Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan İslam Partiyası (AİP) Milli Şuranın növbəti mitinqində iştirak etməyi planlaşdırmır
“Biz təcrübələr əsasında danışırıq. Bir dəfə mitinqlərin birində iştirak etməyimiz üçün Milli Şura bizi də dəvət etmişdi. Biz də bir gün sonra olacaq mitinqə hazırlaşırdıq, hazırlıq işləri görürdük. Amma elə həmin gün bizə xəbər göndərib mitinqdə iştirak etməməyimizi xahiş etdilər.
Dedilər ki, sizin bizim mitinqdə iştirak etməyiniz bizim zərərimizə işləyəcək”. Bunu Milli Şuranın 5 aprel mitinqində iştirak edib-etməyəcəklərilə bağlı islamazeri.az-a açıqlamasında Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Elçin Manafov deyib. O bildirib ki, Milli Şuranın mitinqinə rəsmi dəvət gəlməyib. Dəvət kimi gəlməyibsə, mitinqdə iştirak etmək artıq hər bir kəsin öz istəyindən asılıdır. Hər bir vətəndaş mitinqdə iştirak edə də bilər, etməyə də bilər: “Bizə Milli Şuradan dəvət gəlməyib. Milli Şuradan heç bir dəvət təklifi almamışıq. Biz ümumiyyətlə, heç vaxt Milli Şuranın mitinqlərinə müxalif olmamışıq. Üzvlərimizidən xəbər alıb mövqeyimizi öyrəniblər.
Vətəndaş kimi iştirak etməyimizi məsləhət görüblər. Amma bizim partiya kimi mitinqdə çıxışımız üçün mütləq gərək bizi rəsmi şəkildə dəvət etsinlər ki, biz də idarə heyyəti ilə məsləhət-məşvərət edək. Amma hələ ki, elə bir şey olmayıb”. Sədr əvəzi qeyd edib ki, onlar partiya olaraq özləri də dəfələrlə mitinq keçirmək istəsələr də, hakimimiyyət buna icazə verməyib: “Bizim liderimiz də, dostlarımız da hazırda zindan həyatı yaşayır. Biz özümüz də mitinq keçirmək üçün dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişik.
Amma bizim müraciətimizə heç vaxt müsbət cavab verilməyib. Bizə mitinq keçirmək qadağan edilib. Buna baxmayaraq, bizim etirazlarımız həmişə qüvvədə olacaq. Amma biz istəmirik ki, razılaşdırılmamış mitinq keçirək. Ona görə istəmirik ki, fəsadlar olacaq. Biz üzvlərimizin və tərəfdaşlarımızın təhlükəsizliyini təmin etməyə çalışırıq. Hər halda bizim də dindarlar kimi arxamızca gələn izdihamlı bir toplum var”. Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 5-nə təyin etdiyi mitinqinə razılıq verib. Mitinq Bakının Yasamal rayonunda yerləşən "Məhsul" stadionunda keçirəcək. Bu dəfə aksiyada qiymət artımına etiraz şüarları səslənəcək. Xatırladaq ki, Milli Şuranın sonuncu mitinqi bu il martın 15-də keçirilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır