9 may 2011 - 19:30

Mayın 6-da Təhsil Nazirliyinin qarşısında keçirilən “Hicaba azadlıq!” aksiyası zamanı həbs olunan dindar Tərlan İsmayılov tibbi müayinədən keçirilib.

Əhli Beyt ABNA xəbər agentliyinin verdiyi xəbərə əsasən: Vəkil Dilqəm Ağayev mayın 10-da Bakı İstintaq Təcridxanasında olub və hüquqlarını müdafiə etdiyi T.İsmayılovla görüşüb.

Vəkilin verdiyi məlumata görə, T.İsmayılov boynundakı ağrılardan əziyyət çəkir: “Gözlərinin altında iri qançırlar var, gözlərində isə qansızma müşahidə olunur. Verdiyi ifadədə göstərib ki, aksiya zamanı polis əməkdaşlarının qadınlara hücum etdiyini, dəyənəklə onları vurmaq istədiyini görüb və onları müdafiə etmək məqsədilə araya girib. Bu zaman polislər onu döyüblər. Polis verdiyi ifadədə isə bildirib ki, Tərlan İsmayılov onlara müqavimət göstərib”.

D.Ağayev qeyd edib ki, məhkəmənin həbs qərarından apellyasiya şikayəti verilməyəcək: “Bunu əhəmiyyətsiz hesab edirik. Tərəddüdlərimiz var. Lakin yaxın 10 gün ərzində həbsin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatət qaldıracağıq”.

6 may aksiyası ilə bağlı yaradılmış istintaq qrupu Bakı Şəhər Baş Polis İdarəsində fəaliyyət göstərir. Qrupun rəhbəri idarənin İstintaq və Təhqiqat İdarəsinin rəisi Nazim İsmayılovdur.

Vəkilin sözlərinə görə, həbs olunan və barəsində cinayət işi qaldırılan digər 4 nəfərin kimliyi onlara bəlli olmadığından hazırda müdafiənin birgə təşkili də mümkün deyil: “Yəqin ki, onlar dövlət tərəfindən təyin olunmuş vəkillərlə təmin ediliblər. Yaxın 2-3 günə onların kimliyi bəlli olar”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır