Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun, partiya sədrinin müavini Vaqif Abdullayevin, partiyanın Astara rayon təşkilatının sədri Rufulla Axundzadənin həbs qətimkan tədbirinin daha 4 ay uzadılmasından apellyasiya şikayəti verilib. Həbs qətimkan tədbirinin uzadılması qərarını Nəsimi Rayon Məhkəməsi aprelin 15-də çıxarıb.
Vəkil Anar Qasımovun “Media forum” saytına açıqlamasına görə, Mövsüm Səmədov istintaqın ləngliyindən şikayət edir: “Bakı İstintaq Təcridxanasına köçürüləndən bəri Mövsüm Səmədov, eləcə də digər həbs olunanlar tək bir dəfə istintaqa izahat veriblər. Bundan əlavə görüşlər olub, misal üçün, hansısa ekspertizanın rəyi ilə tanış etmək məqsədilə və sair. Lakin aktiv istintaq hərəkətləri aparılmır”.
Anar Qasımov Respublika Prokurorluğunda yaradılan istintaq qrupunun 15-dək üzvünün olduğunu xatırladıb: “Amma faktiki olaraq bir nəfərin - istintaq qrupunun rəhbərinin fəaliyyət göstərməsinin şahidi oluruq. İstintaqın ləngliyindən şikayətlənəndə bizə deyirlər ki, şahidlər var, onları dindirməliyik, ekspertizaların rəyləri alınmalıdır, işimiz çoxdur”.
Vəkil hesab edir ki, istintaqın ləng hərəkət eləməsi prosesi uzatmaq məqsədi daşıyır.
Mövsüm Səmədov, Vaqif Abdullayev, Rufulla Axundzadə və AİP liderinin qayını Firdovsi Məmmədrzayev Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə ittiham olunurlar.
Firdovsi Məmmədrzayevə Cinayət Məcəlləsinin 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddəsi ilə ittiham irəli sürülməyib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır