6 sentyabr 2014 - 20:52
ABNA İmam Rzanın (ə) milad bayramı münasibəti ilə təbrik edir

Biz ABNA olaraq bu bərəkətli və sevincdoğurucu günləəlaqədar ilk öncə Zamanın Sahibi, İmam Məhdi (Allah onun zühurunu tezləşdirsin) həzrətlərinə, o həzrətin haqq naibi İmam Xamenei cənablarına, Ali təqlid Mərcələrinə və ümümbəşəriyyətə səmimi qəlbdən təbrik ərz edirik.

Əhli Beyt (əleyhim səlam) ABNA – Xəbər Agentliyi- Zilqədə ayının 11-i İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) pak ailəsinə sevinc və xoşbəxtçilikin yenidən üz gətirdiyi gündür. Bu gün, yer və göy əhli fərəhlə dolu anlar yaşayıb. Məhz bu gün Allahın Dininin düşmənləri bir daha dinin məhv olma arzusunu ürəklərində qalacağının və İslama hakim kəsiləcəklərindən məyus olduqları gündür. Bu gün Bəşər və Cin tayfalarının səkkizinci İmamı, İmam Əli ibn Musa, əl-Rzanın (əleyhis səlam) təvəllüdünün ildönümüdür.

Biz ABNA olaraq bu bərəkətli və sevincdoğurucu günlə əlaqədar ilk öncə Zamanın Sahibi, İmam Məhdi (Allah onun zühurunu tezləşdirsin) həzrətlərinə, o həzrətin haqq naibi İmam Xamenei cənablarına, Ali təqlid Mərcələrinə və ümümbəşəriyyətə səmimi qəlbdən təbrik ərz edirik.

İmam Rzanın (əleyhi səlam) Həyatına Qısa Baxış

Adı: Әli Ləqəbi: Rza

Künyəsi: Әbülhəsən
Atası: Həzrət imam Museyi Kazim (ə)

İmamlıq müddəti: 21 il

Ömrü: 55 il


Vəfatı: 203-cü Hicri-qəməri ilində Abbasai xəlifəsi Məmun tərəfindən zəhərlənib şəhid oldu.


Məzarı: İran İslam Respublikası Məşhəd şəhəri.

Təvəllüdü

148-ci Hicri-qəməri ilinin Zilqə᾽də ayının 11-də Mədinə şəhərində Musəbni Cə᾽fər əleyhissalamın evində bir uşaq dünyaya gəldi ki, atasından sonra müsəlmanların imamlığını öz öhdəsinə aldı. Bu körpənin adını Әli, ləqəbini isə Rza qoydular. İmamın əziz anası Nəcmiyyə iman və üstün ağıl baxımından zəmanəsinin ən görkəmli qadınlarından biri sayılırdı. Uşaqlıq çağından e᾽tibarən atası imam Kazim (ə) ilə birlikdə idi. İmam Museyi Kazim (ə) həmişə öz əshabına belə buyurardı: «Məndən sonrakı imam, budur». Bu barədə Məxzumi belə demişdir: Günlərin bir günündə Musəbni Cə᾽fər (ə) bizi çağırıb «sizi də᾽vət etdim ki, bu oğlanın məndən sonra mənim varisim və canişinim olacağına şahid durasınız» - deyə buyurdu. İmamın zamanında boğucu şərait və şiddətli təzyiq həmin mühitə hakim olduğuna görə sözlərinin axırına belə əlavə etdi: «Sizə dediyim yanınızda qalsın və kimsəyə söyləməyin, bizim dostumuz və əshabımız olanlardan başqa.»

İmamın Nişabur Şəhərinə Gəlişi

O dövrdə Nişabur şəhəri İranın iri, cəmiyyətli və abad şəhərlərindən biri sayılırdı. Şəhər əhalisinin imam Rza əleyhissalama təşkil etdikləri qarşılama mərasimi tarixdə misilsiz idi. Sonralar bu şəhər monqollar tərəfindən işğal olundu. İmam gələndə isə Nişaburun alimləri, əllərində kağız-qələm, şəhərin darvazasında yığışmışdılar ki, imamın sözlərini yazsınlar. O zamanlar Nişaburda yüzlərlə alim, hədisçi və fəqih yaşayırdı. Böyük rəvayətçi və hədisçilərdən sayılan Məhəmməd ibni Әsləm Tusi qabağa gəlib imamdan camaat üçün bir hədis söyləməsini xahiş etdi. İmam (ə) kəcavənin pərdəsini qaldırıb başını kəcavədən çıxartdı. Xalqın gözü imama sataşan kimi salavat və təkbir səsləri göyə ucaldı. İmam (ə) sakit olmalarını işarə etdikdə hamı susdu. Sonra bir hədis oxudu: «Allah-taala buyurmuşdur: «La ilahə illəllah» mənim qala və hasarımdır. Hər kəs bu kəlməni dilə gətirsə, mənim qalama daxil olub əzabımdan qurtulacaqdır». Bu hədisin ardıcıl sənədi Peyğəmbər, Cəbrail və Allaha yetişdiyinə görə «Silsilətüz-zəhəb, hədisi adlandırılmışdır.
 
İmamın Sənabada Gəlişi
Әbasəlt belə nəql edir: Həzrət (ə) Sənabad kəndinə çatdıqda günorta idi; həzrət namaz qılmaq istəyirdi. Su istədi, dedilər suyumuz yoxdur. İmam Rza əleyhis salam bir yeri qazdı və həmin yerdən su qaynayıb çıxdı. İmam (ə) ilə yoldaşları dəstəmaz alıb namaz qıldılar. Sonra bu gün daş qablama qayırmaq üçün xammal olan dağa dayanıb belə buyurdu: «Pərvərdigara! Bu dağa xeyir və bərəkət əta et». Sonra əmr etdi ki, evinin bütün qablamalarını bu dağın daşından düzəltsinlər. Həzrət (ə) daha sonra Həmid ibni Qəhtəbənin evində yerləşən məqbərəyə daxil olub Harunun qəbrinin yanında əli ilə bir xətt çəkərək buyurdu: «Bura mənim qəbrimdir, məni burada dəfn edəcəklər. Allaha and olsun ki, hər kəs mənim ziyarətimə gəlsə, Allahın rəhməti və bizim şəfaətimiz ona nəsib olacaq». Daha sonra qibləyə tərəf dayanıb bir neçə rəkət namaz qılıb, dua etdikdən sonra uzun səcdəyə getdi.
 
İmamın MƏrv Şəhərinə Gəlişi

Həzrət (ə) Mərv şəhərinə gələndə Məmun onu ehtiramla qarşılayıb, bütün böyükləri bir məclisdə toplayaraq həzrətə belə dedi: Xəlifəliyi buraxıb hakimiyyəti sizə tapşırmaq istəyirəm. İmam (ə) onun cavabında buyurdu: «Әgər xəlifəlik paltarını Allah sənə geydiribsə, xəlifəliyi buraxıb başqa bir nəfərə tapşırmağın yersizdir; əgər xəlifəlik sənin deyilsə, onda nə üçün onu öz öhdənə almısan?» Mə᾽mun dedi: Artıq bu, qərara alınıbdır və xəlifəliyi qəbul etməlisən. İmam (ə) Mə᾽munun gizli planını bildiyinə görə, onun israrına baxmayaraq qəbul etmədi. Daha sonra Mə᾽mun belə dedi: Mənim vəliəhdliyimi qəbul etməlisən. İmam (ə) isə buyurdu: «Bu qədər israr etmə. Ata-babalarımdan eşitmişəm ki, səndən qabaq dünyadan gedəcəyəm. Məni zəhərləyib atan Harunun yanında dəfn edəcəklər. Mə᾽mun «səni kim zəhərləyəcək?» - deyə soruşduqda imam buyurdu: «Sən özün onun kim olduğunu yaxşı bilirsən, məndən soruşma». Mə᾽mun narahat olub ağladı. Sonra belə dedi: Mənim vəliəhdliyimi gərək qəbul edəsən. Bu bir əmrdir ki, əgər onu rədd etsən səni öldürtdürərəm. Həzrət (ə) çarəsiz qalıb Mə᾽munun vəliəhdliyini qəbul etdi, lakin bu müddət əzrində hökumət işlərinə qarışmayacağını bildirdi. Mə᾽mun bu şərti də qəbul edib təntənəli bir yığıncaq quraraq həzrəti ora gətirdi və camaata dedi: Hamınız imamla bey᾽ət etməlisiniz. Məndən sonra xəlifə odur. Onun sözünü qəbul edib əmrlərinə tabe olun. Mə᾽mun əmr etdi ki, xalq Abbasilərin qara rəngli paltarını çıxardıb Bəni Haşimin yaşıl rəngli paltarlarını geyinsinlər. Həmçinin qızı Ümmü Həbibi həzrətə verib, o biri qızı Ümmü Fəzli isə həzrətin oğlu imam Məhəmməd Təqiyə adaxladı və elə bu siyasətlə onların ikisini də nəzarət altında saxlamaq istəyirdi.

Bayram Namazı

Bayram günü Mə᾽mun bayram namazını imamın (ə) qılacağını bildirib əmr etdi ki, böyüklərin də hamısı onun dalında namaz qılsınlar. İmam bunu qəbul etmədi. Lakin Mə᾽munun israr etməsi ilə qəbul etmək məcburiyyətində qaldı, bu şərtlə ki, namazı babası Peyğəmbərin qıldığı kimi qılsın. Mə᾽mun qəbul etdi və imam (ə) bayram günü sübh təmiz paltar geyib, özünə ətir vurub, başına ağ əmmamə qoyaraq və ayaqyalın təkbir deyərək şəhərin çölünə tərəf hərəkət etdi. Camaat da imamla birlikdə yola düşdülər. Onlar sevindiklərindən uca səslə ağlayıb Peyğəmbər və xanədanına salam göndərirdilər. Elə bir vəziyyət yaranmışdır ki, sanki göy, yer və bütün məxluqlar imamın səsinə səs verərək təkbir deyirdilər. Mə᾽munun vəziri Fəzl ibni Səhl vəziyyəti belə təhlükəli gördükdə Mə᾽muna xəbər verdi ki, əgər imam bu şəkildə namaz qılsa, üsyan və hərcmərclik törənəcək. Hamımızın həyatı təhlükə altındadır. Tezliklə imamın yanına bir nəfər göndər ki, mərasimi yarımçıq qoyub qayıtsın. İmam (ə) Mə᾽munun göndərdiyi adamın sözünü eşidən kimi ayaqqabısını geyib ata mindi və şəhərə qayıtdı. Beləliklə də o həzrət xalqa göstərdi ki, bunların hamısı Mə᾽munun oyunlarıdır. Xalqın Mə᾽muna qarşı olan qəzəb və nifrəti, imama qarşı isə sevgi və məhəbbəti daha da çoxaldı. Hamı Mə᾽munun ikiüzlü və hiyləgər olduğunu və imam haqqında gördüyü işlərin siyasi bir məqsəd güddüyünü başa düşdülər.

Məmun Nə Üçün İmamı Xorasana Dəvət Etmişdir?

Bunu nəzərə almaq lazımdır ki, Mə᾽mun zirəng və hiyləgər bir adam idi. Onun imamı Mərvə də᾽vət edərək onu vəliəhd tə᾽yin etməsi müvəffəqiyyətsiz qalan siyasi bir plan əsasında qurulmuşdu. Mə᾽munu maraqlandıran məsələlər bunlardan ibarət idi:
 
1. Әləvilər məmləkətin hər tərəfindən hökumətə qarşı qiyam etmişdilər. Bundan əlavə İslam ərazisi genişlənib nəzarət altından çıxmışdı. Buna görə də zahirdə xəlifəliyi ələvilərdən birinə verib onların qiyamının qarşısına almaq qərarına gəlmişdi ki, bununla da onların hamısı geri çəkilib üsyandan vaz keçəcəkdilər. Abbasilərin siyasəti hiyləgər bir siyasət idi. Onlar Peyğəmbərin aiələsinin qanına susamışdılar, lakin ələvilərin üsyanından qurtulmaq, şiələri razı salmaq üçün xalqa Әli (ə) ailəsinin səmimi dostu olduqlarını göstərmək məcburiyyətində idilər.

2. Mə᾽mun istəyirdi ki, Bəni Haşim xanədanı da hökumətin qərarlarını həyata keçirməkdə iştirak etsinlər və həzrət Rza əleyhissalamın Mə᾽muna dediyi kimi, xalqa belə göstərsin ki, Bəni Haşim xanədanı dünyanı sevirlər və özlərini dünyaya e᾽tinasız göstərmələri yalandır. Guya onlar da qüdrətə çatsalar başqa adamlardan heç də fərqlənməyəcəklər. Lakin, qüdrətləri olmadığı üçün kənara çəkiliblər və əgər bir gün qüdrətə çatsalar, camaatın heç ağlına gələ bilməyəcəyi işləri görəcəklər. Mə᾽mun bu fikri aşılamaqla xalqı onlardan uzaqlaşdırıb onların xalq arasında olan mə᾽nəvi dəyərlərini məhv etmək istəyirdi. Mə᾽mun dəfələrlə üsyan edən şəhərlərə vali tə᾽yin etmək üçün imam Rza əleyhissalama öz adamlarından bə᾽zilərini namizəd göstərməsini təklif etmişdi, amma o həzrət (ə) ona belə cavab vermişdi: «Mən vəliəhdliyi qəbul edəndə hökumətin heç bir işinə qarışmayacağımı şərt etdikdə siz də onu qəbul etdiniz. Әgər müqaviləmizə bağlı qalmağımı istəyirsənsə, siz də müqaviləmizə bağlı qalın. Mə᾽mun susub heç bir söz demədi İmam Rza əleyhissalam anlamışdı ki, Mə᾽mun gördüyü işləri ona nisbət verib xalqı ondan uzaqlaşdırmaq istəyir. Buna görə də Mə᾽munun heç bir təklifini qəbul etmədi və elə bunun nəticəsində də Mə᾽munun bütün planları puça çıxdı.
 
3. Mə᾽munun güddüyü başqa bir hədəf isə bundan ibarət idi ki, imamı Xorasana gətirməklə ələviləri paytaxtda toplayıb nəzarət altında saxlasın və maneçilik yaradan ələviləri öldürtsün. Necə ki, imamı zəhərləyib, ələviləri öldürdü və qabaqcadan bağladığı bütün əhd-peymanları tapdaladı.
 
İmamdan Qısa Kəlamlar


1. Özünün və arvad-uşağının maaşını tə᾽min etmək üçün zəhmət çəkən kişi, Allah yolunda cihad edən kimidir.
2. Birinin adını çəkəndə bu işi, həmişə hörmətlə görün.
3. Təmiz olun, çünki təmizlik peyğəmbərlərin qaydasıdır.
4. Varlığından kimsənin yararlanmadığı şəxs, ən pis adamdır.
5. Bir müsəlmana xəyanət edən şəxs bizdən deyildir.


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər