5 may 2011 - 19:30

Sərdar Cəlaloğlu: "Adətən baş verən bu cür polis zorakılığı və vəhşilyinin başlıca günahkarı Bakı şəhər İcra Hakimiyyətidir" Pənah Hüseyn: "Bu tam olaraq haqqlı bir tələbdir. Hər bir insanın geyim, təhsil və din azadlığı var" Elçin Manafov: "Axı bu insanlar azərbaycanlıdır. Biz bəzən elə halların şahidi oluruq ki, ermənilər heç o vəhşilikləri törətməyibər" Fazil Qəzənfəroğlu: "Onu da bilməliyik ki, polis əməkdaşlarının öz səlahiyyətləri var"

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycanın orta məktəblərində hökm sürən hicab qadağasına etiraz əlaməti olaraq, bu gün sayları təqribən 500 olan inanclı şəxslər etiraz aksiyası keçirib. Ötən ilin noyabr ayından etibarən orta məkətblərə gedən bilməyən yaxınlarının konstitusion haqqlarının pozulduğunu bildirən dindarlar, qoyulan qadağanın ləğv edilməsi üçün Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası təşkil edib. Aksiya zamanı sivil haqqlarını tələb edən nümayişçilərə qarşı həddən artıq kobud rəftar edilib. Ərazidə olan polis əməkdaşları nümayişçilərə qarşı dəyənək və gözyaşardıcı qazdan istifadə edib. Sayları təqribən 150-200 arasında olan inanclı şəxslər, paytaxtın 18, 20 və 22 saylı polis bölmələrinə aparılıblar.

Qeyd edək ki, həbs olunmazdan əvvəl polis nümayişçilərə qarşı fiziki zor da tətbiq edib. Nümayişçiləri amansızcasına döyən polislər, hətta bəzilərinin baş və bədən nayihələrinə xəsarətlər yetirib. Həbs olunanlar arasında qadınlar da olub və onlar da polis bölmələrinə gətiriliblər. Həmçinin aksiyada jurnalsitlərə də nümayişi işıqlandırmamaq üçün maneələr yaradılıb. Baş verən hadislərə münasibət öyrənmək üçün Pənah Hüseyn, Sərdar Cəlaloğlu, Elçin Manafov və Fazil Qəzənfəroğluya müraciət etdik. Hər bir ictimaiyyət nümayəndəsi FaktXebeber.com-a açıqlamasında bildirdi ki, polis zorakılığını qətiyyətlə pisləyir və nümayişçilərə qarşı tətbiq olunan vəhşi rəftar qəbul olunmazdır.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu: "Hər bir şəxsin sərbəst toplaşmaq hüququ var. Bu səbəbdən də dindarlar öz hüquqlardından istifadə edərək etiraz aksiyası keçiriblər. Adətən baş verən bu cür polis zorakılığı və vəhşilyinin başlıca günahkarı Bakı şəhər İcra Hakimiyyətidir. Çünki Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların öz konstitusion hüquqlarından istifadə etməsinə şərait yaratmır.  Hazırda icra hakmiyyəti öz səlahiyyətlərindən sui-istifadə edir. Biz hər bir halda vətəndaşlara qarşı polis zorakılığını pisləyirik və vəhşilik tördənlərin öz qanuni cəzalarına çatmasının tərəfdarıyıq".

Azərbacan Xalq Partiyasının (AXP) qurucusu, sabiq deputat Pənah Hüseyn:  "Bir mənalı şəkildə qəbul etmək lazımdır ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı ümumiyyətlə yoxdur.  Düzdür ki, mən hadisəni izləməmişəm. Lakin mən 90% bilirəm ki, həmin aksiyada polis zorakılığı baş verib. Polis zorakılığı hər bir halda pislənməli bir hərəkətdir.  Əgər 500 adam gəlibsə deməli bunların nə isə bir problemi var. Təhsil naziri bir nümayəndə göndərə bilərdi ki, həmin nümayəndə ora yığışan şəxslərin problemlərini dinləsin.  Polis zorakılığı heç bir halda qəbul olunmazdır. Ümumiyyətlə Azərbaycanda vətəndaşların hörmətləri yoxdur. Polislər insanlara qarşı rəva bilinməyən hərəkətlər edirlər ki, bu, özü insanlıqdan uzaq bir işdir. Amma əvvəl axır bu zorakılığı edənlər öz cəzalarına yetişəcəklər. Etiraz edənlərin tələblərinə gəldikdə isə, bu tam olaraq haqqlı bir tələbdir. Hər bir insanın geyim, təhsil və din azadlığı var. Bu azadlıqları beynəlxalq hüquqda da öz əksini tapıb. Azərbaycan qanunvericiliyində elə bir qanun yoxdur ki, hicablı şagirdləri təhsil hüququndan məhrum etsin.  Bu məsələnin həll olunması asan və mümkün bir şeydir. Lakin mövcud hakimiyyət bu məsələni həll etməkdə maraqlı deyil".

Azərbaycan İslam Partiyasının sədri Elçin Manafov: "Bu cür vəhişiliklərə və polis özbaşınalıqlarını kəskin pisləyirik. Bu etiraz xalqın təbii olan bir etirazı idi. Bunun günahını vətəndaşlarda yox, hakimiyyət özündə axtarmalıdır. Onlardan soruşmaq lazımdır ki, niyə məsələni bu yerə çatdırıblar? Məlum olduğu kimi biz partiya olaraq qanuni aksiya keçirmək üçün Bakı şəhər icra hakimiyyətinə müraciət etmişdik. Əgər doğrudan da bunlar xalqın səsini eşitmək və söz azadlığına şərait yaratmaq istəyirdilərsə, niyə şərait yaratmadılar? İndiki vəziyyəti özləri bu yerə çatdırıblar, niyə bəs vətəndaşlara qarşı vəhşilik göstərirlər?. Axı bu insanlar azərbaycanlıdır.  Biz bəzən elə halların şahidi oluruq ki, ermənilər heç o işləri və vəhşilikləri törətməyiblər. Əgər hər hansı bir polis qadına əl qaldırırsa və ya vəhşilik törədirsə, bu nə azərbaycanlıdır, bu nə polisdir. Məgər ora çıxanlar höküməti devirmək istəyirlər.? Əsla yox. Onların istəkləri öz konstitusion hüquqlarının bərpasıdır. Heç kim elə fikirləşməsin ki, xalqın namusuna əl uzadacaqlar, xalq da sakit duracaq. Narahat olmasınlar vaxt gələr müttəhim kürsüsündə özləri oturarlar. Bizim üçün çox maraqlıdır ki, hicabla əlaqdar bu təxribatı ölkə salmaqda kimlər maraqlıdır".  

Böyük Quruluş Partiyasının rəhbəri, millət vəkili Fazil Qəzənfəroğlu: "Mən bu aksiyanın qeyri-qanuni keçirilib-keçirilmədiyindən xəbərim yoxdur. Lakin hər bir vətəndaşın sərbəst toplaşmaq hüququ var və istənilən halda bu hüquqlar tapdalanmamalıdır. Onu da bilməliyik ki, polis əməkdaşlarının öz səlahiyyələri var. Amma hər bir halda polis zorakılğı xoşa gəlməz deyil".    

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır