Allahın adı ilə
Bəzən elə olur ki,biz insanlar unutqanlıqdan,yaxud bilərəkdən digər bir insanın çatışmayan cəhətlərindən və ya onun etdiyi əməllərdən şirin-şirin danışırıq. Bu arada fərqinə varmadığımız halda haram işə qol qoymuş oluruq ki, adətən bu söhbətlərimizin qurbanı da din bacı və qardaşlarımız olur. Bununla da Allahın bizə qadağa qoyduğu bır işi etmiş oluruq. Yəni qeybət edirik.
Ərəb terminologiyasından gotürülmüş bu sözün anlamı “qeybdə olan bir insanın haqqında, onun xoşuna gəlməyəcəyi şəkildə cəmiyyət içində danışmaq” deməkdir. Əgər bu deyilənlər düz olsa bu qeybət anlamındadır. Amma yox, əgər deyilənlər yalan olmuş olsa həmin şəxs qarşı tərəfə böhtan atmış olur. Bu yerdə İslam Peyğambərindən(s)bir hədisi qeyd etmək lap yerinə düşərdi:
لمّا عرج بي مررت بقوم لهم أظفار من نحاس يخمشون وجوههم وصدورهم فقلت:من هؤلاء يا جبريل؟قال:
هؤلاء الذين يأكلون لحوم الناس و يقعون في أعراضهم.
O zaman ki, merac etdim, dırnaqları poladdan, üzlərini və sinələrini cıran bir qövmün yanından keçdim. Soruşdum: “Kimdir bunlar ey Cəbrail?" Cavab verdi: "Bunlar o kəslərdilər ki, insan əti yeyərlər və onları böhtanlayarlar".
Bəli, bir insan digər bir insana böhtan atarkən və yaxud onun qeybətini edərkən öz din bacı-qardaşının ölmüş ətini yemiş olur. Bəlkə də çoxlarının” ölü əti yemək” deyərkən üzündə gülüş yaranar və bu sözə əfsanə kimi yanaşarlar. Amma, yox heç də belə fikirləşməyin, bu həqiqətdir. Çünki, Allah- taala bunu bizə dəfələrlə Qurani-Kərimdə, Məsumlar (ə) isə hədislərdə buyurmuşlar. Şübhəsiz ki, onların buyurduqları əfsanə ola bilməz.
Hücurat surəsinin 12-ci ayəsində Allah- taala qeybət edənlərə belə buyurur :
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اجْتَنِبُوا كَثِيرًا مِّنَ الظَّنِّ إِنَّ بَعْضَ الظَّنِّ إِثْمٌ ۖ وَلَا تَجَسَّسُوا وَلَا يَغْتَب بَّعْضُكُم بَعْضًا ۚ أَيُحِبُّ أَحَدُكُمْ أَن يَأْكُلَ لَحْمَ أَخِيهِ مَيْتًا فَكَرِهْتُمُوهُ ۚ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ تَوَّابٌ رَّحِيمٌ
Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir- birinizin qeybətini etməyin! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı? Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən də Allah tövbələri qəbul edəndir,rəhimlidir.
Nə səbəb olur ki, biz qeybət edirik?! Gərçəkdən də bu sual üzərində düşünməyə dəyər. Hansı amillər üzündən insanlar bu cür böyük günahı sevərək edirlər? Bunun bir çox səbəbləri vardır. İstərdim onlardan sadəcə bir neçəsini sadalayam.
1-ci amil: Nəfs və iman zəifliyi. İnsan öz nəfsinə hakim ola bilmədikdə və iman zəifliyi üzündən bu işi görər. Ən başlıca amil də elə budur.
2-ci amil: Özünə inamın zəif olması. Bəzən insanlar öz dostlarından geri qalmamaq, onları əldə saxlamaq üçün qeybət edir və yaxud bu çirkin əmələ şərik olurlar. Hətta qəsdən qeybətini etdiyi şəxsə töhmət belə vururlar.
3-ci amil: Əsəb. Bildiyimiz kimi Adəm övladının ən böyük düşməni şeytandır. O şeytan ki, Allahın bizə qadağa qoyduğu haram əməlləri bizim üçün bəzəməsi üzündən, istər istəməz onun hiyləsi qarşısında aciz qalırıq. Məlun şeytanın ən böyük silahlarından biri də əsəbdir. Bir insan digər bir insana qəzəblənərkən ona əlindən gələn pisliyi etmək istəyir. Əlbəttə, ilkin olaraq qəzəbli olduğu insanın qeybətini qırmaq və onu böhtanlayıb gözdən salmağa çalışır.
4-cü amil: Həsəd. Biz insanlar çox naqis və tələbkarıq. Bu üzdən başqasında olan bir şeyi özümüzdə görmədikdə həsəd hissi bizi boğur və istər-istəməz qarşı tərəfə kin-küdurət hiss edirik. Buna görə də onu həmişə hörməti olan insanlar yanında xar etmək və gözdən salmaq istəyirik. İnsanı da gözdən salmağın ən gözəl yolu qeybət və böhtandır.
Elnarə Kərimli
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır