Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Öncə qərarların icrası və görülən işlərə baxılıb.
Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə İctimai Palatanın mitinqində iştirakına görə müxalifət nümayəndələrinə qarşı repressiyalar müzakirə edilib. Divan inzibati həbs qaydasında 7 sutka cəza almış Rüfət Hacıbəyliyə qarşı cinayət işinin açılmasını kəskin qınayaraq, hakimiyyətin mitinq iştirakçılarına qarşı saxta, heç bir hüquqi əsası olmayan cinayət işini ləğv etmək əvəzinə repressiyaları daha da artırmaq xəttini pisləyib. 25 aprel 2011-ci il tarixdə müsavatçı Dünyaxanım Cərullanın Səbail rayon Polis İdarəsinə aparılması faktı da müzakirə edilib. Qeyd edilib ki, əvvəlki həbslər, qaldırılmış cinayət işləri və aksiyadan sonra müxalifət fəallarının ifadə vermək üçün polis idarələrinə aparılmaları cəmiyyətdə xof yaratmaq məqsədilə edilir.
Divan bu cür repressiv tədbirlərlə cəmiyyətin artan narazılığının və mübarizə əzminin qarşısının alınmasının qeyri-mümkün olduğunu vurğulayıb. Kütləvi aksiyaların davam etdirilməsi məsələsi ciddi müzakirə edilib və bir sıra təkliflər səsləndirilib. Qərara alınıb ki, bu təkliflər İctimai Palatada müzakirəyə təqdim edilsin. İctimai Palatanın sərbəst toplaşmaq azadlığınını təmin edilməsi probleminin müzakirəsi üçün Bakı şəhər İcra Hakimiyyətinə göndərdiyi məktuba mənfi cavab verilməsi daha sonrakı məktuba isə hələ də cavab verilməməsi göstərir ki, vəziyyətin gərginləşdirilməsini hakimiyyət özü istəyir. Əgər bundan sonra da bu cür mövqe tutulacaqsa, insanların sərbəst toplaşmasının qarşısının alınması zamanı baş verə biləcək qarşıdurmanın məsuliyyəti onun üzərində qalacaq.
Ərəb dünyasında gedən inqilabi proseslər də müzakirə olunub. Yəmən prezidenti Abdulla Salehin hakimiyyətdən getmək üzrə olduğu vurğulanıb. Öz xalqına qarşı güllə atan Liviya diktatoru Müəmmər Qəddafinin yolunu tutduğu təəssüflə qeyd edilib. Eyni zamanda bildirilib ki, istənilən halda diktatorlar məğlub olacaqlar və törətdiklərinə görə cavab verəcəklər.
“Müsavat-100” tədbirlər çərçivəsində 1920-ci ilin 28 aprel işğalı ilə bağlı əvvəlcədən planlaşdırılmış tədbir haqqında fikir mübadiləsi aparılıb. Qərara alınıb ki, həmin tədbir 28 aprel 2011-ci il tarixdə saat 15:00-da Müsavat Partiyasının Mərkəzi qərargahında keçirilsin. Həmin tədbirə mütəxəssislərin və media nümayəndələrinin dəvətli olduğu bildirilib.
Sonda cari məsələlərə baxılıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır