Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İslamçıların Hüquqlarını Müdafiə Komitəsi Sabunçu Rayon Məhkəməsində ilahiyyatçı Tale Bağırovun məhkəməsi zamanı baş verən insidentlə bağlı mətbuat konfransı keçirib.
İlahiyyatçı Emil Rahiloğlu bildirib ki, həmin gün - oktyabrın 28-də müdafiə komitəsinin üzvü kimi məhkəmə prosesini izləməyə gedib. Orada baş verənləri təxribat adlandıran Emil Rahiloğlu deyib ki, məhkəmə binasının yaxınlığında prosesdən əvvəl avtobuslarda polisləri görüblər. Onun sözlərinə görə, əvvəlcə Penitensiar Xidmətin əməkdaşları dindarları məhkəmə zalından həyətə çıxarıblar. Sonra isə polislər dindarları məhkəmə binasının həyətindən də çıxarıb və bu zaman qarşıdurma yaranıb: “Məhkəmə binasının həyət qapısı dar olduğundan çıxışda tıxac, lənglik yarandı və bu zaman polislər dindarları vurmağa, təhqir etməyə, itələməyə başladılar. Dindarlar narahat oldular və “Allahu-Əkbər” deməyə başladılar. Qəflətən Post-Patrul Xidmətinin maşınları peyda oldu və polis dindarlardan yaxaladıqlarını həbs edərək maşınlara doldurdular”.
İnsan Hüquqları Klubunun əməkdaşı, həmin hadisələr zamanı saxlanılmış hüquq müdafiəçisi Nicat İmranlı polis bölməsində onunla birlikdə olan dindarların döyüldüyünü, ağır işgəncəyə məruz qaldıqlarını bildirib: “Bölmədən narkotik ekspertizasına aparılarkən Abbas Hüseynovu o qədər döymüşdülər ki, nəfəs almağa çətinlik çəkirdi. Mən bölmədə izahat yazanda döyənlərin və döyülənlərin səsindən qarşımda əyləşən polis zabitinin nə dediyini eşidə bilmirdim. Saxlanılarkən bizim elementar hüquqlarımıza belə hörmət qoyulmadı, hətta evə xəbər verməyə və vəkil dəvət etməyimizə icazə vermədilər”.
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının əməkdaşı Elşən Həsənov məhkəmə qarşısında baş verənlərlə bağlı materiallar toplandığını deyib. O bildirib ki, bununla bağlı Baş Prokurorluğa müraciət göndərəcəklər.
Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin sədri İlqar İbrahimoğlu isə ictimaiyyəti, qeyri-hökumət təşkilatlarını, siyasi partiyaları baş verən hadisəyə biganə qalmaqda ittiham edib.
Sonda tədbir iştirakçıları adından etiraz bəyanatı qəbul olunub.
Qeyd edək ki, oktyabrın 28-də Sabunçu rayon Məhkəməsində ilahiyyatçı Tale Bağırovun işi üzrə keçirilən məhkəmə prosesində insident yaşanıb. İslamçıların Hüquqlarının Müdafiə Komitəsinin bu barədə yaydığı bəyanatda qeyd olunub ki, məhkəmə prosesinin açıq keçirilməsinə baxmayaraq, məhkəmə zalının və həyətinin tərk edilməsini tələb edən dövlət məmurları ilə məhkəməyə gəlmiş vətəndaşlar arasında problem yaranıb. Hadisə ilə əlaqədar bir neçə şəxs saxlanılıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır