Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ali Məhkəmə “Fatimeyi-Zəhra” (səlamullahi əleyha) adına Məscidin dindarlarının dini icmasının qeydiyyatının ləğv edilməsinə dair qərarı qüvvədə saxlayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş müddətdə lazım olan sənədlərini Dövlət Komitəsinə təqdim etməməsini, eləcə də mövcud vəziyyətini və fəaliyyət imkanlarını əsas tutaraq, Suraxanı “Fatimeyi-Zəhra” (səlamullahi əleyha) adına Məscidin dindarlarının Dini İcmasının ləğv edilməsinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddia ərizəsi təmin edərək dini icmanın ləğv edilməsinə dair qətnamə qəbul edib.
Sonradan Dini İcma apelyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası qərarı qüvvədə saxlayıb. Lakin dini icma bu dəfə Ali Məhkəməyə kassasiya şikayəti verib.
Kassasiya şikayətinə baxan Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası icmanın ləğvi ilə bağlı qətnaməni qüvvədə saxlayıb. Nəticədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində fəaliyyət göstərən “Fatimeyi-Zəhra” (səlamullahi əleyha) adına Məscidin dindarlarının Dini İcmasının 17 oktyabr 1997-ci il tarixli qeydiyyatı ləğv edilib.
Xatırladaq ki, “Fatimeyi-Zəhra” (səlamullahi əleyha) adına Məscid 2009-cu ildə yerli hakimiyyət qrumları tərəfindən sökülmək hədəsi ilə üzbəüz qalsa da, lakin xalq kütləsinin davamlı etirazları nəticəsində Məscidin sökülməsi məsələsi prezident tərəfindən inkar edilərək, məhz İlham Əliyevin göstərişi ilə Məscidin təmir məsələsi Şeyx Allahşükür Paşazadəyə həvalə edilmişdir. Amma təsüflə qeyd etməliyik ki, bu günə kimi rəsmi göstərişin üzərindən 5 il keçməsinə baxmayaraq hələ də “Fatimeyi-Zəhra” (səlamullahi əleyha) adına Məscid bərbad vəziyyətdə qalmaqdadır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır