Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycanın Talış bölgəsinin tanınmış Ruhani simalarından biri olan Hacı Mirəziz Ağa Talıblı vəfat edib.
Bir çox gənc ruhanilər üçün dayaq nöqtəsi olan Hacı Mirəziz Ağa bütün əxlaqi və mənəvi dəyərlərə malik bir şəxsiyyət olması ilə yanaşı həm də, keçmiş alimlərlə indiki alimlərimiz arasında bir körpü rolunu oynamışdır.
Mərhum bu gün mart ayının 16-da saat 11:00-da Cəlilabad rayon Səttarxan kuçəsinin qəbiristanlığında torpağa tapşırılacaq.
Dəfn mərasimində ölkənin müxtəlif yerlərindən din xadimləri, ruhanilər, o mərhumun şagirdləri və rayon sakinləri iştirak edəcək.
Qeyd edək ki, Hacı Mirəziz Ağa Seyid Qüdrət oğlu Talıblı 1942-ci ildə Yardımlı rayonunun Böyük Şıxlar kəndində anadan olmuşdur. 1960-cı ildə həmin kəndin məktəbində yeddi illik təhsilini başa vurduqdan sonra, Cəlilabad rayonunun Həziabad kəndinə yollanmış, Hacı Mirəyyub Ağadan Quran qiraətini öyrənmişdir. 1961-ci ildən 1964-cü ilədək Biləsuvar rayonunda yaşamış, Molla Hüseyndən ərəb dili sintaksisi və morfologiyasını (sərf və nəhv elmlərini) öyrəndikdən sonra, 1964-cü ildə Lerik rayonunun Zenoni kəndinə getmiş və üç il də Nəcəf alimi Molla Qələmdən təhsil almışdır.
1967-ci ildə Masallı rayonunun Çaxırlı kəndinə üz tutmuş Hacı Mirəziz Ağa 1971-ci ilədək “orada Şəraye” və “Şərhi-lümə” kitablarını Şeyx Rəhmətdən dərs almışdır. 1998-ci ildə dünyaya göz açdığı Şıxlar kəndindən Cəlilabad rayonuna köçmüş və oarada məskunlaşmışdır.
Hacı Mirəziz Ağa 1971-ci ildən İslamın təbliği ilə məşğul olmuşdur. Onunla birlikdə onlarla ruhani yetişdirmiş Talış bölgəsinin tanınmış ruhanisi rəhmətlik Molla Bəylər əmi, Biləsuvar rayonunun tanınmış ruhanisi rəhmətlik Molla Əhməd və bir neçə digər ruhanilər Biləsuvarda rəhmətlik Molla Hüseynin hüzurundan bəhrələnmişlər. Həqiqətən də, Molla Hüseynin yetişdirdiyi tələbələr Sovet dövründə dini qoruyub-saxlaya bilmişlər. Sovet hakimiyyəti dövründə Mirəziz Ağa kimi şəxsiyyətlər sinələrini irəli verib insanlara Allahı tanıtdırmışlar.
Allah Hacı Mirəziz Ağaya və onun pak və zəhmətkeş müəllimlərinə rəhmət eləsin!
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır