Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə

31 may 2023

20:32:31
1370194

“O, açıq şəkildə erməniləri etnik təmizləmə ilə hədələyir”

Ermənistanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq İlham Əliyevin 28 may tarixində verdiyi açıqlamaya etiraz edib.

Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “BMT Nizamnaməsinə zidd olaraq və oktyabrın 31-də Soçidə qəbul edilmiş güc tətbiq etmək hədəsindən çəkinməyə dair yazılı öhdəlik götürməsinə baxmayaraq, Azərbaycan prezidenti yenidən Ermənistan Respublikasını güc tətbiq etməklə, Dağlıq Qarabağ əhalisini isə etnik təmizləmə ilə hədələyir. Görünür, Azərbaycan rəhbərliyi əvvəllər əldə edilmiş razılaşmaları, o cümlədən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyannamənin müddəalarını, habelə beynəlxalq hüququn fundamental prinsiplərini pozmaqda və məhəl qoymamaqda israrlıdır. Prezident Əliyevin Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni kəsməsi buna sübutdur. Hazırda isə açıq şəkildə eyham vurur ki, Qarabağ erməniləri Laçın dəhlizinin bağlanmasından dərs almasalar, cəzalandırılacaqlar”.

Bəyanatda sonra qeyd olunur ki, öhdəliklərin pozulması bununla məhdudlaşmır. Azərbaycan prezidenti Dağlıq Qarabağın nümayəndələri ilə dialoqa başlamaq əvəzinə onları repressiya və cinayət təqibi ilə hədələyir. Eyni zamanda iddia edir ki, Dağlıq Qarabağ problemi yoxdur. Və bu davranış hazırkı danışıqların məntiqinə ziddir.

Ermənistan XİN təkid edib ki, Azərbaycanın ərazi bütövlüyünün tanınması ona Dağlıq Qarabağ əhalisinə qarşı etnik təmizləmə aparmaq səlahiyyətini vermir. “Azərbaycan prezidenti öz bəyanatı ilə Dağlıq Qarabağ əhalisinə qarşı növbəti aksiyaya zəmin hazırlayır və onları öz vətənlərində azad, təhlükəsiz və ləyaqətlə yaşamaq hüququndan məhrum etmək istəyir. Əliyev eyni zamanda Ermənistanın müstəqilliyini və ərazi bütövlüyünü şübhə altına alaraq bütün sivil cəmiyyətə meydan oxuyur. Bu istiqamətdə Azərbaycan rəhbərliyinin aqressiv ritorikasından və hərəkətlərindən göründüyü kimi, həmin dövlət problemlərin həllini Ermənistan Respublikasının Alma-Ata Bəyannaməsi ilə müəyyən edilmiş sərhədlərlə ərazi bütövlüyünü tanımaqda görmür”, - Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.

342/