29 mart 2011 - 19:30

Azərbaycan baş prokurorun birinci müavini Rüstəm Usubov bu gün jurnalistlərə açıqlamasında Azərbaycan İslam Partiyası qanunsuz fəaliyyət göstəridiyini açıqlayıb. İslam Partiyası saxta qurum olub. Bu qurum Ədliyyə Nazirliyində də qeydiyyatdan keçməyib-deyə Rüstəm Usubov bildirib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:   Mövzu ilə bağlı Azərbaycan İslam Partiyasının (AİP) Mətbuat Xidmətinin rəhbəri Akif Heydərli  münasibət bildirərək, baş prokurorun birinci müavininin çıxışını qeyri-obyektiv münasibət adlandırb. "İlk öncə qeyd etmək istəyirəm ki, Azərbaycan İslam Partiyası Musavat Partiyasından sonra qeydiyyatdan keçmiş ikinci partiyadır. Partiyamız 1992-ci ilin dekabr ayında qeydiyyatdan keçib və buna şübhəsi olanlar arxiv sənədlərinə baxa bilər. Rüstəm Usubovun İslam Partiyasının qeyri-qanuni fəaliyyət göstərməsi ilə bağlı sözləri isə, həqiqəti əks etdirmir. Bu çıxışda ümumiyyətə qeyri-obyektiv və yalnış məlumatlardan istifadə olunub.

Çünki Azərbaycan İslam Partiyasının üzvləri partiyanın namizədi kimi 2005-ci il parlament seçkilərində iştirak edib. Hətta o zaman parlament seçkilərdə AİP sədrinin Konstitusiya Məhkəməsi vasitəsilə haqlı tələbi yerinə yetirilərək o namizəd olub. AİP  əvvəlcədən qeydiyyatdan keçsə də, sonra partiyanın fəaliyyətinə maneələr yaradılaraq onun qeydiyyatı əlindən alınıb. Bu hadisə isə 1996-ci ildə baş verib. Amma onu deyə bilərəm ki, partiya dəfələrlə qarşısına qoyulan tələblərə tam cavab verən nizamnamə və məramnamə hazırlayaraq, Ədliyə Nazirliyinə qeydiyyat üçün müraciət edilib.

Nazirlik isə qeydiyyat verməmək üçün, təqdim olunan sənədləri dəyişdirilməsini istəyib və bu tələb də yerinə yetirilib. Siyasi Partiyalar haqqında qanunda göstərildiyi kimi, Ədliyyə Nazirliyi partiyanın tələbinə 2 aydan artıq cavab verməyibsə, hər hansı bir partiyanın fəaliyyət göstərməsi qanuni olur. Bunu da qeyd etməliyəm ki, Ədliyyə Nazirliyinin İslam Partiyası barədə qeyri-qanuni addımları, partiyamızın qanunsuz fəaliyyət göstərməsi demək deyil. Bir daha bildirmək istəyirəm ki, İslam Partiyasının Ədliyyə Nazirliyinə etdiyi müraciətə hə və ya yox cavabı verilməyib. Bu cavabın verilməməsi isə Siyasi Partiyalar haqqında qanunda göstərildiyi kimi, İslam Partiyasının qanuni fəaliyyət göstərməsinə əsas verir"-deyə AİP Mətbuat Xidmətinin rəhbəri Akif Heydərli bildirdi.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.