Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən gün Nəsimi rayon məhkəməsinin hakimi Şəlalə Həsənovanın sədrliyi ilə, Tale Bağırovun barəsindəki həbsin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb.
Vəkil Elçin Sadıqovun verdiyi məlumata görə, Taleh Bağırov məhkəmədə bildirib: "Mən özümü həbsdə də çox azad hiss edirəm. Bizim mübarizəmizin əsas məqsədi ölkədə demokratiyanın, insan hüquq və azadlıqlarının bərqərar olması, insanların azad firəvan yaşamasını təmin etməkdir. İstəyirik ki, heç kəs düşüncəsinə, sərbəst, dinc toplaşmaq azadlığından istifadəyə və ifadə etdiyi fikirlərə görə təqib olunmasın.”
Daha sonra Taleh Bağırov hakimə müraciət edərək bildirib: "Biz həmçinin sizin azadlığınız üçün çalışırıq. İstəyirik ki, qərar qəbul edərkən məruzəyə yox, öz daxili inamınıza əsaslanaraq qərar qəbul edəsiniz."
Elçin Sadıqov daha sonra deyib: “Nəsimi rayon məhkəməsi vəsatətimizi təmin etmədi. Nəsimi rayon məhkəməsinin qərarını qanunsuz və əsassız hesab edirik, həmin qərardan apellyasiya şikayəti verəcəyik. Apellyasiya şikayətimiz təmin olunmadığı təqdirdə Avropa Məhkəməsinə şikayət edəcəyik".
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır