Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- Cavan və sağlam olmaq hər bir insanın arzusudur. Düzdür, cavan qalmaq zamanın ixtiyarındadır, amma özünü həmişə cavanlıqda olduğu kimi sağlam hiss etmək insanın öz əlindədir. Bunun üçün heç də bütün var-dövlətini sərf etməyə ehtiyac yoxdur. Sadəcə illərin sınağından çıxmış cavanlıq cövhəri olan yulaf həlimindən istifadə etmək lazımdır.
Hələ Hippokrat öz dövründə bu həlimin qeyri-adi gücünə inanaraq insanlara onu heç bir həkim göstərişi olmadan istifadə etməyi məsləhət bilib. Hippokratdan çox-çox sonralar fransız Jan de Katerin yulaf həlimindən müntəzəm istifadə edərək 120 il ömür sürüb və bununla da bu cavanlıq cövhərinin möcüzəsini nümayiş etdirib. Həmçinin qədim Tibet təbabətində də bu həlimdən uzunömürlülük üçün geniş istifadə olunub.
Yulaf bitkisi haqqda qısa məlumat
Tarixi
Bu bitki buğda və arpa ilə müqayisədə daha gəncdir. Onu bizim eramızdan əvvəl 2-ci minillikdə becərməyə başlamışlar. Uzun illər ərzində yulaf alaq otu sayılırdı, yalnız şimal bölgələrdə daha davamlı olaraq həmin əkin sahələrində becərilməyə başlamışdır.

Xarakteristikası
Yulaf dəyərli ərzaq və yem bitkisidir. Onun qida və yem keyfiyyəti dənin yüksək biolojidəyərilə müəyyənləşdirilir. Yulafın zülalında buğdanın zülalından 10 faiz artıq əvəzedilməz amin turşusu olan lizin (384 mq/100 q) mövcuddur. Yulafın dənində yağın miqdarı 6,2 faizə bərabərdir, bu da digər dənli bitkilərdəki yağın miqdarından artıqdır (çovdar – 2,2 faiz, buğda – 2,5 faiz). İstifadə istiqamətlərinə uyğun olaraq yulafın dəninə spesifik texnoloji tələblər irəli sürülür. Belə ki, uşaq qida məhsullarının istehsalına yönəldilmiş dənin turşuluğu 5 qraddan artıq olmamalıdır. Yarmaya emal zamanı əhəmiyyətli tələblər irəli sürülür: özəyin çəki payı (63 faizdən az), digər mədəni bitkilərin dənlərinin tərkibi və xırda dənlərin payı (5 faizdən artıq) olmamalıdır. Spirt istehsalında yulafın mayaya emal zamanı əsas göstəricilər kimi dənin naturası və onun 5-ci günündə cücərmə qabiliyyəti (90 faizdən az olmayaraq) nəzərə alınır. Yemlik taxıla natura üzrə yüksək tələblər irəli sürülür.
Yulaf həlimi necə hazırlanır?
3 stəkan yulafın üzərinə 3 litr su əlavə edilib qaynadılır. Qaynadıqdan sonra 20 dəqiqə zəif odun üzərində saxlanılır. Bundan sonra onu yaxşıca bükmək lazımdır. Bir sutka bu vəziyyətdə saxladıqdan sonra tənzifdən keçirərək süzülür, üzərinə 100 qram bal əlavə edilir və yenidən qaynadılır. Ancaq bu dəfə odun üstündə çox saxlanılmamalıdır. Qaynara düşən kimi götürülməlidir. Götürdükdən sonra soyudub, şüşə qaba boşaldıb soyuducunun alt gözündə və ya sərin yerdə saxlanılmalıdır. Alınmış həlimi hər yeməkdən 30 dəqiqə əvvəl 100 qram kiçik qurtumlarla içmək lazımdır. İstifadədən qabaq həlimin üzərinə bir neçə damcı limon şirəsi də əlavə etmək olar. Bir kurs qəbul üçün yulaf həlimini yuxarıda göstərildiyi kimi üç dəfə hazırlamaq lazımdır. Yaz və payız aylarında yulaf həliminin təsiri daha güclü olur.
Orqanizminizi cavanlaşdırmaq və sağlam olmaq istəyirsinizsə, tənbəllik etməyin. Siz də illərin sınağından keçmiş cavanlıq cövhərindən bəhrələnin.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır