22 iyul 2014 - 04:24
ABŞ-ın Azərbaycanı Rusiyadan gizli qorumaq planı

Konqresə təqdim olunan layihənin daha bir hədəfi

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ-ın Azərbaycanı Rusiyadan gizli qorumaq planı var

Konqresə təqdim olunan layihənin daha bir hədəfi

Plan hazırkı mərhələdə Kremlin Qarabağda yeni savaş açmasını əngəlləməyə yönəlib; etibarlı təhlükəsizliyimiz, münaqişənin ədalətli çözümü Moskvaya yox, demokratiya müstəvisinə bağlıdırsa, rəsmi Bakı bu plana ən azından mane olmamalıdır...

Güney Qafqazın yekun taleyini, şübhəsiz, Azərbaycan müəyyən edəcək. Çünki bütün parametrlərə görə bölgənin sanbal etibarilə ən ağır, açar ölkəsi məhz odur. İndilikdə Qərbə, ümumbəşəri dəyərlə münasibətdə bir ölkə lehinə (Gürcüstan), biri əleyhinə (Ermənistan), üçüncüsü isə bitərəf (Azərbaycan) qaldığı üçün region qeyri-müəyyən taleyini yaşamaqda davam edir.

Təbii ki, son söz Azərbaycanla deyiləcək. İki güc mərkəzinin regionda toqquşan maraqları arasında manevr eləməklə balans yaratmağa çalışan rəsmi Bakının strateji seçimi isə hələ ki, ləngiyir. Lakin əksər təhlilçilərə görə, belə “aralıq” durumu uzun sürə bilməz, nədən ki, Qərb postsovet məkanında Rusiyanın zorla öz dominantlığını bərpa etmək səylərinə, Ukraynada, bütövlükdə keçmiş Sovetlər Birliyi coğrafiyasında “qırmızı xətti” keçməsinə daha seyrçi qalmaq fikrində deyil.

ABŞ Konqresinə təqdim edilən və artıq ikinci oxunuşdan keçən, Rusiya təcavüzünün qarşısının alınması barədə qanun layihəsi məhz buna yönəlib. Bəlli olduğu kimi, sənəd Ukrayna, Gürcüstan və Moldovaya NATO üzvü olmadan da ABŞ-ın müttəfiqi statusu verilməsini nəzərdə tutur. Layihəyə əsasən, Azərbaycan, Bosniya, Serbiya, Monteneqro, Makedoniya və Kosovo isə təhlükəsizliyin təmin olunması və ABŞ Silahlı Qüvvələri ilə qarşılıqlı əməkdaşlıq üçün ABŞ-dan kömək ala biləcəklər. Diqqətçəkicidir ki, siyahıda Ermənistanın adı yoxdur.

 

Müşahidəçilərə görə, qanun qəbul edilərsə, Avropa İttifaqı ilə təzəlikcə assosiativ saziş imzalayan üç postsovet respublikası - qonşu Gürcüstan, Moldova və Ukrayna müstəqillikləri dönəmində ilk dəfə olaraq Birləşmiş Ştatların hərbi müttəfiqi statusunu alacaq və bununla da özlərinin təhlükəsizliyinə təminat əldə etmiş olacaqlar. Həmçinin ABŞ-ın bu ölkələrdə, deməli, həm də regionda hərbi iştirakı güclənəcək; Amerika təkbaşına bu ölkələrə hərbi yardım, eyni zamanda hərbi kontingent göndərmə fürsəti bulmuş olacaq.

 

Layihə eyni zamanda Azərbaycan kimi tərəddüd edən postsovet ölkəsini böyük ehtimalla, daha qorxusuz seçim etməyə hazırlamaq, onu ürəkləndirmək məqsədi güdür. Həmçinin, dünyada sürətlə terrorçu dövlət imici qazanan Rusiyaya ciddi xəbərdarlıq mesajıdır. Artıq əminliklə söyləmək olar ki, Ukrayna böhranı yoluna qoyulandan sonra Amerika və Avropa əsas diqqəti Cənubi Qafqaza yönəldəcək.

Bu, orta perspektiv üçün bir strateji plan kimi ortaya çıxmaqdadır. Konturları özünü getdikcə daha qabarıq büruzə verən bu plan mütləq işə salınacaq. Hələliksə Qərb belə görünür, Ukraynadan sonra bölgənin ən mühüm ölkəsi kimi Azərbaycanı öz strateji seçimini edənədək Kremldən maksimum qorumağa səy edir. Bu da ilk növbədə Rusiyanın Qarabağda yeni savaşı qızışdırmaq planlarını pozmağı ehtiva edir.

ABŞ Konqresinə təqdim edilən və bölgə ölkələrinə Amerika ilə hərbi əməkdaşlıq imkanı yaradan layihə bu xüsusda həm də Rusiyanın yeni müharibə həvəsini öldürməyə hesablanıb. Demək, Qərbin belə bir preventiv planına Bakının müqaviməti milli maraqlarımıza uyğun olmazdı. Daha bir mühüm səbəbdən: zaman-zaman sübut olunub ki, Azərbaycanın təhlükəsizliyinə etibarlı qarant qardaş Türkiyənin də təmsil olunduğu Qərb (NATO) təhlükəsizlik sistemidir. Rusiya isə iki on illikdə heç olmasa, Dağlıq Qarabağ məsələsinin ədalətli həllinə töhfə vermək istəmədi - buna əlində bənzərsiz imkanları və rıçaqları ola-ola...  

***

Region ətrafında, dünyada gedən proseslər belə bir qənaət formalaşdırır ki, artıq Azərbaycan üçün böyük bir dönəm yekunlaşmaqdadır. Bu dönəmdə o, istiqlaliyyətini qoruya bilsə də, əfsuslar olsun ki, Qarabağ münaqişəsinin həllinə nail ola bilmədi. Ona görə ki, daha çox Rusiya amilini nəzərə aldı, Qərbin təhlükəsizlik sisteminə qoşulmağa ürək eləmədi.

Belə bir ənənəvi “neytrallıq” müstəvisi Azərbaycana bundan artıq divident gətirə bilməz. Zaman onu da göstərdi ki, heç gətirməyəcək. Elə isə qiymətli vaxtı itirməkdənsə, bəlkə doğrudan da müstəvini dəyişmək vaxtıdır? Üstəlik, bunu dünyadakı proseslərin imperativi, o sırada Rusiyanın yanında olmağın vəd etdiyi qorxulu perspektiv diktə edirsə.

Musavat.com

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags