Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün İstanbulda İslam Əməkdaşlıq Təşkilatına bağlı beynəlxalq qurum olan Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) II Baş Assambleyası öz işinə başlayıb.
Assambleyanın işində İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi İyyaz əl-Mədəni, təşkilata ev sahibliyi edən Türkiyə Respublikasının hökümət rəsmiləri, həmçinin İslam Əməkdaşlıq Təşkilatının 45 üzv-ölkəsini təmsil edən nümayəndə heyətləri ilə bərabər, qeyriMüsəlman ölkələrində yaşayan Müsəlman azlıqlarını təmsil edən aparıcı beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.
Assambleyanin açılış mərasimi öz işinə Qurani Kərimin səsləndirilməsi ilə başlayıb. Daha sonra Forumun yaranmasından keçən müddətdə fəaliyyətini əks etdirən tanıtım filminin nümayişi olub.
Üç gün ərzində davam edəcək Baş Assambleyanın gündəmində yeni üzv təşkilatların qəbulu, İƏT ölkələri Gənclər Nazirləri 3-cü Konfransı, münaqişə zonalarında gənclərin vəziyyəti, təkfirçiliklə mübarizə və məzhəblərarası yaxınlaşma, İslam ölkələri Gənc İş Adamları Şəbəkəsinin inkişaf etdirilməsi, gəcnlərin davamlı inkişafı üzrə layihələr, gender problemləri və s. məsələlərin müzakirəsi; qurumun 2015-2020 illər üçün Strateji Fəaliyyət Planının və İstanbul Gənclik Deklarasiyasının qəbul edilməsi gozlənilir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır