Əhl Beyt-ABNA-xəbər agentliyi əcnəbi press agentliylərinin verdikləri xəbərə əsasən ABŞ prezidenti Barak Obama Əfqanıstan məsələsində verdiyi dəstəyə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib. Obama yazıb: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu münaqişənin həllinə dəstək ABŞ-ın prioriteti olaraq qalacaq”.ABŞ prezidenti İlham Əliyevə göndərdiyi məktubda Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə səylərini alqışlayıb və güc tətbiqindən çəkinməyə çağırıb.

Bu təşəkkür B. Obamanın müdafiə naziri Robert Qeyts vasitəsilə Azərbaycan dövlət başçısına göndərdiyi məktubda ifadə olunub.

ABŞ prezidenti Azərbaycanın regional və beynəlxalq təhlükəsizliyə önəmli töhfə verdiyini söyləyib: “Ümid edirəm ki, biz yaxın aylar və illərdə münasibətlərimizi genişləndirə və dərinləşdirə biləcəyik”.

Məktubda Azərbaycanın enerji ehtiyatlarının hasilatı və nəqlində mühüm rolu da vurğulanıb: “Cənub dəhlizinin inkişafında Azərbaycanın liderliyi bölgənin inkişafını gücləndirəcək və qlobal enerji təhlükəsizliyini möhkəmləndirəcək”.