Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Şura Məclisinin (parlament) Milli təhlükəsizlik komissiyası ABŞ-ın İİR-a qarşı yeni sanksiyaları ilə mübarizəyə dair qanun layihəsini qəbul edib.
“Fars’ agentliyinin verdiyi məlumata görə, komissiyanın sözçüsü Hüseyin Nəqəvi xarici işlər nazirinin müavinləri Abbas Əraqçı və Həsən Kaşkavi ilə fövqəladə toplantı keçirdiklərini bildirib.
Toplantıda ABŞ Konqresinin iyulun 27-də qəbul etdiyi sanksiya qərarı və İran İslam Respublikasının atacağı cavab addımları barədə müzakirə aparılıb. Müzakirələrdən sonra Milli təhlükəsizlik komissiyası ABŞ-ın sanksiyaları ilə mübarizəni nəzərdə tutan qanun layihəsini qəbul edib.
Xarici işlər nazirinin müavini Abbas Əraqçı “Fars” agentliyinə açıqlamasında bildirib ki, ABŞ İİR-a qarşı yeni sanksiya qərarı ilə Tehranla “Altılığ”-ın arasında əldə edilən nüvə razılaşmasının 26, 28 və 29-cu maddələrini pozub.
A. Əraqçı İran İslam Respublikasının ABŞ-a mütləq cavab verəcəyini bəyan edib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır