Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Tacikistan Prezidenti İmam Əli Rəhman Qırğızıstanla həmsərhəd İsfara şəhərinin rəhbərliyi və fəalları ilə görüşündə vurğulayıb: "Tacikistan və Qırğızıstan sərhəd məsələlərini ancaq danışıqlar yolu ilə həll edə bilər".
Prezident qeyd edib ki, hökumət Qırğızıstanla dövlət sərhədinin demarkasiyası ilə bağlı danışıqların tezliklə aparılmasında maraqlıdır.
"Sərhəd-ərazi məsələlərinin həlli, dövlət sərhədinin koordinasiyası və demarkasiyası çox mürəkkəb prosesdir. Bu, mütəxəssislərdən çoxlu vaxt və səy tələb edir. Tacikistan qarşılıqlı razılıq əldə etmək üçün danışıqların tərəfdarıdır”, - Rəhman bildirib.
Dövlət başçısı xatırladıb ki, Tacikistan tərəfi 2002-ci ildən iki ölkə arasında sərhədin delimitasiyası və demarkasiyası üzrə hökumətlərarası komissiya çərçivəsində Qırğızıstanla danışıqlar aparır.
Bundan əvvəl aprelin 5-dən 10-dək Düşənbədə ümumi dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Tacikistan və Qırğızıstan hökumət nümayəndə heyətlərinin topoqrafik işçi qruplarının növbəti görüşü keçirilib.
Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu 980 km-dir, Sovet İttifaqının dağılmasından sonra orada mübahisəli hissələr qalıb. Hazırda sərhədin delimitasiyası və demarkasiyası prosesində artıq 580 km-ə yaxın yol təsvir edilib. Bəzi ərazilərdə vaxtaşırı yerli sakinlər arasında mübahisələr yaranır.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!