Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan Respublikasının prezident İlham Əliyev NATO baş katibinin yeni təyin olunmuş müavini Sorin Dukarunu qəbul edib.
NATO baş katibinin yeni təyin olunmuş müavini Sorin Dukaru NATO-nun baş katibi Anders Foq Rasmussenin salamlarını ölkə başçısına çatdırıb.
Görüş zamanı NATO ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinin artıq 20 illik tarixə malik olduğunu vurğulayan qonaq bu əlaqələrin inkişafının önəmini qeyd edib.
Sorin Dukaru bildirdi ki, ölkəmizə səfərinin əsas məqsədi NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramının 20 illik yubileyində və eləcə də “Sülh və Təhlükəsizlik naminə elm” proqramı üzrə keçiriləcək informasiya günlərində iştirak etməkdir.
İlham Əliyev NATO-nun Brüsseldəki mənzil- qərargahında keçirdiyi uğurlu görüşləri, aparılan müzakirələri məmnunluqla xatırladıb. Azərbaycanın NATO ilə əməkdaşlığının böyük tarixə malik olduğunu vurğulayan İlham Əliyev tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə, xüsusi ilə enerji və Əfqanıstan ilə bağlı əməkdaşlıq sahəsində bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Anders Foq Rasmussenin salamlarına görə minnətdarlığını bildirən İlham Əliyev, onun da salamlarını NATO-nun baş katibinə çatdırmağı xahiş edib.
ABNA- Xəbər Agentliyi president.az-a istinadla
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır