Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Oktyabr ayının 11-i Səbail Rayon Məhkəməsində Bəxtiyar Qurbanov və Röyal Əsgərovun vəkili Yavər Hüseyn intihar edən inanclı Kamran Seyidovun son məktubunun bir nüsxəsini müxbirimizə təqdim etdiyini bildirmişdik. Vəkilin təqdim etdiyi məktub mətbuatda yayımlandıqdan bir gün sonra Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Media forum” saytının dindar Kamran Seyidovun son məktubunda yazılanlarla bağlı sorğusunu cavablandırıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Media forum” saytına verdiyi açıqlamadan sonra Kamran Seyidovun qardaşı Yalçın Seyidov Azadxeber.net saytının redaksiyasına gələrək hadisə ilə bağlı açıqlama verib:
“Aprelin 5-i iki nəfər şəxs yaşadığımız ünvana gələrək qardaşım Kamranı soruşdu. Anam tək olduğundan qapını açmayıb və soruşub ki, "kimdir?", deyiblər dostudur. Ancaq bu iki nəfəri anam tanımayıb. Qardaşımdan soruşanda da tanımadığını bildirib. Səhəri gün, yəni aprelin 6-sı saat 5 radələrində sahə müvəkkili evə zəng edərək, qardaşımdan şəxsiyyət vəsiqəsi ilə birgə polis bölməsinə yaxınlaşmağını tələb edib. Qardaşım Kamran polis bölməsinə getdib. Bir müddət sonra sahə müvəkkilindən maraqlananda sahə müvəkkili bildirib ki, Nizami rayonu 24-cü polis bölməsinə təhvil verib. 24-cü polis bölməsindən maraqlananda isə məlumat veriblər ki, o Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Gecəyarısı qardaşım xahiş edib ki, anam narahatdır evə zəng edib harda olduğumu bildirəsiz. Bundan sonra evə zəng oldu, özünü müstəntiq kimi təqdim edən şəxs bildirib ki, Seyidov Kamran "bandotdel"dədir. Anam soruşanda ki, “oğlum gecə gələcək”, müstəntiq deyib ki, "inşaallah". Amma nə aprelin 6-sı axşam, nə də 7-si gecə evə gəlməyib. Aprelin 8-i axşam radələrində Kamran halsız, qorxu içində evə daxil oldu. Hətta, bizim evdə bərk danışmağımızdan da ehtiyat edib, qorxurdu. Üstündən bir və ya iki gün sonra yenidən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, telefonunun və şəxsiyyət vəsiqəsinin arxasınca gedib.
Altı ay ərzində Kamran özündə deyildi, yemək yemirdi, demək olar ki,danışmırdı. Yeməməzlikdən tanınmaz vəziyyətə düşmüşdü. Mətbuata çıxan məktub onun məktubudur və vəziyyəti olduğu kimi yazıb. Və mən də onun qardaşı Yalçın Seyidov bu yazını təsdiqləyirəm.”
Qeyd edək ki, Kamran Seyidov sonuncu məhkəmə prosesi günü işlədiyi Neft Şirkətində namaz otağında özünü asıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır