Əhl Beyt-ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə əməliyyat olunub. Bu məlumatı Şeyxin qardaşı, Milli Məclisin deputatı Cavanşir Paşazadədən almışıq. C.Paşazadənin qəzetimizə bildirdiyinə görə, A.Paşazadə Almaniyadakı klinikaların birində fəqərə sütunundan əməliyyat olunub.
C.Paşazadə onu da dedi ki, ondan 4 yaş böyük olan qardaşının fəqərə sütununda son illərdə ağrılar olurmuş. Ancaq xüsusilə sonuncu bir il ərzində gərgin iş qrafiki Şeyxin durumunu bir az da çətinləşdirib. Sonrakı müddətdə daha kritik vəziyyətin yarana biləcəyini güman edən həkimlər əməliyyatı zəruri sayıblar. Qeyd edək ki, hörmətli şeyx həzrətləri cərrahi əməliyyatın elə məzuniyyətə çıxdığı bu dövrdə həyata keçirilməsinə özü qərar verib. Artıq əməliyyatın uğurla başa çatdığını deyən C.Paşazadə bildirdi ki, hazırda şeyxülislam reabilitasiya dövrü keçir və bir müddətdən sonra vətənə dönəcək. Allah şəfa versin.