Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Axar
çərşənbə axşamı

13 iyul 2021

19:12:06
1160315

Araşdırma

Çin Əfqanıstana “Şərqi Türküstan” tələbi ilə girir

Əfqanıstanda yaşayan özbəklər, taciklər və digər xalqların nümayəndələri Talibanla savaşmağa davam edə, hətta yaxın keçmişdə olduğu kimi, hərəkata qarşı müxalifətin silahlı Şimal Koalisiyasını formalaşdıra bilərlər.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Taliban hərəkatının Əfqanıstanda hakimiyyəti ələ alacağına və paytaxt Kabili ələ keçirəcəyinə inananların sayı getdikcə artır. Bunun sadə səbəbi var. ABŞ və NATO qüvvələri Əfqanıstanda 20 il varlıqlarını sürdürdülər və Taliban nəinki onlara məğlub oldu, əksinə, bu illərdə gücləndi. Demək, ABŞ və NATO qoşunları Əfqanıstanı tərk etdikdən sonra Taliban hərəkatı daha da güclənəcək.

Axar.az xəbər verir ki, bu sözləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

O deyib ki, Əfqanıstandakı xalqlar Talibana asanlıqla təslim olmayacaqlar:

“Əfqanıstanda yaşayan özbəklər, taciklər və digər xalqların nümayəndələri Talibanla savaşmağa davam edə, hətta yaxın keçmişdə olduğu kimi, hərəkata qarşı müxalifətin silahlı Şimal Koalisiyasını formalaşdıra bilərlər.

Hələliksə Taliban savaşla yanaşı, diplomatiyaya da üstünlük verir. Taliban Hərəkatının nümayəndələri qısa zaman ərzində həm Tehranda, həm də Moskvada oldular. Talibanın Qətər dövlətindəki nümayənlərindən 4 nəfərlik heyət Moskvada danışıqlar apardı və mətbuat konfransı keçirdi.

ABŞ son illər Qətərdə Taliban nümayəndərləri ilə dialoqa başlamaq məcburiyyətində qalmışdı. Bundan sonra Vaşinqtondan geri qalmaq istəməyən Moskva hərəkətə keçdi. Taliban müxtəlif dəvətlərdən boyun qaçırmadığını və dialoqa hazır olduğunu nümayiş etdirdi və bu siyasətə bu gün də sadiqdir. Halbuki Taliban Əfqanıstanın tamamına nəzarət etdiyi illərdə nadir hallarda müxtəlif güc mərkəzləri ilə dialoq içində idi. Dünya dəyişdiyi kimi, Talibanın da siyasəti dəyişir”.

Elxan Şahinoğlunun sözlərinə görə, Rusiyanın hakimiyyət dairələrində Talibanla bağlı iki yanaşma var:

“Birinci yanaşma budur ki, Taliban verdiyi vədləri yerinə yetirəcək, misal üçün, qonşu dövlətlərə təhlükə yaratmayacaq, “İslam Dövləti” terrorçu qruplaşmasının Əfqanıstanda möhkəmlənməsinə imkan verməyəcək və narkotik maddələrin yetişdirilməsi və daşınması ilə mübarizə aparacaq. Taliban nümayəndələri Moskvadakı mətbuat konfransında bu vədləri veriblər.

İkinci yanaşma isə bundan ibarətdir ki, Talibanın verdiyi vədlərə inanmaq doğru deyil.

Birincisi, Talibanın içərisində ən azı 4-5 qruplaşma var və hərəkatın Qətər dövlətindəki təmsilçiləri qruplardan yalnız birini – mötədilləri təmsil edirlər, o birilər isə hakimiyyətə yiyələnən kimi istədiklərini edəcəklər.

İkincisi, Taliban keçmişdə müxtəlif terrorçu təşkilatlara Əfqanıstanda şərait yaradan hərəkatdır, kim zəmanət verər ki, bu siyasətindən vaz keçib?

Üçüncüsü, müxtəlif hesablamalara görə, Taliban narkotik satışından ildə ən azı 1 milyard dollar əldə edir, hərəkat bu gəlirindən imtina edərmi?

Buna baxmayaraq, başda ABŞ və Rusiya olmaqla, bölgə dövlətlərinin əksəriyyəti, o cümlədən İran, Pakistan, Türkiyə, Çin və Mərkəzi Asiya ölkələri bu və ya digər şəkildə Talibanla təmasdadır. Taliban qonşu ölkələrlə sərhəd məntəqələrini ələ keçirir, ABŞ və NATO-nun vaxtilə təlim keçdiyi hökumət qüvvələrinin hərbçilərinin bir hissəsi isə ya qonşu ölkələrə qaçır, ya da Talibanın tərəfinə keçir”.

Politoloq onu da qeyd edib ki, Çin də uzun müddətdir Talibanla dialoq aparır:

“Taliban təmsilçiləri bunu gizlətmir, onlar dəfələrlə Çində olduqlarını etiraf ediblər. Çinin Talibana təklifi bəlli olub: Əfqanıstanda möhkəmlənən uyğurlardan ibarət “Şərqi Türküstan İslam Hərəkatı” ilə mübarizə aparın, onların yerini dar edin, əvəzində biz sizin ölkənizə investisiyalar qoyaq, müxtəlif layihələr həyata keçirək.

Müxtəlif mənbələrə görə, “Şərqi Türküstan İslam Hərəkatı”nın Əfqanıstan ərazisində 3 minə yaxın üzvü var və bu, Çin üçün ciddi təhlükədir. Taliban Pekinə vəd edib ki, bu hərəkata qarşı mübarizə aparacaq, radikal uyğurların Əfqanıstanda fəaliyyətinə imkan verməyəcək. Görünür, hətta Taliban kimi radikal təşkilatın da Çin investisiyalarına ehtiyacı var. Taliban Əfqanıstanda çalışacaq çinli işçilərin təhlükəsizliyinə təminat verib.

Taliban vədlərini yerinə yetirərsə, Çin də öz vədinə sadiq qalacaq, Əfqanıstanın dağılan infrastrukturunu bərpa edəcək. Çin Xarici İşlər Nazirliyinin rəsmisi Van Venbin Talibanın Əfqanıstanda hakimiyyətə qayıdışını belə şərh edib: “Əfqanıstanın ciddi problemləri var. Bu ölkənin əsas problemləri ABŞ-ın siyasəti ilə əlaqəlidir. Çin Əfqanıstanın yenidən qurulması və inkişafında iştirak etməyə hazırdır”.

Çinin Əfqanıstanla əməkdaşlıqda bir məqsədi radikal uyğurları bu ölkədə neytrallaşdırmaqdırsa, ikinci məqsədi Əfqanıstanın dəyəri yüz milyard dollarla ölçülən zəngin yeraltı sərvətlərinə sahib olmaqdır. Əslində Əfqanıstan yeraltı resurslarına görə dünyanın ən zəngin ölkələrindən sayılır. Sadəcə, bu ölkədə yüzillər boyu davam edən müharibələr, hakimiyyət uğrunda mübarizələr, qeyri-sabitlik həmin zənginliklərin istismarına və işlədilməsinə əngəl olub. Sabitlik olarsa və investisiyalar cəlb olunarsa, həmin yataqların istismarından və satışından böyük qazanclar əldə etmək olar. Talibanla Çin arasında artıq “Aynak” adlı mis mədəninin işlənməsi ilə bağlı razılaşma var, gələcəkdə bu kimi sövdələşmələrin sayı artacaq. Bundan başqa, Çinin Əfqanıstanın istismar edilməyən neft yataqlarında da gözü var”.





Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!