Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Sülh və Demokratiya İnstitunun Səmsi Bədəlbəyli küçəsində yerləşən ofisinə 21-ci polis bölməsinin polisləri basqın ediblər.
Bu barədə İslam-Azeri.az İnternet qəzetinə Leyla Yunus məlumat verib.
Hüquq müdafiəçisi və Sülh və Demokratiya İnstitunun rəhbəri Leyla Yunus polislərin onun ofisinə basqın edildiyini İslam-Azeri.az-a belə şərh edib: "Təxminən 10-a yaxın polis bizim ofisimizə basqın edib və bizi polis bölməsinə aparmaq istədilər. Bu "əməliyyat"a rəhbərliyi Nəsimi rayonu 21-ci polis bölməsinin rəisi İsmayil Şahbazov edirdi. Polislərlə yanaşı mülkü geyimlilər də ofisə gəlmişdi. Mülkü geyimlilər "Mersedes" avtomobili ilə gəlmişdilər. Məndə o avtomobilin nömrəsi var. Onların bu addımı tam qanunsuzluqdur".
Polislərin onlarla getməsinə rədd cavabını deyən Leyla Yunus sözlərini belə davam edib: "Mən onların basqını zamanı Norveç, Fransa, Böyük Britaniya səfirliklərinə zəng etdim. Norveçin səfiri bizim ofisimizə birinci gəldi. ATƏT-in nümayəndələri də hadisədən xəbərdar olan kimi özlərini bura çatdırdılar. Diplomatik korpusların nümayəndələrini görən polislər daha sonra ofisi və binamız olan ərazini tərk etdilər. Mən sonra polis bölməsi ilə əlaqə saxladım və dedim ki, gəlirsinizsə indi gəlin. Lakin əlinizdə orderiniz olsun. Qanunsuz gəlməyin. Təxminən polislər 1 saat 20 dəqiqə ofisimizin qarşısını kəsmişdilər. Polislər Sülh və Demokratiya İnstitutunun ofisdə işini dayandırmasını istəyirdilər".
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır