Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: Azadlıq qazetinin feysbuk səhifəsində gedən köşə yazısı:
ƏLİYEV İLHAM HANSI SEÇİMDƏN ÇƏKİNİR?
Bütün diktatorların qarşısında duran əsas dilemma müharibə ilə sülh arasında deyil, dövlətin gələcəyi ilə hakimiyyətin gələcəyi arasında seçimdə gizlənir.
Bu gün Azərbaycan ətrafında baş verən proseslərə məhz bu prizmadan baxmaq lazımdır.
Türkiyə regional təsirini genişləndirir, Ermənistan Avropa ilə yaxınlaşmağa və Türkiyə ilə sərhədlərin açılmasına çalışır, Qərb isə Cənubi Qafqazda mövqelərini gücləndirir.
Bəs İlham Əliyev niyə bu imkanlardan ehtiyatla istifadə edir?
Məhv edilmiş Azərbaycan dövlətinin strateji maraqları ilə mövcud təkadam hakimiyyətinin siyasi maraqları üst-üstə düşürmü?
SÜLH NƏYİ DƏYİŞƏ BİLƏR?
Azərbaycanla Ermənistan arasında sülhün rəsmiləşməsi, Türkiyə ilə sərhədlərin açılması və Avropa ilə əlaqələrin genişlənməsi yalnız iqtisadi deyil, siyasi nəticələr də doğura bilər. Daha açıq cəmiyyət, güclü ictimai əlaqələr və beynəlxalq əməkdaşlıq şəffaflıq, hesabatlılıq və siyasi rəqabət tələblərini gücləndirə bilər.
Bəs 24 illik despot İlham Əliyev buna hazırdırmı?!
TÜRKİYƏ, RUSİYA, İSRAİL VƏ BAKININ SEÇİMİ
Türkiyənin regional təhlükəsizlik təşəbbüsləri, Rusiyanın təsir dairəsini qorumaq marağı və İsrailin regional təhlükəsizlik hesablamaları İlham Əliyevin qərarlarına birbaşa təsir göstərir. Lakin Əliyev Türkiyənin yeni təşəbbüslərindən məhz Qərbə inteqrasiyadan qorxduğu üçün kənarda qalmaq istədiyi getdikcə təstiqlənməkdədir.
ERMƏNİSTAN NİYƏ İRƏLİ GEDİR, AZƏRBAYCAN (İlham Əliyev) NİYƏ EHTİYATLANIR?
Ermənistan, təhlükəsizlik risklərinə baxmayaraq, demokratik yolla seçilən hökumət Avropa ilə yaxınlaşmağa çalışır. Azərbaycan isə bir əldə cəmlənmiş daha geniş iqtisadi və geosiyasi imkanlara malik olduğu halda, regional inteqrasiyanın siyasi nəticələrinə Ailə hakimiyyətinin itirilməsi prizmasından ehtiyatla yanaşılır.
Burada fərq yalnız dövlətlərin gücündə deyil, hakimiyyətlərin gələcək haqqında hesablamalarındadır.
Bir hakimiyyət inteqrasiyanı dövlətin təhlükəsizliyi üçün fürsət, digəri isə daxili siyasi rəqabəti gücləndirə biləcək risk kimi görə bilir.
DÖVLƏTİN MARAĞI, YOXSA HAKİMİYYƏTİN DAVAMI?
Siyasi məhbuslar, müxalifətə təzyiqlər, müstəqil jurnalistlərin fəaliyyəti və sərbəst toplaşmaq hüququ ilə bağlı problemlər Azərbaycanla bağlı mövzunun əsas hissəsidir.
Azərbaycanın əsas problemi onun təkadam hakimiyyətinin Qərbi, Rusiyanı və ya Türkiyəni seçməkdən daha dərindir. Bu seçimdə ölkənin uzunmüddətli maraqları yox, mövcud hakimiyyətin siyasi təhlükəsizliyini üstün tutulur.
Türkiyə ilə münasibətlərdəki gərginliyin və sülh prosesinin uzanmasının məhz bu səbəblərlə bağlı olduğu getdikcə aşkar görünməkdədir.
Bu səhv siyasətin davamı isə İlham Əliyevi uçuruma aparan qırılma nöqtəsidir artıq.
Qulu Məmmədli.
Sizin rəyiniz