15 aprel 2017 - 19:51
Nardaran məhbusunun qardaşı həbs olundu

Nardaranın daha bir sakini Əliəsgər Cabbarov aprelin 13-də həbsdə olan qardaşına sovqat aparıb geri qayıdarkən həbs olunub.

Əhlibeyt (ə) Xəbər Agentliyi-Onun qardaşı 2015-ci il noyabrın 26-da Nardaran əməliyyatı zamanı Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə və digərləri ilə birlikdə həbs olunan Cabbar Cabbarovdur.

Nardaran işi üzrə məhkəmədə hökumətin, o cümlədən Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin (bandotdel) əməkdaşlarının ünvanına sərt tənqidləri ilə yadda qalan Cabbar Cabbarov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 19 il həbs cəzası alıb.

Cabbar Cabbarov “bandotdel”də onlara verilən işgəncələrdən, hətta onlar birinci xanım Mehriban Əliyevaya şikayət edəcəklərini deyəndə onun da ünvanına nalayiq ifadələr işlədilməsindən danışmışdı.

Daxili İşlər Nazirliyinin saytında yayılan məlumatda iddia olunur ki, Əliəsgər Cabbarov əməliyyat məlumatı əsasında saxlanılıb. İddiaya görə, Əliəsgər Cabbarovgilin həyətindən lüləsi və qundağı kəsilmiş, nömrəsi silinmiş “Karabin” markalı tüfəng, 1 ədəd “RQD-5” qumbarası və 1 süngü-bıçaq götürülüb.

Əliəsgər Cabbarova  qarşı CM-nin 228-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham irəli sürülüb və Sabunçu Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Əliəsgər Cabbarovun yaxınları onun günahsız olduğunu deyir, silahların həyətə elə polislərin özləri tərəfindən qoyulduğunu bildirirlər. Söyləyirlər ki, Əliəsgəri hələ qardaşının məhkəməsi gedən vaxtdan izləyirdilər. İstisna etmirlər ki, bütün bunlar Cabbarın məhkəməsindəki  tənqidi çıxışlarına görədir: “Əliəsgər fəhləlik edib evə çörəkpulu gətirirdi. Evin yeganə çörəkgətirəni idi. Evdə bir başıpapaqlı qoymadılar”.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!

Tags