24 yanvar 2011 - 20:30

Mərhum Elvinin valideyni keçirtdiyi mətbuat konfrasında deyib: “Ən böyük cinayəti prokurorluq edib. Ortada polis ağır cinayət törədib. Amma presedent olmasın deyə həmin polislər cinayət məsuliyyətinə cəlb olunmur. Əvəzində qətlə yetirilən haqda cinayət işi açılır".

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Çevik Polis Alayı əməkdaşları tərəfindən döyülərək öldürülən Elvin Əsgərovun anası Roza Rəfiyeva və hüquq müdafiəçisi Vidadi İsgəndərov mətbuat konfransı keçirib. Media nümayəndələrinin və sadə insanların iştirakı ilə keçən mətbuat konfransında, mərhumun valideyni Roza Rəfiyeva, oğlunun qatillərinin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib. O, ölkə başçısına, millət vəkili Mehriban Əliyevaya, Milli Təhlükəsizlik Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, ombudsmana müraciət də ünvanlayıb.

Qeyd edək ki, R.Rəfiyeva oğlunun cinayətkar aləmlə əlaqəsi olması barədə gəzən şayiələri təkzib edib və bunları ağ yalan adlandırıb. “Deyirlər ki, guya Elvinin əlindəki bıçaq polislərdən birinin ağzının bir tərəfindən girib o tərəfdən çıxıb. Ancaq polislər ümumiyyətlə xəsarət almayıb. Tələb edirik ki, oğlumun qatilləri cəzalandırılsın”.

Mətbuat konfransında çıxış edən hüquq müdafiəçisi Vidadi İsgəndərov isə prokurorluğu qeyri-obyektiv istintaq aparmaqda suçlayıb: “Ən böyük cinayəti prokurorluq edib. Ortada polis ağır cinayət törədib. Amma presedent olmasın deyə həmin polislər cinayət məsuliyyətinə cəlb olunmur. Əvəzində qətlə yetirilən haqda cinayət işi açılır".

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır