21 yanvar 2011 - 20:30

Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov barəsində çıxarılan həbs qərarından apellyasiya şikayəti verilib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov barəsində çıxarılan həbs qərarından apellyasiya şikayəti verilib. Bu barədə M. Səmədovun vəkili Anar Qasımov məlumat verib. Onun sözlərinə görə, müdafiə etdiyi şəxs apellyasiya şikayətində Nəsimi Rayonu Məhkəməsinin barəsində çıxardığı həbs-qətimkan tədbirinin ləğv olunmasını və məhkəmənin hökmünə qədər sərbəst buraxılmasını istəyib.

“Düşünürəm ki, məhkəmənin Mövsüm bəy barədə çıxardığı qərar ləğv olunmalı və o, tez bir zamanda azadlığa çıxmalıdır. Biz bu məsələnin bütün hüquqi vastilərindən istifadə edəcəyik. Əgər ölkədəki məkkəmələr bizim müraciətimizə müsbət cavab verməslər, onda Avropa Məhkəməsinə üz tutacağıq”-deyə AİP sədrinin vəkili Anar Qasımov bildirib.

Məlumat üçün bildirək ki, Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı isə hələlik müəyyənləşməyib. Qeyd edək ki, Nəsimi Rayonu Məhkəməsinin qərarı ilə M. Səmədov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. M. Səmədov Azərbaycan Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələr üzrə ittiham olunub.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır