Sərhədi qanunsuz keçərək İran ərazisinə daxil olduqlarına görə ötən yaydan Tehranın "Evin" zindanında saxlanan üç amerikalı alpinistin anaları Nora Şord, Laura Fattal və Sindi Hikki mayın 20-də Tehrana səfər ediblər. “Media forum” saytının məlumatına görə, bir həftəlik viza ilə İrana gələn alpinist analarını Tehranın beynəlxalq “İmam Xomeyni” aeroportunda ABŞ-ın İrandakı mənafeyini təmsil edən İsveçrə səfirliyinin rəsmiləri qarşılayıb. Tehrana çadraya bürünüb gələn analar jurnalistlərə İranın dini rəhbəri ayətullah Əli Xamneyi, prezident Mahmud Əhmədinejad və digər rəsmilərlə görüşə biləcəklərinə, məhbus övladlarını özləri ilə Amerikaya aparmağa ümidvar olduqlarını deyiblər.