1 yanvar 2019 - 15:18
Bəşşar Əsəd İraqa İŞİD-i Suriyada vurmaq icazəsini verdi

“Əgər Suriyada istənilən bir neqativ vəziyyət olarsa, bu bizə də təsir edəcək. Suriya ilə 600 kilometrlik sərhədə malikik və İŞİD oradadır”, - deyə Əbdülmehdi bildirib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraqdan yüksək səviyyəli bir heyətin Dəməşqdə görüşlər keçirməsindən sonra, Suriya prezidenti Bəşər Əsədin İraqa İŞİD hədəflərini vurmaq icazəsini verib.

İraqın baş naziri Adil Əbdülmehdi dekabrın 30-u verdiyi açıqlamasında, yüksək vəzifəli rəsmilərdən ibarət bir heyətin Suriyanın prezidenti Bəşər Əsədlə görüşdüyünü bildirərək, ABŞ-ın regiondan çıxmasından sonra İraqın İŞİD-ə qarşı müharibədə daha çox rol ala biləcəyi mesajını verib.

Jurnalistlərin suallarını cavablandıran Əbdülmehdi, ABŞ-ın Suriyadan çıxmasının qarışıq bir məsələ olduğunu bildirib.

“Əgər Suriyada istənilən bir neqativ vəziyyət olarsa, bu bizə də təsir edəcək. Suriya ilə 600 kilometrlik sərhədə malikik və İŞİD oradadır”, - deyə Əbdülmehdi bildirib.

İraq heyətinin Dəməşqə səfərinin təkcə ABŞ-ın geri çəkilməsinin nəticələri ilə bağlı olmadığını deyən baş nazir, bu səfərin Suriyadakı İŞİD-ə qarşı daha çox təşəbbüs göstərməyi hədəflədiyini söyləyib. O, səfərin məqsədinin Suriya ilə mövcud əməkdaşlığı inkişaf etdirməkdən ibarət olduğunu qeyd edib.

Xatırladaq ki, İraqın milli təhlükəsizlik müşaviri Falih Əl-Fəyyaz dekabrın 29-u Suriyanın prezidenti Bəşər Əsədlə görüşmüş və İraqın baş naziri Adil Əbdülmehdinin mesajını ona çatdırmışdı.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır