Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan Respublikasının keçmiş spikeri və 1992-ci ildə prezidentin səlahiyyətlərini icra etmiş Yaqub Məmmədov İran İslam Respublikasının Qarabağ məsələsində ermənilərin tərəfində olmasının yalan olduğunu bildirdi.
Yaqub Məmmədov əməkdaşımızla söhbət zamanı ümumiyyətlə bütün medialarla müsahibəyə hazır olmadığını bildirsə də, 1992-ci ildə Tehranda Ermənistan və Azərbaycan Respublikasının dövlət başçıları arasında İranın vasitəçiliyi ilə müzakirə gedən vaxt bu dövlətin Şuşa şəhərinin işğal edilməsində məsuliyyət daşımadığını söylədi.
Onun sözlərinə görə, həmin vaxt Azərbaycan Respublikasının daxilində müəyyən qüvvələr, eləcə də bəzi xarici qüvvələr İranı gözdən salmaq və onun vasitəçiliyini əngəlləmək üçün Şuşanın işğalına bais oldular.
Xatırladaq ki, müxtəlif mənbələr Şuşanın işğalına Rusiyanın yaşıl siqnal verdiyini və amerikalıların bu təxribata dəstək verdiklərini bildirirlər.
Yaqub Məmmədov həmçinin deyib: İran rəsmiləri ilə görüşlərimizdə İrandan silah almaq barədə razılığa gəlmişdik və əlbəttə ondan öncə də İran qeyri-rəsmi şəkildə bizə silah verirdi və Müdafiə Nazirliyi bu silahları təhvil alırdı.
Məmmədov erməni separatçılarının təcavüzlərinin qarşısını almaq üçün İranın təşkilatçılığı ilə Əfqan mücahidlərin Qarabağa gətirilməsi haqda da deyib: Bu iş mən hakimiyyətdən kənarlaşdıqdan sonra baş verib.
Qeyd etmək lazımdır ki, İran İslam Respublikasının Qarabağ məsələsində Azərbaycan Respublikasına siyasi, hərbi, iqtisadi və humanitar yardımlarına baxmayaraq, Azərbaycan Respublikasında Qərbin mənafeyinə xidmət edən məlum dairələr İranın guya Ermənistanı himayə etdiyini iddia edirlər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır