5 iyun 2011 - 19:30

Vəkil Kamran Musayev: Bakı Apellyasiya Məhkəməsinin qərarı əsassız və qeyri-qanunidir”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bakı Apellyasiya Məhkəməsi İctimai Palatanın 2 aprel mitinqinə görə həbs olunan Müsavat fəalı Elşən Həsənovun şikayətinə baxıb. Vəkil Kamran Musayev açıqlamasında xatırladıb ki, iyunun 1-də Səbail Rayon Məhkəməsi Elşən Həsənovun həbs müddətini 2 ay uzadıb: “Səbail Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdik. İyunun 6-də şikayətə baxıldı. Prosesə Elşən Həsənovu da gətirmişdilər.

Onun səhhətində ciddi problemlər var. Mədəsindən əməliyyat olunduğuna görə həbsxana yeməklərini yeyə bilmir. Bundan başqa haqqında müsbət xarakteristika var, daimi yaşayış yeri məlumdur, istintaqın gedişinə təsir etmək imkanı və qaçıb gizlənmək niyyəti yoxdur. Bütün bunları hakimin nəzərinə çatdırdıq və Səbail Rayon Məhkəməsinin əsassız qərarının ləğv olunmasını istədik. Əgər adi vətəndaş olsaydı və siyasi sifarişlə həbs olunmasaydı, hakim onu azadlığa buraxardı. Lakin hakim bunları nəzərə almadı və Elşən Həsənovu həbsdə saxladı. Bakı Apellyasiya Məhkəməsinin qərarı əsassız və qeyri-qanunidir”.

Elşən Həsənov aprelin 9-dan həbsdədir. O, Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham olunur.

Aprelin 2-də müxalif İctimai Palata Bakının mərkəzində - Fəvvarələr meydanı və onun həndəvərində sanksiyalaşdırılmamış etiraz aksiyası keçirib. Həmin gün Bakı Şəhər Prokurorluğu Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlayıb. İstintaqı prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu aparır. İndiyədək 13 aksiyaçı həbs edilib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır