11 fevral 2011 - 20:30

Tiranların əsarətindən azad olan ölkələrin hamısı sonradan yüksək inkişaf mərhələsinə qədəm qoyur. Dünyanın hər yerində insanlar ölkələrini illərdir dəmir yumruqla idarə edən diktatorların devrilməsinə sevinir. Ümumbəşəri dəyərləri məhdudlaşdıran, onları hər addım başı pozan liderlər yalnız öz ölkələrində deyil, dünyanın dörd bir yanında bir adla tanınır XAİN!

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Uzun müddət qəddar rəhbərlərin hökmdar olduğu ölkələr azadlıqları məhdudlaşdıran tiranların devrilməsindən sonra dinamik inkişaf xətti tutdu. Bir zamanlar hər addımda azadlıq və haqqları tapdanan millətlər inqilab edib tiranları qovaraq dünya tarixinə öz töhfələrini verdi. İndi həmin ölkələr dünyanın iqtisadi-siyasi səhnəsində hörmət və xüsusi çəkiyə sahibdir. 

Son günlər adı daha çox hallanan Tunisin devrilmiş prezidenti Zeynal Abidin Bin Əli 1987-ci ildən 2011-ci ilə kimi ölkə başçısı postunu tutsa da 23 illik hakimiyyəti illərində ölkəni qeyri-rəsmi fövqəladə rejimdə idarə edirdi. Lakin Bin Əli hakimiyyətinin iyrənc idaərçilik sistemindən cana doyan bir gəncin özünü yandırması illərdir yığılan qəzəbi alovlandırdı. 23 illik diktator küçələrə axışan xalqın qarşısında duruş gətirə bilmədi. Özünə aternativ saxlamayan lider ailəsinin və komandasının həddən artıq korrupsiyaya bulaşmasına etiraz edən tunislilərin qəzəbindən qorxaraq ölkədən qaçdı.

Dünyanın əli qanlı diktatorlarından biri keçmiş Yuqoslaviya lideri Slobodan Miloşeviçdir desək yanılmarıq. 1989-2000-ci illər aralığında hakimiyyətdə olan Miloşeviç etnik təmizləmə əməliyyatlarıyla tanınlıb. Bu soyqırımçı lider 1990-cı illərdə etdiyi hərəkətlərə görə Avropanı dəhşətə gətirib. 2000-ci ildə “Buldozer inqilabı” adı verilən hərəkatla hakimiyyətdən devrildi. Törətdiyi hərbi və mülki cinayətlərə görə beynəlxalq məhkəmə qarşısına çıxarıldı. Serb lider insanlığa qarşı cinayətlərdə ittiham olundu.

“Balkan Qəssabı”nın devrilməsindən sonra onun amansız terrorunun qurbanına çevrilən kosovalılar müstəqillik əldə etdi. Kosov artıq müstəqil dövlətdir və dünyanın aparıcı ölkələri tərəfindən tanınır.

Miloşeviçdən sonar keçmiş Yuqoslaviyadan ayrılmış müstəqil ölkələrdə etnik təmizləmələr, insanlara qarşı represiyalar dayandırıldı. Serbiya Avropanın inkişaf etmiş ölkələriylə bir sırada dayanır. Bu ölkənin Avropa Birliyinə üzvlüyü məsələsi müzakirə olunur. Qanlı diktatorun bir zamanlar at oynatdığı Serbiya demokratiya və azadlıqları üstün tutduğuna görə, dünya tərəfindən qəbul edilən ölkəyə çevrildi.

İndoneziya lideri Suxartoya gəlincə, o, 1967-1998-ci illərdə hakimiyyətdə olub. Onun hakimiyyəti illərində ölkədə korrupsiya və rüşvət halları ən yüksək həddə olub. Vətəndaşların fundamental hüquq və azadlıqları tanınmayıb. Bu ölkədə iş görmək üçün Suxarto ilə birbaşa əlaqə qurmaq lazım idi. Ona qarşı çıxanlar isə ən yaxşı halda həbs olunurdu.

Ancaq 77 yaşlı diktatorun 31 illik hökmranlıqdan devrilməsindən sonra İndoneziya inkişaf etməkdə olan demokratiya və iqtisadi tərəqqi dövrü yaşamaqdadır. Məhz demokratik islahatların nəticəsində İndoneziya hazırda Asiyanın öndə gələn inkişaf etmiş ölkələriylə bir sırada qərarlaşıb.

Çili diktatoru Auqusto Pinoçet 1973-1990-cı illərdə ölkə başçısı postunu tutub. O, Amerika qitəsinin işgəncəyə susamış diktatorların ən qəddarı olub. Ancaq Pinoçet də artıq tarixə çevrilib.

Pinoçetin qollarına qandal vurub məhkəmə qarşısına çıxardılar. Ev dustağı oldu. İşgəncə kralı devrildikdən sonra Latın Amerikasının bəxti qara ölkəsi kimi tanınan Çili hazırda dünyanın cəlbedici və inkişaf mərkəzlərindən biridir.

XX əsr tarixinin qara siyahısına düşmüş diktatorlardan biri də Rumıniyanın kommunist şefi Nikolay Çauşeskidir. O, 1967-1989-cu hakimiyyət illərində edam maşası ləqəbiylə tanınıb. Çauşeski hakimiyyətinin korrupsiya və hüquqsuzluğa qucaq açmasından xalq küçələrə axışdı. Gizli polis nümayişçilərlə əlbir olub dəmir yumruqlu despot lideri yeni il ərəfəsində tarixə gömdü. O, bir vaxtlar başqalarını öldürmək üçün əmr verdiyi əsgərlər tərəfindən güllələndi. Çauşeskidən sonar Rumıniya demokratiya və inkişaf kursu tutdu. Ölkədə qısa zaman ərzində liberal islahatlar həyata keçirildi. İnsan hqüqü və azadlıqları bərpa edildi.

Diqqət: Xəbərdən istifadə etdikdə məbəyə istinad lazımdır