24 yanvar 2011 - 20:30

Sayları 700-ə yaxın olan dindarlar, QMİ-ni aktiv fəaliyyətə səsləyib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Artıq iki aya yaxındır ölkədə hökm sürən hicab qadağası və onun gündəmdə tutduğu mövqe, yerini heç nəyə vermir. Bu gündəmə qadağadan bir ay sonra dindraların həbsi əlavə olunsa da, mövzu aktuallığını saxlayır. Aparılan dindar "ovu"nun elə hicab qadağasının məntiqi davamı olduğu aydınlaşdı. İki aya yaxındır hicablı xanımlar istər təhsil almaqdan, istərsə də tədrisdən zorən uzaqlaşdırılıb.

Düzdür, arada 1-2 gün bu qadağa təhsil naziri Misir Mərdanovun, "valideynlər uşaqlarını da götürüb direktorların yanına getsin və söhbət etsinlər", sözləri ilə yumşalsa da, sonradan Təhsil Nazirliyinin yetkilisi tərəfindən bu fikir başqa cür yozuldu və o açıqlama verərək, nazirin sözlərinin düzgün başa düşülmədiyini bildirdi. O söylədi ki, bu əslində "valideynlər getsinlər direktorların yanına və direktorlar da onlara başa salsınlar ki, təhsil vacibdir, uşaqlarınızın başını açın, qoy dərsə gəlsinlər" kimi başa düşülməlidir.

Necə də qəribə bir dövlətdə yaşayırıq. Elə bir dövlətdə ki, bizim nazirlərin əksəriyyətinin danışığını başa düşmək üçün gərək sonradan bir nəfər də çıxıb desin ki, bəs nazirin dediyindən bu qənaəti yox, filan qənaəti çıxarın.

Qeyd etmək yerinə düşərdi ki, nazirin məlum açıqlamasından sonra böyük əksəriyyət məktəblərdə hicablı xanımlar təhsillərinə davam etməyə başlamışdılar. Amma daha sonra xanımlar yenidən təhsil müəssisələrinə buraxılmadılar. Görünür kimlərsə, dindarların səbr kasasının daşmasında maraqlıdır və ona görə də gündə bir açıqlama ilə əsəbləri tarıma çəkmək istəyirlər.

Bu cür əcaib-qəraib açıqlamalara, təxribatçı çıxışlara birdəfəlik son qoyulmasını, övladlarının təhsilinə icazə verilməsini istəyən dindarlar isə bu gün səhərdən "Təzə Pir" məscidinə toplaşaraq, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Hacı Allahşükür Paşazadə ilə görüşmək istəyiblər. İdarənin binası qarşısına toplaşan dindarlara isə şeyxlə görüşə icazə verilməyib. Bunu görən dindarlar "Təzə Pir" məscidinə daxil olaraq, orada öz bəyanatlarını oxuyublar. Bəyanat oxuduqan sonra, dindarlar məscidini tərk etməyə başlayıblar.

Qeyd edək ki, məsələ ilə əlaqədar Təzə Pir məscidinin həyətində çəkiliş aparan operatorumuzdan birinin kamerası əlindən alınaraq çəkilişləri silinib.

BƏYANAT

"İlahi!" Biz Peyğəmbərimizin həyatda olmamasından, imamımızın qeybdə olmasından, düşmənlərimizin çoxluğundan, sayımızın azlığından, fitnələrin şiddətindən, zəmanənin bizim əleyhimizə təzahür etməsindən sənə şikayət edirik. İlahi, Məhəmməd və onun ailəsinə salavat göndər..." (İftitah duasından)

Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikası qanununun "Dini etiqad azadlığı" ilə əlaqədar 1-ci maddəsində deyilir: "Hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Valideynlər və ya onları əvəz edən şəxslər qarşılıqlı razılıq əsasında uşaqlarını özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər"

Respublikamızda İslam dininə etiqad edən dindarlar İslam əhkamlarından biri olan baş örtüsü əmrini həyata keçirərkən və onu yayarkən müstəqil respublikamızın heç bir qanununu pozmamışlar. Buna baxmayaraq dövlətimizin bəzi məmurları dövlət ilə dindarlar arasında narazılıqlar yaratmağa səy göstərirlər.

Təəssüf doğuran başqa bir durum da odur ki, hicabla bağlı hər bir etiraz və yaxud narazılıq ayrı-ayrı din adamlarının tutulub-saxlanması ilə nəticələnir.

Vicdan azadlığına hörmətlə yanaşılan demokratik bir ölkədə din qanunlarına qarşı belə münasibət müstəqil dövlətimizə baş ucalığı gətirməz.

Biz Azərbaycan ruhaniləri və dindarları hicab qadağasını, bu məsələ ilə əlaqədar gülünc bəhanələrlə ittiham olunaraq həbs olunmuş şəxslərin saxlanmasını məhkum edirik. Habelə sözü gedən məsələlərin tezliklə müsbət şəkildə həll olunmasını, son zamanlar KİV-də müşahidə olunan, dini təhsilə malik olmayan insanlar tərəfindən, dinə və dindarlara qarşı qərəzli çıxışlara son qoyulmasını tələb edirik.

Dediklərimizə əlavə olaraq qeyd etmək istəyirik ki, ölkə dindarlarının İslam dininin əhkamlarına samimi sədaqətinin ayri-ayrı ölkələrin sifarişi kimi dəyərləndirilməsini dindar təbəqəyə təhqir kimi qəbul edir, bu fikirlərin diqqəti bizim haqqlı tələblərimizdən yayındırmağa yönəldiyini təkidlə vurğulayırıq.

Fikirimizsə problemin həllinə mane olan amilləri ölkə hüdüdlarınadan kənarda deyil, bəzi məmurların naşı addımlarından axtarmaq lazımdır.

İnanırıq ki, Azərbaycan xalqının dini dəyərlərinə tarixi bağlantısına hörmətlə yanaşaraq problemin konkret həlli yönümündə müsbət addımlat atılacaq.

"Sözləri dinləyib ən yaxşısına tabe onan bəndələrimə müjdə ver" (Zumər 17-18)

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır