Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İlham Əliyevin “antikorrupsiya şousu” hakimiyyət daxilində ziddiyyətlərin daha da qızışmasına səbəb olub. Ötən saylarımızda məlumat vermişdik ki, xüsusilə Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevlə fövqəladə hallar naziri Kəmaləddin Heydərov arasındakı qarşıdurma pik hədd çatıb. Məhz bu məmurların üz-üzə gəlməsi təsadüfi deyil. Ramiz Mehdiyev hakimiyyətin siyasi xəttini yönətən şəxsdir və faktiki olaraq iqtidarın siyasi qanadının başında o dayanır. Kəmaləddin Heydərova gəlincə, o, hakimiyyətin iqtisadi qanadının rəhbəri kimi özünü təsdiq edə bilib.
Bu baxımdan həm Ramiz Mehdiyev, həm də Kəmaləddin Heydərov özünü Ilham Əliyevdən sonra ikinci şəxs statusunda görür.
Təsadüfi deyil ki, “fövqəlnazir” digər məmurlardan fərqli olaraq Ramiz Mehdiyevin Korrupsiyaya qarşı Mübarizə Komissiyasının iclasından sonra özünütənqidə yönəlik kollegiya iclası keçirmədi.
Əslində, Ramiz Mehdiyevlə Kəmaləddin Heydərov arasında ziddiyyətlərin daha da gərginləşməsi elə bundan sonra başlayıb.
Hakimiyyətdaxili mənbələrin məlumatına görə, PA rəhbərilə “fövqəlnazir”in toqquşması hələ davam edəcək. Bu mübarizədə hələlik Ramiz Mehdiyev müəyyən üstünlüklərə malikdir. Nəzərə almaq lazımdır ki, Ilham Əliyev “antikorrupsiya şousu”nun dirijorluğunu PA rəhbərinə tapşırıb. Dövlət başçısının Ramiz Mehdiyevə etimad göstərməsinin də səbəbi var. Hazırda bütün dünya ərəb ölkələrində baş verən inqilabların növbəti dayanacağından danışır və müxtəlif beyin mərkəzləri bu sırada Azərbaycanın da adını xüsusi vurğulayırlar. Ilham Əliyev də bundan ciddi narahat olmağa başlayıb. Ona görə də saxtakarlığın və siyasi şouların mahir ustası Ramiz Mehdiyevi önə verərək vəziyyətdən çıxmağa çalışır. PA rəhbəri isə fürsətdən istifadə edərək rəqiblərini sıradan çıxarmağa cəhd edir və təbii olaraq ilk növbədə Kəmaləddin Heydərovla üz-üzə gəlir.
Son günlər əsasən “fövqəlnazir”in nəzarətində olan qurumların tənqid atəşinə tutulması da göstərir ki, Ramiz Mehdiyevin bu məsələdə əsas hədəflərindən biri Kəmaləddin Heydərovdur. “Fövqəlnazir”in yaxın qohumu Qalib Məmmədbəylinin həbsi, vergilər naziri Fazil Məmmədovun istefaya göndəriləcəyi barədə məlumatların yayılması, dövlət gömrük komitəsinin sədri Aydın Əliyevin vəzifəsinin öhdəsindən gələ bilməməsi barədə xəbərlər və s. PA rəhbərinin əsas rəqibi ilə bağlı ciddi planlarının olmasını deməyə əsas verir.
Məlumatlarda vurğulanır ki, şounun daha effektiv alınması üçün bir neçə məmurun “vurulması” müzakirə mövzusudur. Bu sırada Kəmaləddin Heydərova yaxın məmurlar da var. Nəzərə alsaq ki, “antikorrupsiya şousu” çərçivəsində hətta Ilham Əliyevin sinif yoldaşı Nazim Ələkbərov tutduğu vəzifədən azad edildi, deməli, Ramiz Mehdiyevin “qara siyahısı”nda olan məmurların da istefaya göndərilməsi PA rəhbəri üçün çətin olmayacaq. Qısası, yaxın vaxtlarda iqtidarın iki qanadı arasında başlanan savaşın nəticəsi olaraq hakimiyyət daxilində ciddi təlatümlərin baş verəcəyi gözlənilir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır