Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Rusiyanın Kazan şəhərində keçirilməsi nəzərdə tutulan Azərbaycan-Ermənistan prezidentlərinin növbəti görüşü ərəfəsində yenə də optimist fikirlər səslənir. Növbəti belə açıqlama Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlundan gəlib. Səfir APA-ya müsahibəsində Rusiya, ABŞ və Fransa prezidentlərinin Dovil bəyanatını yüksək qiymətləndirib. “İlk dəfə olaraq hansısa bir müddət qoyulub ki, Dağlıq Qarabağ problemi ilə bağlı aparılan danışıqların nəticəsi olmalıdır.
Bu, onu göstərir ki, böyük dövlətlərin rəhbərləri artıq bu məsələni təbii ki, beynəlxalq hüquq çərçivəsində həll etmək istəyirlər” deyə, bildirib.
İyun ayında keçiriləcək Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşünü dəyərləndirən diplomat bunları deyib: “Ümumi istiqamət onu göstərir ki, Dağlıq Qarabağ problemi artıq həll olunmaq üzrədir”. P.Bülbüloğlu Rusiya və bilavasitə prezident Dmitri Medvedyevin Dağlıq Qarabağ məsələsinin çözülməsi və problemin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi üçün böyük səy göstərdiyini də vurğulayıb. Azərbaycanı Rusiyada təmsil edən diplomatın bu cür nikbin mövqedən çıxış etməsi ortaya suallar çıxarır. Olmaya Azərbaycan üçün hansısa təhlükəli həll layihəsi masaya çıxarılır? Hər halda, erməni tərəfinin mövqeyində ciddi dəyişiklik müşahidə olunmadığı üçün ədalətli həllə ümid etmək yersizdir.
“Baza prinsiplərinin razılaşdırılmasının yaxın zamanlarda həyata keçiriləcəyi bir vaxtda fransalı həmsədri Avropa Birliyinin nümayəndəsi ilə əvəzləməklə Minsk Qrupunun formatını dəyişməyin vaxtı deyil”. Bunu isə Beynəlxalq Böhran Qrupunun analitiki Sabina Freyzer “Trend”ə müsahibəsində deyib. Onun sözlətinə görə, indi Minsk Qrupunun formatını dəyişməyin vaxtı deyil, çünki həmsədrlər inanırlar ki, baza prinsiplərinin razılaşdırılmasına az qalıb.
Politoloq Vəfa Quluzadə isə nikbinliyə heç bir əsas görmür: “Baza prinsiplərini razılaşdırıb qol çəkəndən sonra da torpaqlarımız işğaldan azad olunmayacaq. Məsələ ondan ibarətdir ki, Azərbaycan baza prinsiplərinə heç cür qol çəkə bilməz. Baza prinsipi birinci növbədə Dağlıq Qarabağın kimin olduğunu ortaya qoymalıdır. Ya biz deyirik ki, Dağlıq Qarabağ bizim ərazidir, ermənilər orda yalnız muxtariyyət ala bilər. Ya da deyirik ki, qoy ermənilər referendumda Dağlıq Qarabağla bağlı səs versin, ondan sonra biz qərar çıxara bilərik. Üçüncü bir variant isə azərbaycanlı qaçqınların Dağlıq Qarabağa qayıtmasından sonra birgə səsvermənin keçirilməsidir. Ancaq bu, mümkünsüzdür. Çünki Dağlıq Qarabağ erməni işğalçı qüvvələrindən azad olunmamış azərbaycanlılar geri qayıda bilməz. Deməli, referendumun keçirilməsinə razılıq vermək Dağlıq Qarabağın itirilməsi deməkdir. Bu mənada əminliklə demək olar ki, biz münaqişənin həllində bir millimetr də irəli getməmişik”.
Bununla belə, V.Quluzadə Dağlıq Qarabağ probleminin Rusiyadakı seçkilərdən sonra həllini daha real sayır: “Əgər Rusiyada Medvedyev seçilərsə, o da Putinin əsgəri tabeçiliyində olan adamlarını ordudan və xüsusi xidmət orqanlarından qovarsa, problemin həllinə ümid yaradar. Amma bu, illərlə vaxt tələb edən məsələdir”.
Politoloq əminliklə deyir ki, Kazan görüşündə hansısa razılaşmanın əldə olunması mümkün deyil: “Eyni zamanda hesab edirəm ki, ortaya Azərbaycanın iradəsindən kənar nə isə qoyulmayacaq. Çünki Azərbaycana xəyanət etmək mümkün deyil. Azərbaycana xəyanət edən çox böyük riskə getmiş olar. Gərək hər məsələdə ictimaiyyəti, xalqı inandırasan”.
V.Quluzadə həmsədr ölkələrin prezidentlərinin xalqları sülhə hazırlamaqla bağlı Azərbaycan və Ermənistan prezidentlərinə çağırışına da münasibət bildirdi: “Özü də bu, çox mənfi çağırışdır. Çünki əslində erməniləri Azərbaycan torpaqlarını azad etməyə hazırlamaq lazım idi. Azərbaycanı sülhə çağırmaq isə ermənilərin işğalı ilə barışdırmaq məqsədi güdür. Niyə bu qədər dövlət yığışıb bir qrafik tutmur ki, ermənilər nə vaxt, hansı rayondan çıxırlar? Nə səbəbə görə ermənilərə ”Yol xəritəsi" vermirlər ki, işğal etdiyiniz 7 rayonu tərk edin, ondan sonra Dağlıq Qarabağın statusunu müzakirə edək. Hansı ki, bu məsələ BMT-nin verdiyi mandatda əksini tapıb. Əslində ermənilər 7 rayonu azad edəndən sonra Azərbaycan danışıq masasına oturmalıdır. Həmsədr ölkə prezidentlərinin çağırışının qarşısında susmaq isə bu çağırışa razılaşmaq deməkdir. Deməli, son nəticədə Azərbaycan xəritədə növbəti dəfə 20 faiz azalacaq. Çünki biz tərəfdən bu çağırışa heç bir etiraz yoxdur". Politoloq Azərbaycan rəsmilərinin bu çağırışın Ermənistana qarşı yönəldiyi barədə dedikləri ilə razılaşmadı: “Bu, Ermənistana qarşı təzyiq-filan deyil. Əslində erməniləri torpaqlarımızı geri qaytarmağa, Azərbaycanı isə həmin əraziləri götürməyə hazırlamaq lazım idi. Biz dəhşətli ədalətsizlik dövründə yaşayırıq. Bunu birincidən tutmuş sonuncuya qədər hamı bilsin. Onu da bilməliyik ki, bu ədalətsizlik hər birimizin başında partlaya bilər. Nəticədə isə bu ədalətsizlik heç kəsə xoşbəxtlik gətirməyəcək. Bəziləri bəlkə düşünür ki, əşi, cəhənnəmə olsun, torpaqdı verək, qalanında keflə yaşayaq. Amma belə şey yoxdur”. V.Quluzadə bir məqamı da vurğuladı. Bildirdi ki, rəsmi Bakı torpaqların təsliminə razılaşsa belə, beynəlxalq aləm Azərbaycandan demokratik prinsiplərə əməl edilməsini tələb edəcək.
V.Quluzadə Rusiya danışıqlarında Azərbaycan rəhbərliyinə təzyiq edilməsi ehtimalından da danışdı: “Bir dəfə rəhmətlik Heydər Əliyevə təzyiqlərin olduğu barədə danışdım. O isə çox soyuqqanlı şəkildə mənim gözümün içinə baxıb dedi ki, Vəfa, birdəfəlik bil, mənə təzyiq etmək mümkün deyil. Mən çox istəyirəm ki, bu xüsusiyyət onun oğlunda olsun və ona təzyiq etmək mümkün olmasın”.
E.PAŞASOY
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır