Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Səfir qeyd edib ki, Tehran və Şiraz şəhərlərində böyük bayram tədbirləri keçiriləcək. Üç həftə öncə prezident İlham Əliyevin bu tədbirə dəvət olunduğunu söyləyən diplomatın sözlərinə görə, keçən həftə İranda səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovu qəbul edən prezident Mahmud Əhmədinejad İlham Əliyevi bu tədbirdə gözlədiyini söyləyib.
Keçən həftə Tehranda keçirilən İran-Azərbaycan hökumətlərarası komissiyasının işinin nəticələrindən danışan M. Bəhrami hər iki tərəfdən xeyli təkliflər irəli sürüldüyünü, bu təkliflər üzərində ekspertlər tərəfindən iş aparıldıqdan sonra nəticələrin xarici işlər nazirlərinə təqdim olunacağını açıqlayıb.
Səfir xəbər verib ki, İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinə Bakıda klinika tikməyə icazə verilib: “Hazırda bu klinikanın harada və necə inşa olunması ilə bağlı texniki işlər aparılır”. Diplomat deyib ki, həmin klinikada Azərbaycan əhalisi üçün yüksək səviyyəli tibbi xidmət göstəriləcək.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır