Əhli Beyt ABNA xəbər agentliyinin verdiyi xəbərə əsasən: NATO-nun baş katibi Anders Foq Rasmussen və ABŞ rəsmiləri bu gün Cənubi Qafqazda “dondurulmuş münaqişələr” və təşkilatın regionla bağlı siyasətini müzakirə edəcəklər.
Rasmussen mayın 12-də Vaşinqtonda “Yeni təhlükəsizlik çağırışları, Yeni NATO” mövzusunda analitiklər qarşısında çıxış edəcək.
Səfərin gündəliyinə NATO-nun region və inteqrasiya məsələləri ilə bağlı prioritetləri daxildir. Mayda Rasmussen, həmçinin Vaşinqton, Atlanta, Ostin və Çikaqoya səfər edəcək, Amerika ictimaiyyətini transatlantik əlaqələrdə NATO-nun həlledici rolu ilə bağlı məlumatlandıracaq.
Politoloq Fikrət Sadıqov Milli.Az xəbər portalına verdiyi açıqlamasında bildirdi ki, ABŞ-ın və ümumiyyətlə Qərbin Cənubi Qafqazla yanaşı, Azərbaycana münasibətlərlə mövqelərində köklü dəyişikliklərin vaxtı çoxdan çatıb.
"İş orasındadır ki, bizim ABŞ və NATO-ya olan ümidlərimiz vaxtilə çox böyük idi. Hesab edirdik ki, Qərb ölkələrinə daha yaxın siyasət yürütməyə başlayandan, onlarla bir sıra sahələrdə aktiv əlaqələr qurandan sonra həmin dövlətlər qarşılıqlı əməkdaşlığı sürətləndirəcək, bəzi problemlərin həllində bizə kömək edəcəklər. Lakin təəssüflər olsun ki, bunu görmədik. Əvəzində 907-ci düzəliş indiyədək ləğv edilməyib, ABŞ Konqresi hər il Dağlıq Qarabağdakı separatçı rejimə yardımlar ünvanlayır, Ermənistana köməklər azalmır və s. Bununla belə, ABŞ strateji partnyorumuz olaraq qalır və ümidlərimizdən də imtina etmirik. Ümidlər qalır. Lakin ABŞ və NATO-dan daha real, daha konkret addımların atılmasını gözləyirik.G Çünki bütün bunlara məna olacaq heç nə yoxdur", - F.Sadıqov söylədi.
Onun sözlərinə görə, faktiki olaraq, ABŞ və NATO hələ də seyredici mövqedədir.
Düşünürəm ki, belə müzakirələr və görüşlər real, pozitiv, Azərbaycanın xeyrinə olan nəticələrə gətirib çıxarsın", - F.Sadıqov dedi.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır