Bu gün Rusiya prezidenti Dmitri Medvedyevin Türkiyəyə səfəri başlayır. Ankara və Moskvadakı qaynaqların xəbərlərinə görə, səfər zamanı iki ölkə arasındakı danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair prosesin indiki vəziyyəti də əsas müzakirə mövzularından olacaq. Bildirilir ki, Medvedyev Türkiyə rəhbərliyi ilə ikitərəfli enerji əməkdaşlığını, o cümlədən “Cənub axını” qaz kəməri layihəsini və iqtisadi əməkdaşlıq məsələlərini, habelə Ermənistan-Türkiyə normallaşma prosesini və Qarabağ münaqişəsini müzakirə edəcək. Xəbər verildiyi kimi, Rusiya prezidentinin may ayında Ermənistana da səfər edəcəyi haqda məlumatlar var. Mayın 17-də isə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri gözlənilir. Bu səfərlər zamanı da Qarabağ məsələsi əsas müzakirə mövzularından olacaq.
Hazırda Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlar getmir. Rəsmi Bakı bəyan edib ki, erməni tərəfi yenilənmiş Madrid prinsiplərinə konkret cavab verənədək danışıqlar masası arxasına keçməyəcək. Ermənistan tərəfi bu təkliflərə cavab vermədiyi üçün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov sabah Brüsseldə Minsk Qrupu həmsədrləri ilə görüşməyə ehtiyac duymayıb. Eyni zamanda prezidentlərin görüşünü də təşkil etmək mümkün olmayıb. Gözlənilir ki, sabah həmsədrlər Brüsseldə Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanla görüşərək İrəvanın yenilənmiş Madrid prinsiplərinə yanaşmasını növbəti dəfə müzakirə ediblər. Ermənistan tərəfi Azərbaycanın rəsmən qəbul etdiyi bu təkliflərdən imtina etmir, ancaq məlumatlara görə, ora danışıqları yenidən 6 il əvvəlki nöqtəyə qaytaran şərtlər irəli sürür. Brüssel müzakirələrindən əvvəl Ermənistan xarici işlər naziri rusiyalı həmkarı ilə görüşüb və münaqişənin nizamlanması ətrafında yaranmış durumu müzakirə edib. Rusiya XİN-dən həmin görüş barədə yayılan qısa rəsmi açıqlamada əlavə təfərrüatlara yer verilmir.