16 oktyabr 2026 - 22:18
Hüquqşunas Əhməd Şahidovun Hicab Qadağası və məktəblərdə baş verənlərlə bağlı mövqeyi

Bir vətəndaş və uzun illərdir milli maraqlarımızı beynəlxalq platformalarda – ATƏT-də, Avropa Şurasında və digər kürsülərdə müdafiə etmiş bir hüquq müdafiəçisi kimi bu məsələyə sivil, təmkinli və hüquqi müstəvidə münasibətimi bildirməyi borc bilirəm.

Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: Azərbaycanlı Hüquqşunas Əhməd Şahidov Hicab Qadağası və məktəblərdə baş verənlərlə bağlı mövqeyini sərgiləyib. O, sosial şəbəkələrdəki şəxsi səhifəsində belə yazıb:

" Hörmətli izləyicilər və dəyərli dostlar,

Son günlər orta məktəblərdə vahid məktəbli forması ilə bağlı qərardan sonra məktəblərə baş örtüyü və hicabla daxil olmağın qadağan olunması cəmiyyətimizdə haqlı olaraq ciddi narahatlıq və müzakirələrə səbəb olub.

Bir vətəndaş və uzun illərdir milli maraqlarımızı beynəlxalq platformalarda – ATƏT-də, Avropa Şurasında və digər kürsülərdə müdafiə etmiş bir hüquq müdafiəçisi kimi bu məsələyə sivil, təmkinli və hüquqi müstəvidə münasibətimi bildirməyi borc bilirəm.

Azərbaycan dünyəvi dövlətdir, din dövlətdən ayrıdır və dövlətin idarə olunmasında şəriət qanunlarından istifadə olunmur — bu, ölkəmizin sekulyar dövlət modelinin göstəricisidir.

Amma Vətənimiz həm də multikultural dəyərlərini qoruyub saxlayan gözəl ölkədir və biz hər zaman bunu bütün dünyaya fəxrlə təqdim edirik.

Eyni zamanda, Konstitusiyamız hər bir vətəndaşın dini inanc azadlığını qoruyur. Gəlin Konstitusiyamıza və qoşulduğumuz beynəlxalq konvensiyalara nəzər salaq:

 Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsi (Vicdan azadlığı):

— Hər kəsin vicdan azadlığı vardır. Hər bir insanın dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dini əqidəsini ifadə etmək və yaymaq hüququ var. Dini ayə və etiqadların yerinə yetirilməsi ictimai qaydanı pozmursa, sərbəstdir.

  Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi (Bərabərlik):

— Dövlət dinindən və etiqadından asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə zəmanət verir.

  İnsan Hüquqları üzrə Avropa Konvensiyası (Maddə 9) və BMT-nin İnsan Hüquqları Ümumi Bəyannaməsi (Maddə 18):

— Hər kəsin fikir, vicdan və din azadlığı, həmçinin təkbaşına və ya başqaları ilə birlikdə ibadət etmək və dini ayətləri yerinə yetirmək hüququ qorunur.

Qurani-Kərimdə də bu məsələ açıq şəkildə buyurulub. Nur surəsinin 31-ci ayəsində Allah mömin qadınlara baş örtüklərini yaxalarının üzərinə çəkməyi, Əhzab surəsinin 59-cu ayəsində isə örtüklərini örtünməyi əmr edir. Hicab taxmaq qadının təməl dini inanc azadlığıdır.

Kimsə başqa cür düşünə bilər, Allaha inanmaya və ya İslama etiqad etməyə bilər – bu hər kəsin öz şəxsi seçimidir.

Lakin heç bir insanın hüququ yoxdur ki, başqasının azadlığına və seçiminə müdaxilə etsin.

Unutmayaq ki, Azərbaycan Respublikasında hakimiyyətin mənbəyi xalqdır.

Hökumətin və ya Nazirlər Kabinetinin istənilən qərarını qeyd-şərtsiz, heç bir müzakirə aparmadan qəbul etmək deyə bir qayda yoxdur. Bu, köləlik təfəkkürüdür.

Vətəndaş öz hökumətinin qərarlarından razı da ola bilər, narazı da. Narazı olduqda bunu sosial şəbəkələrdə, səsi eşidilmədikdə isə Konstitusiyada təsbit olunmuş sərbəst toplaşmaq azadlığından istifadə edərək sivil şəkildə bildirmək hər bir vətəndaşın təbii haqqıdır.

Öz haqqını sivil şəkildə tələb edən insanları dərhal "vətən xaini", "dövlətin düşməni" və ya "xarici agent" kimi qələmə vermək qətiyyən yolverilməzdir. Bu cür yanaşmalar cəmiyyətdə süni gərginlik yaradır və dövlətçiliyimizə ən böyük zərbəni vurur.

Təəssüf ki, bəzi özünü jurnalist, blogger, QHT nümayəndəsi adlandıran şəxslərin məsələyə cahilcəsinə yanaşaraq dini dəyərləri təhrif etdiyini və bununla "dövlətə xidmət etdiklərini" sandıqlarını görürük.

Öz ölkəsinin maraqlarını beynəlxalq müstəvidə həmişə qorumuş biri olaraq əminliklə deyə bilərəm ki, hicaba qarşı çıxanların bu xalq və dövlət üçün xidmətləri mənimkindən çox ola bilməz. Amma həqiqəti təhrif edib yalan danışanları görəndə şəxsən utanıram.

Mən inanıram ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu məsələyə adekvat və ədalətli müdaxiləsi ilə yaranmış bu gərginlik tezliklə səngiyəcək, qızlarımızın təhsil hüququ ilə dini etiqad azadlığı qarşılıqlı hörmət çərçivəsində təmin olunacaqdır.

Allahın əmr elədiyi hicaba dil uzadanlar, Quranı təhrif etməyə çalışanlar isə heç vaxt unudulmayacaq.

İnsanın dini inancı fərqli ola bilər, lakin insan öz ləyaqətini mütləq qorumalıdır.

Gəlin təmkinli olaq, bir-birimizin hüquqlarına hörmət edək və haqqımızı hər zaman sivil yollarla müdafiə edək."

Sizin rəyiniz

You are replying to: .
captcha