Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Dünyanın bir ucundan başqa ucuna uçuşu cəmi iki saata çatdırmaq, aviatorların çoxdankı arzusudur. "Daily Mail" bildirir ki, Avropanın Aerokosmik və Müdafiə Konserni (EADS) artıq ZEHST adlı təyyarənin layihəsini hazırlamaqdadır. Bu səsdən iti sərnişin təyyarəsi 5000 km/saat sürətlə hərəkət edə biləcək. Layihə Fransanın Le Burje şəhərində keçirilən ənənəvi beynəlxalq aviasalonda təqdim olunub.
Yerdən 32 km hündürlükdə, stratosferdə uçacaq təyyarə uçuş və eniş üçün adi aerodromlardan istifadə edəcək. "Zero Emission Hypersonic Transportation" texnologiyası sayəsində layner praktiki olaraq atmosferi çirkləndirməyəcək. Havaya qalxma və enmə zamanı təyyarə dəniz yosunlarından hazırlanmış bioyanacaqla çalışacaq turboreaktiv mühərriklərdən istifadə edəcək. Stratosferdə isə təyyarədə raket mühərrikləri işə düşəcək.
Dünyanın ən sürətli təyyarəsi olacaq təyyarə 5029 km/saat sürət yığacaq. ZEHST təyyarəsi 50-100 sərnişini Parisdən Tokioya cəmi 2,5 saata, Nyu-Yorkdan Parisə isə 1,5 saata çatdıracaq.
ZEHST təyyarəsinin uçuşları ən tezi 2050-ci ildə baş tutacaq.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır




