur edirlər. Bu məsələdə xalqın iradəsinin ortalığa qoyulması vaxtı artıq çatmışdır. Məhz bu gün vətən uğrunda şücaət göstərmək vaxtıdır. Milli-mənəvi, islami dəyərlərin yaratdığı duyğulara qiymət verilməlidir. Cəmiyyətdə sağlam münasibətlər yaradılması, ambisiyalar, vicdanlı insanların ləkələndirilməsi tendensiyalarına son qoyulmalı, dövlətin və dövlətçiliyin zəiflədilməsinə xidmət edən süni problemlərin, qarşıdurmaların səbəbləri və səbəbkarları araşdırılmalı, cəmiyyətə zərərli əməllərinin qarşısı alınmalıdır.
- Təklifləriniz nə ola bilərdi?
- İlk növbədə, ölkədaxili bu kimi qlobal problemlərə, xalqın istək və arzularına diqqət, və mövcud vəziyyətin düzgün qiymətləndirilməsi. Hər bir problemə dövlət başçısının nəzərlərinin biz tərəfdən öyrənilməsi və ona obyektiv məlumatların çatdırılması. Daxili və xarici siyasətdə prioritetləri xalqın inam və etimadı üzərində qurmaq. Qarabağ probleminin həllində cəmiyyətin təkidli tələblərini nümayiş etdirməklə bunu dünya çapında qabartmaq.
İkincisi və həm də məsələnin əsası ziddiyyəti ondan ibarətdir ki, Azərbaycan xalqının 97 faizi müsəlman olduğu halda ölkəmizdə güclü İslamafobiya təzahürləri mövcuddur. Xarici qüvvələrin məqsədli təsiri nəticəsində dini atributlara qadağalar qoyulur. Məhz cəmiyyətdə başa düşülməyən ən dərin ziddiyəti belə amillər yaradır ki, bu da gələcəyin böyük faciəsi və sərt etimadsızlığı deməkdir ki, xarici təzyiqlərin qarşısına güclü milli quvvə çıxmasın. Əslində siyasi və vicdan məhbusları amili bu uçurumun və ziddiyətlərin daha da dərinləşməsinə xidmət edir ki, çox güman, dövlət başçısına təmiz insanların şər və böhtanla ləkələnərək həbsini reallıq kimi təqdim edirlər.
- Sizcə bəs niyə görüşə şərait yaradılmadı?
- Bunu iki aspektdən izah etmək olar. Ya Prezidentin məsələlərə münasibəti yalan məlumatlarla tənzimlənir. Daxili, satılmış qüvvələr üçün də belə vəziyyət sərfəlidir ki, xalqla dövlət başçısı arasında ciddi və uzaq məsafə yaratmaqla istədiklərini həyata keçirsinlər. Ya da cəmiyyətdə prezidentin bu məsələlərin həllini istəməməsi şübhəsi yaranır. Bizə bu amillər tam şəffaflığı ilə aydın olmadığı üçün məhz sözümüzü Kostitusiyamızın bizə verdiyi hüquqlardan istifadə edərək və qanunlarımıza istinadən meydanlarda kütləvi dinc aksityalar keçirməklə çatdırmağa çalışacağıq.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır