Əhl Beyt-ABNA-xəbər agentliyinə verilən xəbərə əsasən piratlar İranın yük gəmisinə basqın edib; hücumu dəf etmək üçün hərbi vertolyotlar havaya qaldırılıb

Xəzər dənizində bir gün əvvəl misli görünməmiş hadisə baş verib. Rusiya mətbuatının yaydığı xəbərlərə görə, dəniz quldurları İrana aid yük gəmisinə basqın ediblər. Rusiya hərbi bazasının müdaxiləsindən sonra hücumu dəf etmək mümkün olub. Bildirilir ki, insident İranın Ənzəli limanından yola çıxan və Qazaxıstanın Aktau limanına doğru üzən “Samana” adlı quru yük gəmisində baş verib.

Gəmiyə qəfildən dörd motorlu qayıqda silahlı şəxslər yaxınlaşıblar və tələb olunub ki, göyərtəyə qalxmaq üçün yük gəmisi dreyf həyata keçirsin. “Samana” gəmisinin kapitanı bu tələbi yerinə yetirməyib və radiostansiya ilə Həştərxanda yerləşən xilasetmə-koordinasiya mərkəzinə məlumat verib. Həmçinin sahilboyu ölkələrin güc strukturları, yaxınlıqda üzən gəminin kapitanları və ən yaxın limanların rəhbərliyi də hücum barədə məlumatlandırılıb.

Məsələyə Rusiyanın Dağıstanda yerləşən sərhəd bazası müdaxilə edib və insident zonasına hərbi vertolyotlar göndərilib. Vertolyotlar piratları aşkar edərək onlara havadan atəş açıblar. Hücum dəf olunub, dəniz quldurları arasında ölən və yaralananların olduğu barədə məlumat yoxdur. Gəmi heyəti isə xəsarət almayıb. Hücum dəf edildikdən sonra gəmi Rusiya hərbi gəmisinin müşayiəti ilə Aktauya doğru yoluna davam edib.

Rusiya mətbuatı qeyd edir ki, dəniz quldurluğu Xəzər dənizində müşahidə edilməmiş haldır. Dəniz quldurları adətən Cənub-Şərqi Asiya sahillərində və Afrikanın şimal-şərq sahillərində fəaliyyət göstərirlər. Afrika sahillərində dəniz quldurluğu son illər beynəlxalq miqyasda ciddi problemə çevrilib. Somali dəniz quldurları Ədən körfəzində tez-tez iri ticarət gəmilərinə basqın edir və onları heyət üzvləri ilə birlikdə girov götürürlər. Gəminin və heyət üzvlərinin azad edilməsi üçün bir qayda olaraq milyonlarla dollar pul alınır. Dünyanın bir çox ölkələri, o cümlədən Rusiya, ABŞ, Türkiyə dəniz quldurlarından yük gəmilərini mühafizə etmək üçün Ədən körfəzinə hərbi gəmilər göndəriblər. Buna baxmayaraq piratlar at oynatmaqda davam edir. Hazırda onların əlində onlarla gəmi və müxtəlif ölkələrdən olan heyət üzvləri var.

F.MƏMMƏDOV