Əhli Beyt -ABNA- xəbər agentliyi- Bu gecə mübarək Rəcəb ayının on üçüncü gecəsidir. Allahın yer üzündə ki Xəlifəsi, Bəşəriyyətin Xilaskarı birinci İmam, Əli ibni Əbu Talibin (əleyhiməs səlam) anadan olan gecəsidir.
Bu gecə və sabahısı gün, bəşəriyyətin ən sevincli günlərindən biri sayılır. Bu anlar Alah Təalaya edilən duaların qəbul olan anlarıdır. Biz ABNA olaraq dünya xalqlarının bu sevincinə qoşulur və misilsiz bayram münasibəti ilə başda İmam Zaman (Allah Təala onun şərəfli gəlişini tezləşdirsin) Həzrətlərini və onun haqq naibi İmam Xameneyi cənabları olmaqla bütün bəşəriyyəti səmimi qəlbdən təbrik edirik.
İmam Əlinin (əleyhis səlam) Həyatı
Əmirəl Möminin Əli ibni Əbu Talib (Allahın səlamı ona və pak atasına olsun) Fil ilinin 30-cu ilində (Hicri Qəməri 23 il əvvəl) rəcəb ayının 13-ü Məkkə şəhərində, Kəbədədünyaya gəlmişdir. Atası Qüreyş qəbiləsinin Bəni Haşim tayfasından həzrəti Əbu Talib (Allahın salamı ona olsun), anası həzrəti Fatimə bint Əsəd (Allahın salamı ona olsun) olmuşdur. Hicri Qəməri tarixinin 40-cı ili Mübarək Ramazan ayının 21-də Kufə şəhərində şəhadətə qovuşmuşdur. Məzarı Nəcəf şəhərindədir.
Haqqında nəql olunan kəlamlar
"Həzrəti Əmirəlmöminin Əli (ə.s.) Rəcəb ayının on üçündə Ammulfil ilinin otuzunda Məkkə'də Beytullah'ın içində dünyaya gəldi. Nə Əli'dən əvvəl, nə də ondan sonra kimsə o mübarək məkanda dünyaya gəlmə səadətinə nail olmamışdır. Hz. Əli'nin (ə.s.) Kəbə'də dünyaya gəlişi bir fəzilət və şərəfdir ki, uca Allah bunu sadəcə o həzrətə məxsus qılmışdır."
(Şeyx Müfid; Əbu Abdullah Məhəmməd ibn Nöman Əkbəri əl-Bağdadi, "əl-İrşad Fi Marifəti Hucəcillahi Aləl İbad", c. 1, səh. 5, Təhqiq: Müəssəsətu Əhli-beyt (ə.s) Li Təhqiqi’t-Turas, Darul Müfid Lit-tibaəti Vən-Nəşru və Tavzii: Beyrut, İkinci nəşr, HQ 1414, M 1993)
"Fatimə binti Əsəd'in Əmirəlmöminin Əli'ni (Kərəmullahu vəchəh) Kəbə'nin içində dünyaya gətirdiyi mövzusunda təvatür həddində hədislər rəvayət edilmişdir.
(Nişapuri; Məhəmməd ibn Əbu Abdullah əl-Hakim, "əl-Müstədrəku Alə’s-Səhiheyn", c. 3, səh. 550, Təhqiq: Mustafa Abdülqadir Əta, Darul Kutubil Elmiyyə-Beyrut-Birinci nəşr, HQ 1411/M 1990)
"Onun (Radiyallahu anh) mənqıbələrindən biri də doğumunun Kəbə'nin içində baş verməsidir."
(Dəhləvi, Mühəddis Hind Şah Vəliyullah (HQ ?-1180), "İzalətul Xifa An Xilafətil Xüləfa", c. 4, Bab: Əmma Mə’suru Əmirilmöminin və İmamu Əşcaiin Əsedullahil Qalib Əli ibn Əbu Talib (Radiyallahun Ənh) Tashih ve Müracaat: Seyyid Cəmaluddin Hərəvi)
"Rəvayət edilmişdir ki, Fatimə binti Əsəd (s.ə.) hamilə halı ilə Beytullah'ı təvaf edirdi. Doğum sancısı vucudunu sardı, bu zaman Kəbə'nin qapısı açıldı və Fatimə binti Əsəd Hz. Əli'ni (ə.s.) orada dünyaya gətirdi."
(Sibt ibn Cövzi əl-Hənəfi; Şəmsəddin Əbul Müzəffər Yusif ibn Fərqali ibn Abdullah əl-Bağdadi, "Təzkiratul Xavas", səh. 20, "Müəssəsətu Əhlilbeyt", Beyrut, HQ. 1401/M. 1981)
Möminlərin Əmiri İmam Əlinin (əleyhis səlam) besətdən (əziz İslam Peyğəmbəri Məhəmməd ibni Əbdullahın (Allahın salam və rəhməti ona, atasına və pak əhli beytinə nazil olsun) peyğəmbərliyə seçilməzdən) on il qabaq dünyaya gəlməsini, İslami hadisələrdə Peyğəmbərlə çiyin-çiyinə olmasını və o Həzrətin şəhadətindən sonra 30 il yaşamasını nəzərə almaqla onun (İmam Əlinin) 63 illik ömrünü beş hissəyə bölmək olar:
Təvəllüddən Peyğəmbərin (s) besətinə qədər
Həzrəti İmam Əlinin (əleyhis səlam) ömrünün bu hissəsi on ildən çox deyil. Çünki Möminlərin Mövlası İmam Əli (səlamullahi əleyh) doğulanda Peyğəmbərin (səlləllahu əleyhi və alih) artıq otuz yaşı var idi və o, peyğəmbərliyə qırx yaşında olarkən yetişmişdir. Deməli, Məhəmməd peyğəmbər(səlləllahu əleyhi və alih) peyğəmbər seçilərkən İmam Əlinin cəmi on yaşı var idi.
Həzrəti Əli (əleyhis səlam) həzrəti Məhəmməd peyğəmbər in (səlləllahu əleyhi və alih) qucağında
Əli ömrünün həssas olan ruhi və fiziki cəhətdən formalaşma dövrünü Böyük İslam Peyğəmbəri həzrəti Məhəmməd ibni Əbdullahın (səlləllahu əleyhi və alih) evində, bir başa peyğəmbərin İlahi təlim-tərbiyəsi altında keçirmişdir. İslam tarixçiləri bu barədə yazırlar: "Bir il Məkkədə aclıq üz verdi. Bu zaman peyğəmbərin əmisi həzrəti Əbu Talib (əleyhis səlam) böyük bir ailəyə başçılıq edirdi. Onları çox çətinliklə dolandırırdı. Həzrəti Məhəmməd peyğəmbər (səlləllahu əleyhi və alih) Bəni-Haşim tayfasının varlılarından olan digər əmisi Abbasa təklif etdi ki, Əbu Talibin (əleyhis səlam) dolanışığına kömək etmək məqsədilə gedib hərəmiz onun bir uşağını götürüb öz evimizdə saxlayaq. Abbas Peyğəmbərin(səlləllahu əleyhi və alih) bu təklifi ilə razılaşdı. Beləliklə də, Abbas Cəfəri Təyyarı, Məhəmməd peyğəmbər(səlləllahu əleyhi və alih) isə Əlini (əleyhis səlam) öz öhdəsinə götürüb öz evlərinə apardılar. Həzrəti Əli (əleyhis səlam) həzrəti Məhəmməd peyğəmbər (səlləllahu əleyhi və alih) peyğəmbərlikə seçilənədək onun evində qaldı. Həzrəti Məhəmməd peyğəmbər (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçildikdən dərhal sonra İmam Əli (əleyhis səlam) onun peyğəmbərliyini təsdiq edən ilk insan və onun ilk ardıcılı oldu."
Besətdən Peyğəmbərin (səlləllahu əleyhi və alih) Mədinəyə hicrətinədək
Həzrəti Əlinin ömrünün ikinci hissəsini besətdən Mədinəyə hicrətə qədərki dövr təşkil edir. Bu hissə 13 ildən ibarətdir. Həzrəti Əlinin İslamın dirçəlişi yolunda göstərdiyi bir sıra şücaətlər və xidmətlər bu hissəyə aiddir. Peyğəmbərin (səlləllahu əleyhi və alih) dəvətini əvvəllər həyat yoldaşı həzrəti Xanım Xədicədən (səlamullahi əleyha) başqa Əli (əleyhis səlam) qəbul etmişdir.
Peyğəmbərin (səlləllahu əleyhi və alih) hamisi və canişini
İslam peyğəmbəri öz dəvətini üç il gizli saxladı. Ancaq xüsusi və gizli şəkildə dəvətini həyata keçirirdi. Kimdə qəbul hissi görürdüsə, onu da İslama dəvət edirdi. Üç ildən sonra vəhy mələyi nazil olub bildirdi ki, həzrəti Məhəmməd peyğəmbər(səlləllahu əleyhi və alih) dəvətini aşkara çıxartmalı və ilk növbədə öz qohum-əqrabasından başlamalıdır. Bu barədə Allah Quranda belə buyurmuşdur: Və ən yaxın qohumlarını qorxut! Sənə tabe olan möminləri qanadın altına al! [Onlarla yumşaq davran, nəzakətlə rəftar et, köməklərinə çat!] Əgər [yaxın qohumların] sənə qarşı çıxsalar, onlara belə de: "Şübhəsiz ki, mən sizin əməllərinizdən uzağam!" Ümumi və aşkar dəvətin qohum-əqrəbadan başlanmasının səbəbi odur ki, əgər bir nəfərin dəvətini onun öz qohum-əqrabası qəbul etməsə, onun sözü başqalarına əsla təsir göstərməyəcəkdir. Çünki yaxın qohum-əqrəba onun pis və yaxşı cəhətlərinə çox gözəl bələddirlər. Bu səbəbdən onların iman gətirməsi, Peyğəmbəri təsdiq etməsi onun doğruluğuna sübut hesab olunur. Əksinə, qohum-əqraba onun dəvətini qəbul etmədikdə bu, iddianın düzgün olmadığını bildirir.
Böyük bir şücaət
Besətin 13-cü ili zilhiccə ayının 13-də Peyğəmbərlə Yəsrib (Mədinə) şəhərinin sakinləri arasında ikinci Əqəbə peymanı bağlanır. Mədinəlilər peyğəmbərin Yəsribə gəlməsini istəyərək bildirdilər ki, onlar Peyğəmbəri himayə və müdafiə edəcəklər. Həmən günün səhərindən etibarən Məkkə müsəlmanları yavaş-yavaş Yəsribə köçməyə başladılar. Bundan xəbər tutan müşriklər bildilər ki, İslam dini üçün yeni mərkəz qurulur və bu onlar üçün böyük bir təhlükə yaradır. Onlar qorxurdular ki, Məhəmməd peyğəmbər (səlləllahu əleyhi və alih) Yəsribə köçdükdən sonra çəkdiyi əzab-əziyyətlərin, müşriklərin ona və müsəlmanlara qarşı göstərdiyi təzyiqlərin intiqamını almaq fikrinə düşüb müşriklərlə müharibəyə başlayacaq. Əgər müharibə etmək fikri də olmasa, Qüreyş tayfasının (Məkkənin) Yəsrib şəhərinin kənarından keçdiyi Şam şəhəri ilə Məkkəni birləşdirən ticarət yolunun qarşısını kəsəcək. Bu təhlükənin qarşısını almaq üçün besətin on dördüncü ili səfər ayının sonunda "Darun-nədvə"də – Məkkənin şura yığıncağında yığışıb təkliflər irəli sürdülər. Bəziləri belə təklif verdilər ki, Məhəmmədi (s) ya sürgün etsinlər, ya da həbsə alsınlar. Ancaq bu təklif hamı tərəfindən qəbul olunmadı. Çox götür-qoy etdikdən sonra nəhayət belə qərara gəldilər ki, peyğəmbəri öldürsünlər. Ancaq onu öldürmək heç də asan iş deyildi. Çünki əgər onu öldürsələr, Bəni–Haşim sakit oturmayıb ayağa qalxacaq və qatildən qisas tələb edəcəkdi. Nəhayət belə planlaşdırdılar ki, hər qəbilədən bir nəfər (gənc) yığışıb gecə vaxtı həzrəti Məhəmmədi (səlləllahu əleyhi və alih) yuxuda olarkən qətlə yetirsinlər. Belə olduqda qatil təkcə bir nəfər olmayacaq və Bəni-Haşim qisas tələb edə bilməyəcək. Çünki Məhəmmədin (səlləllahu əleyhi və alih) qətlində hər bir qəbilənin nümayəndəsi var və onlar bütün qəbilələrlə vuruşa bilməzlər. Çarəsiz qalıb həzrəti Məhəmmədin (səlləllahu əleyhi və alih) qan bahasını (qan pulunu) almaqla kifayətlənəcəklər. Beləliklə də, hər şey bitəcək.
Bu planı həyata keçirmək üçün müşriklər rəbiüləvvəl ayının birinci gecəsini təyin etdilər.
Allah-taala Quranda müşriklərin irəli sürdükləri hər üç təklifi açıqlayaraq buyurmuşdur: "[Ya Məhəmməd!] Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da [Məkkədən] çıxarıb qovmaq üçün [Darun-nədvədə] sənə qarşı hiylə qururdular. Allah onların da [bu hiyləsinə qarşı] tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır."
Müşriklərin bu pis təklifindən sonra vəhy mələyi nazil olub Peyğəmbəri (s) bu işdən xəbərdar etdi və bildirdi ki, Məhəmməd peyğəmbər (səlləllahu əleyhi və alih) (doğma vətəni olan) Məkkəni tərk edib, Yəsribə getməlidir.
Burada Məhəmməd peyğəmbər (səlləllahu əleyhi və alih) Məkkədən çıxmaq üçün "iz itirmək" taktikasından istifadə etməli idi. Buna görə də, canından keçmiş şücaətli, ürəkli bir nəfər lazım idi ki, gecəni peyğəmbərin yatağında yatsın. Beləliklə, evi mühasirəyə almış müşriklər yatan şəxsin Məhəmməd peyğəmbər (səlləllahu əleyhi və alih) olduğunu güman edib bütün nəzərlərini evə cəlb etsinlər və yollara nəzarət etmək fikrindən daşınsınlar. Belə bir şəxs Əli oldu.
Bu səbəbdən Məhəmməd peyğəmbər (səlləllahu əleyhi və alih) Əlini müşriklərin qurduğu hiylədən agah edib ona dedi ki, bu gecə o, peyğəmbərin yerində yatmalı və Peyğəmbərinyatarkən üstünə örtdüyü yaşıl parçanı üstünə çəkib kafirlərin fikrini özünə cəlb etməlidir. (Bu yolla onlar məni təqib edə bilməyəcəklər). Əli Peyğəmbərin (səlləllahu əleyhi və alih) dediyi kimi də etdi.
Müşriklər gecə olan kimi Peyğəmbərin (səlləllahu əleyhi və alih) evini mühasirəyə aldılar. Səhərə yaxın əllərində qılınc Peyğəmbərin (səlləllahu əleyhi və alih) evinə tökülüşdülər. Bu vaxt Əli yataqdan qalxdı. Səhərə qədər planlarını dəqiqliklə və yüz faiz həyata keçdiyini güman edən müşriklər yataqda olan şəxsin Əli olduğunu gördükdə, bərk qəzəblənərək həzrəti Əlidən soruşdular: "Məhəmməd (səlləllahu əleyhi və alih) hardadır?" İmam Əli onların cavabında buyurdu: "Məgər həzrəti Məhəmmədi (səlləllahu əleyhi və alih) mənə tapşırmışdınız ki, indi də məndən istəyirsiniz? Siz elə iş gördünüz ki, o evini atıb getməli oldu." Vəziyyəti belə görən müşriklər Əlini tutub (Təbərinin dediyinə görə) ona əziyyət verməyə başladılar. Onu Məscidül-Hərama aparıb bir az saxladıqdan sonra buraxdılar. Sonra Peyğəmbəri (səlləllahu əleyhi və alih) tutmaq məqsədilə Yəsribə tərəf hərəkət etdilər.
Bu zaman Məhəmməd peyğəmbər (səlləllahu əleyhi və alih) Sur mağarasında gizlənmişdi.
Hicrətdən Peyğəmbərin (s) vəfatınadək
İmam Əli Peyğəmbərin (s) qardaşı
İslami qardaşlıq və qardaşlıq siğəsi İslam dininin ictimai qanunlarındandır. Həzrəti Məhəmməd peyğəmbər (səlləllahu əleyhi və alih) müxtəlif yollarla bu qardaşlıq əlaqəsini yaratmaq və onu genişləndirmək üçün çox səylər etmişdir. Bu qardaşlıq əlaqəsi qardaş olmaq istəyən iki nəfərin imanı və fəzilətinin bir-biri ilə münasib gəlməsi şərtilə icra olunurdu. Bunu bir-birilə qardaş olanların vəziyyətindən də müşahidə etmək olar.
İslami qardaşlıq və qardaşlıq siğəsi İslam dininin ictimai qanunlarındandır. Peyğəmbər (s)müxtəlif yollarla bu əlaqəni (qardaşlıq əlaqəsini) yaratmaq və onu genişləndirmək üçün çox səylər etmişdir. O cümlədən, Peyğəmbər (səlləllahu əleyhi və alih) Yəsribə gəldikdən sonra mühacirlər (hicrət etmiş müsəlmanlar) və ənsar (Peyğəmbərin Mədinədəki silahdaşları) arasında qardaşlıq əlaqəsi yaratmaq fikrinə düşdü. Buna görə də, bir gün müsəlmanlar arasında ayağa qalxıb buyurdu: "Allah xatirinə bir-birinizlə iki-iki (bir mühacirlə bir ənsar) qardaş olun." Bundan sonra müsəlmanlar iki-iki qardaş oldu və beləliklə, onlar arasında mehribançılıq daha da artdı. Bu qardaşlıq əlaqəsi qardaş olmaq istəyən iki nəfərin imanı və fəzilətinin bir-biri ilə münasib gəlməsi şərtilə icra olunurdu. Bunu bir-birilə qardaş olanların vəziyyətindən də müşahidə etmək olar.
Müsəlmanlar bir-biri ilə qardaş olduqdan sonra İmam Əli (əleyhi salam) tək qaldı. Yaşarmış gözlərlə Peyğəmbərin (səlləllahu əleyhi və alih) hüzuruna gəlib buyurdu: "Məni heç kimlə qardaş etmədin." Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: "Sən hər iki dünyada mənim qardaşımsan!." Sonra özü ilə Əli (ə) arasında qardaşlıq siğəsi oxudu.
İmam Əli döyüş meydanlarında
Əlinin həyatı Peyğəmbərin (s) hicrətindən o Həzrətin vəfatına qədər çoxlu hadisələrlə, xüsusən döyüş meydanlarında göstərdiyi hünər və şücaətlərlə doludur.
Məhəmməd peyğəmbər (səlləllahu əleyhi və alih) Mədinəyə hicrət etdikdən sonra müşriklər və yəhudilərlə bir çox müharibələr aparmışdır. Bu müharibələrin iyirmi yeddisinə (böyüklü-kiçikli) peyğəmbərin özü komandanlıq etmiş və iyirmi yeddi döyüşün iyirmi altısında Əli iştirak etmişdir. Təkcə Təbuk döyüşündə Əli iştirak etməmişdir. Onda da Peyğəmbərin (səlləllahu əleyhi və alih) əmrilə Mədinədə qalmışdır. Çünki münafiqlər peyğəmbərin olmamasından istifadə edib Mədinədə çevriliş edə bilərdilər. Buna görə də, həzrəti Məhəmməd peyğəmbər (səlləllahu əleyhi və alih) Əlini Mədinədə saxlamışdı ki, münafiqlərin çevrilişinin qarşısını alsın.
İmam Əli Bədr döyüşündə
Hamıya məlumdur ki, Bədr döyüşü müsəlmanlarla müşriklər arasında baş vermiş ilk döyüşdür. Bu döyüş ilk döyüş olduğundan iki tərəf arasında bir imtahan rolunu oynayırdı və bu döyüşdə hər hansı tərəfin qalib gəlməsi çox mühüm idi. Bədr döyüşü hicrətin ikinci ilində baş vermişdir. Hicrətin ikinci ili Peyğəmbərə (səlləllahu əleyhi və alih) xəbər çatır ki,Qüreyşin ticarət karvanı İslamın köhnə düşməni olan Əbu Süfyanın başçılığı ilə Şamdan Məkkəyə qayıtmaq istəyir. Əvvəldə dediyimiz kimi Şama gedən ticarət yolu Mədinənin kənarından keçirdi. Həzrəti Məhəmməd peyğəmbər (səlləllahu əleyhi və alih) mühacir və ənsardan təşkil olunmuş üç yüz on üç nəfərlik bir ordu götürüb Qüreyşin karvanını ələ keçirtmək məqsədilə Bədr məntəqəsinə yola düşdü. Peyğəmbərin (səlləllahu əleyhi və alih) bu hərəkətdən məqsədi müşriklərə əsas ticarət yolunun müsəlmanların əlində olduğunu çatdırmaq idi. Əgər müşriklər İslamı yaymaqda müsəlmanlara mane olmaqla onları rahat buraxmasalar, müsəlmanlar da onların əsas ticarət yolunu kəsəcəklər. Müsəlmanların hərəkətindən xəbər tutan Əbu Süfyan (Allahın Lənəti ona və bütün ailəsinə olsun) karvanın yolunu dəyişib Qırmızı dənizin kənarı ilə hərəkət edərək Mədinədən uzaqlaşdı. Bir nümayəndə göndərib müşrikləri vəziyyətdən xəbərdar edərək Məkkə əhlindən müsəlmanlarla vuruşmaq üçün kömək istədi. Əbu Süfyanın (Allahın Lənəti ona və bütün ailəsinə olsun) başçılığı ilə doqquz yüz əlli nəfərdən min nəfərə qədər cəngavər müşrik Mədinəyə tərəf yola düşdü. Ramazan ayının (hicrətin ikinci ilində) on yeddisində müsəlmanlarla müşriklər Bədr quyuları kənarında üz-üzə gəldilər. Müşriklər sayca üç dəfə müsəlmanlardan artıq idilər.
Döyüş başlayanda Qüreyşin ən güclü qəhrəmanlarından üçü–Ütbə (Allahın Lənəti ona və qızı Hindəyə və ailəsinə olsun) (Əbu Süfyanın qaynatası, Hindənin atası), Şeybə (Allahın Lənəti ona olsun) (Ütbənin böyük qardaşı) və Vəlid (Ütbənin oğlu) meydana çıxıb döyüşçü tələb etdilər. Bu zaman ənsardan üç nəfər irəli çıxıb özlərini tanıtdıraraq onlarla vuruşmaq istədilər. Qüreyş pəhləvanları onlarla vuruşmağa razı olmayıb qışqırdılar: "Ey Məhəmməd! (səlləlahu əleyhi və alih) Bizimlə vuruşmağa öz qohumlarımızdan, bizim şənimizə layiq olan adamlardan göndər!" Bu zaman Məhəmməd peyğəmbər (səlləllahu əleyhi və alih) Übeydə ibn Haris ibn Əbdül Müttəlibə, Həmzə ibn Əbdül Müttəlibə və Əli ibn Əbutalibə əmr etdi ki, meydana çıxıb o üç nəfərlə vuruşsunlar. Onlar meydanın ortasına gəlib özlərini tanıtdırdılar. Müşriklər (Ütbə, Şeybə və Vəlid) onların üçünü də qəbul edib dedilər: "Bəli, siz bizim şənimizə layiqsiniz". Beləliklə, Həmzə Şeybə ilə, Übeydə Ütbə ilə və döyüşçülərin ən cavanı olan həzrəti Əli (əleyhis səlam) Müaviyənin (Allahın Lənəti ona və bütün ailəsinə olsun) dayısı (Əbu Süfyanın qaynı, Hindənin qardaşı və Ütbənin oğlu) Vəlidlə vuruşmalı oldu. Təkbətək döyüş başlandı. Həzrəti Əli və həzrəti Həmzə (əleyhiməs səlam) tez bir zamanda öz rəqiblərini öldürdülər. Ancaq Übeydə ilə Ütbə hələ də vuruşurdular. Heç biri digərini məğlub edə bilmirdi. Buna görə də, rəqiblərini öldürmüş həzrəti Əli ilə Həmzə Übeydənin köməyinə çatıb Ütbəni (Allahın Lənəti ona və bütün ailəsinə olsun) də öldürdülər. İslamın üç böyük qəhrəmanlarının təkbətək döyüşdə qalib gəlmələri müşriklərin ordu başçılarının ruhiyyəsini tamamilə zəiflətdi. Bundan sonra ümumi döyüş başlandı. Ancaq bunun da bir xeyri olmadı. Müşriklər məğlub oldu və yetmiş nəfər əsir düşdü...
Ühüd döyüşü
Qüreyş müşriklərinin ruhiyyəsi Bədr döyüşündəki məğlubiyyət nəticəsində çox zəiflədi. Buna görə də, onlar qərara aldılar ki, bu məğlubiyyətin əvəzini çıxmaq və ölənlərin intiqamını almaq üçün sayca çoxlu və qüvvətli bir ordu ilə Mədinəyə hücum etsinlər. Peyğəmbərin (səlləllahu əleyhi və alih) kəşfiyyat dəstəsi Qüreyşin bu fikrini Peyğəmbərə (səlləllahu əleyhi və alih) çatdırdı. Məhəmməd peyğəmbər (səlləllahu əleyhi və alih) nizami bir şura təşkil etdi. Şuradakıların bir çoxu belə bir təklif irəli sürdülər ki,müsəlmanlar müşriklərlə vuruşmaq üçün Mədinədən kənara çıxmalıdırlar.
Məhəmməd peyğəmbər (səlləllahu əleyhi və alih) min nəfərlik ordu ilə Mədinənin şimalında yerləşən Ühüd dağına tərəf hərəkət etdi. Yolun yarısında İslam ordusundan məşhur münafiq Abdullah ibn Übeyyin üç yüz tərəfdarı onun sözü ilə Mədinəyə qayıtdı. Beləliklə, İslam ordusunda cəmi yeddi yüz nəfər döyüşçü qaldı. Hicrətin üçüncü ili şəvval ayının yeddisi səhər çağı iki qoşun Ühüd dağının ətəyində bir-biri ilə üz-üzə gəldi.
Həzrəti Məhəmməd peyğəmbər (səlləllahu əleyhi və alih) döyüş başlamazdan qabaq bütün məntəqəni nəzərdən keçirtdi. Peyğəmbərinnəzərini dağın başında olan yol özünə cəlb etdi. Həzrəti Məhəmməd peyğəmbər (səlləllahu əleyhi və alih) fikirləşdi ki, kafirlər döyüşün qızğın vaxtında oradan keçib müsəlmanlara arxadan zərbə endirə bilərlər. Bu təhlükənin qarşısını almaq məqsədilə, Məhəmməd peyğəmbər(s) Abdullah ibn Cübeyr adlı şəxsi əlli nəfər oxatanla həmin yolu nəzarət altına almağa göndərdi. Peyğəmbər ona dönə-dönə tapşırdı ki,əsla oranı boş qoymamalı, hətta müsəlmanlar qalib gəldiyi halda da, oradan uzaqlaşmasınlar. Digər tərəfdən o vaxtın döyüşlərində bayraqdar (bayrağı əlində tutan) çox böyük əhəmiyyət daşıyırdı. Buna görə də, bayraq həmişə şücaətli və qüvvətli şəxsə verilirdi. Bayraqdarın ayaq üstə olması və bayrağın daima uca qalması döyüşçülərin ruhiyyəsini artırırdı. Eləcə də əksinə, bayraqdarın ölməsi və bayrağın yerə düşməsi döyüşçülərin ruhiyyəsini zəiflədirdi. Buna görə də, döyüşçülərin ruhiyyəsini artırmaq üçün döyüşdən qabaq neçə nəfər bayraqdar təyin olunurdu. (Əgər biri öldü o biri bayrağı tutardı. Əgər o da ölsə, üçüncü, dördüncü... şəxs bayrağı tutardı.)
Ühüd döyüşündə Qüreyş bu qaydaya əməl edib ən şücaətli tayfa olan "Bəni–Əbdüddar" qəbiləsindən bir neçə bayraqdar təyin etdi. Ancaq döyüş başlanan kimi onların bayraqdarları bir-birinin ardınca Əlinin qılıncı ilə həlak olurdu. Beləliklə də, müşriklərin bayrağı yerə düşür və qoşun qaçmağa üz tuturdu.İmam Sadiq bu barədə buyurmuşdur: "Ühüd döyüşündə müşriklərin doqquz bayraqdarı olmuş və onların doqquzu da Əlinin qılıncı ilə qətlə yetirilmişdir." Qüreyş ordusu zəiflədi, bayraqdarları bir-birinin ardınca yerə sərildilər. Dağın başındakı yolu qoruyan oxatanlar bunu görüb qənimət ələ keçirtmək üçün yerlərini boşaldıb aşağı enmək istədilər. Onların başçısı Abdullah Peyğəmbərin(s) tapşırığını bir daha onlara xatırlatdı. Ancaq onlar Abdullahın sözünə heç bir məhəl qoymayıb qırx nəfərdən çox oxatan qənimət ələ keçirtmək üçün dağdan aşağı endi. Abdullah isə on nəfərdən az oxatanla dağın başında qaldı.
Bu hadisəni müşahidə edən Xalid ibn Vəlid müsəlmanların dağın başındakı yolu gözdən buraxdıqlarını dərhal görüb bir dəstə ilə ora hücum edərək orada qalan beş-on nəfər oxatanı öldürdü və arxadan müsəlmanlara hücum etdi. Bunu görən Əmrə binti Əlqəmə adlı Qüreyşin müşrik qadınlarından biri Qüreyşin ayaq altına düşmüş bayrağını qaldıraraq döyüşçülərin ruhiyyəsini artırdı. Bundan sonra döyüşün gedişatı tamamilə dəyişdi. Müsəlmanların nizami sıraları bir-birinə dəydi. Səflər bir-birindən ayrıldı. Döyşçülərin baş komandanla əlaqəsi kəsildi. Beləliklə, müsəlmanlar məğlubiyyətə uğradılar. İslam mücahidlərinin təxminən yetmiş nəfəri, o cümlədən Həmzə ibn Əbdül Müttəlib (Peyğəmbərin(s) əziz əmisi) və İslam ordusunun bayraqdarlarından biri Müsəb ibn Ümeyr şəhid oldular. Digər tərəfdən döyüş meydanında müşriklər Peyğəmbərin(s) öldürülməsi şayiəsini yaymaqla müsəlmanların bir çoxunun ruhiyyəsini zəiflətdilər. Bir tərəfdən Peyğəmbərin(s) ölüm şayiəsi, digər tərəfdən isə müşriklərin yenidən hücuma keçməsi müsəlmanların əksəriyyətinin döyüş meydanından qaçmasına səbəb oldu. Döyüş meydanında Peyğəmbərin(s) kənarında tək-tük adam qalmışdı. İslamın həssas və böhranlı anları gəlib çatmışdı. Burada həzrəti Əli (əleyhis səlam) misilsiz şücaət və rəşadətlə Peyğəmbərin(s) kənarında vuruşur və İslamın müqəddəs rəhbəri Həzrət Məhəmmədi (səlləllahu əleyhi və alih) müşriklərin amansız və ardıcıl hücumlarından qoruyurdu. İbn Əbil Hədid yazır: "Elə ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) səhabələrinin çoxu qaçmağa başladı, müşriklər peyğəmbərə hücumlarını artırdılar. Bəni–Kənanə qəbiləsindən bir dəstə, Bəni–Əbd Mənat dəstəsindən də digər bir dəstə Peyğəmbərə (səlləllahu əleyhi və alih) tərəf hücum etdilər. Onların arasında dörd adlı-sanlı pəhləvan gözə dəyirdi. Həzrəti Məhəmməd peyğəmbər (səlləllahu əleyhi və alih) həzrəti Əliyə əmr etdi ki, bunların hücumunun qarşısını alsın. Həzrəti Əli piyada vuruşurdu. Əlli nəfərdən ibarət olan bu dəstəyə hücum edib onları bir-birindən ayırdı. Onlar bir neçə dəfə birləşib Peyğəmbərə (s) hücum etmək istəsələr də, ancaq həzrəti Əlinin müqavimətini qıra bilmədilər. Bu hücumlarda yuxarıda qeyd etdiyimiz dörd pəhləvan və tarixdə adları məlum olmayan digər on nəfər həzrəti Əlinin qılıncı ilə yerə sərildilər.
İmam Əli (əleyhis səlam) "Əhzab" (Xəndək) döyüşündə
Əhzab döyüşü adından da məlum olduğu kimi İslamın müxtəlif düşmənlərinin əl-ələ verib təzəcə çiçəklənmiş İslamı aradan aparmaq istədikləri döyüşdür.
Bəzi tarixçilər bu döyüşdə iştirak edən kafirlərin sayının on mindən çox olduğunu bildirmişlər. İslam ordusu isə cəmi üç min nəfər idi.
Bu döyüşün rəhbərliyini öhdələrinə götürmüş Qüreyş başçıları öz ordularının say çoxluğunu və əllərində olan çoxlu döyüş avadanlıqlarını nəzərə alaraq belə güman edirdilər ki, bu döyüşlə onlar müsəlmanları tamamilə məhv edəcək və həzrəti Məhəmmədi (səlləllahu əleyhi və alih) aradan götürməklə onun və silahdaşlarının əlindən bir dəfəlik yaxa qurtaracaqlar.
Kafirlərin hərəkət xəbəri Peyğəmbərə (səlləllahu əleyhi və alih) çatdırıldıqda, Məhəmməd peyğəmbər (səlləllahu əleyhi və alih) nizami şura təşkil etdi. Bu şurada Salman Farsi belə təklif etdi ki, Mədinənin kənarında xəndək qazıb kafirlərin şəhərə girməsinə mane olsunlar. İrəli sürülən bu təklif hamı tərəfindən razılıqla qarşılandı. Bir neçə gün müddətində müsəlmanların göstərdiyi işgüzarlıq nəticəsində xəndək hazır oldu. Xəndəyin eni elə idi ki, düşmən atlıları onu keçə bilməzdilər. Dərinliyi də elə idi ki, onun içinə düşən asanlıqla qırağa çıxa bilməzdi.
Kafirlər yəhudilərin köməyi ilə gəlib şəhərin kənarına çıxdılar. Onlar güman edirdilər ki, əvvəlki (Bədr və Ühüd döyüşlərində olduğu) kimi yenə müsəlmanlarla Mədinə şəhərinin kənarında üzləşəcəklər. Ancaq onlar bu dəfə şəhərin kənarında müsəlmanlardan əsər-əlamət görməyib Mədinəyə tərəf irəliləməyə başladılar. Şəhərə çatanda, şəhər kənarında qazılmış enli və dərin xəndək onları təəccübləndirdi. Çünki onlar o vaxta qədər ərəb müharibələrində xəndəkdən istifadə etməyi görməmişdilər. Məcbur olub xəndəyin kənarından Mədinə şəhərini mühasirəyə aldılar.
Bəzi rəvayətlərə görə Mədinə şəhəri bir ay mühasirədə qaldı.
Qüreyş əsgərləri nə vaxt xəndəyi keçmək fikrinə düşürdülərsə, müsəlmanların xəndəkdə qoyduqları yaxın fasiləli gözətçilərlə üzləşməli olurdular. Müsəlmanlar ox və daş atmaqla onların ehtimal olunan bütün hücumlarının qarşısını alırdılar. Hər iki tərəfin ox atması gecə-gündüz davam edirdi. Ancaq tərəflərin heç biri digərinə üstün gələ bilmirdi. Digər tərəfdən Mədinənin belə bir ordunun mühasirəsində qalması müsəlmanların bir çoxunun ruhiyyəsini zəiflətmişdi. Üstəlik Mədinənin daxilində yaşayan yəhudilərin,Bəni–Qüreyzə tayfasının əhdinə vəfasız çıxması və kafirlər xəndəyi aşdıqdan sonra düşmən ordusuna birləşərək arxadan müsəlmanlara hücum edəcəyi planı məlum olduqdan sonra müsəlmanların ruhiyyəsi daha da zəiflədi.
Qurani-Kərim müsəlmanların bu mühasirədəki çətin və böhranlı vəziyyətini Əhzab surəsində çox gözəl şəkildə bəyan etmişdir.
Ancaq müsəlmanların bu çətinliyinə baxmayaraq xəndək, kafirlərin hücumunun qarşısını alırdı və onlar (kafirlər) vəziyyətin bu cür davam etməsinə davam gətirə bilmirdilər. Çünki hava üzü soyuğa gedirdi və digər tərəfdən də kafirlərin özləri və heyvanları üçün gətirdikləri yemək qurtarmaq üzrə idi. Onlar Bədr, Ühüd kimi kiçik müddətli döyüş üçün tədarük hazırlamışdılar. Ancaq mühasirə uzun çəkdiyindən və müsəlmanların müqavimətini uzun müddət qıra bilmədiklərindən yeməkləri yavaş-yavaş qurtarır və az qalırdı ki, vuruşmaq fikrindən daşınıb geri qayıtsınlar. Ruhiyyələri get-gedə zəifləyirdi. Nəhayət ordu başçıları belə qərara gəlirlər ki, cəsur və şücaətli pəhləvanlar nəyin bahasına olursa–olsun birtəhər xəndəyi aşıb o tərəfə keçsinlər. Bəlkə bununla müsəlmanların müqavimətini qıra bilələr. Beləliklə, kafirlərin qəhrəmanlarından beşi atlarını xəndəyin kənarında oynadaraq xəndəyin ensiz hissəsindən o biri tərəfə atılırlar. Xəndəyi aşdıqdan sonra təkbətək döyüşmək üçün rəqib istədilər.
Bu pəhləvanlardan biri ərəblərin ən qüdrətli cəngavəri olan Əmr ibn Əbdəvəd idi. O, Yəlyəl adlı bir yerdə bir orduya təkbaşına qalib gəldiyi üçün onu "Yəlyəl atlısı" (Yəlyəl qəhrəmanı) adlandırmışdılar. O, Bədr döyüşündə yaralandığı üçün Ühüd döyüşündə iştirak edə bilməmişdi. İndi Xəndək vuruşuna gəlmişdi ki, özünü göstərsin.
Əmr ibn Əbdəvəd xəndəyi aşdıqdan sonra vuruşmağa rəqib tələb etdi. Onunla vuruşmağa heç kimin çıxmadığını görüb bir az ürəkləndi və müsəlmanların əqidələrinə istehza (rişxənd) məqsədilə toxunub dedi: "Siz ki, deyirsiniz sizin ölülər Cənnətə, bizimkilər isə Cəhənnəmə gedir, onda sizdən biri gəlsin mən onu Cənnətə göndərim, ya da o məni Cəhənnəmə göndərsin." Sonra bir az rəcəz (nizami şer) oxuyub dedi: "Sizin aranızdan bir rəqib tələb etmək üçün o qədər qışqırıb "mənimlə vuruşan varmı?" dedim ki, səsim tutuldu." Hər dəfə Əmr qışqırıb rəqib istədikdə, yalnız Əli ayağa qalxıb Peyğəmbərdən (s) vuruşmaq üçün izn istəyirdi. Ancaq Məhəmməd peyğəmbər(s) ona izn vermirdi. Əli üç dəfə ayağa qalxdı, lakin həzrəti Məhəmməd peyğəmbər (səlləllahu əleyhi və alih) razılıq vermədi. Əli bir daha icazə istədikdə həzrəti Məhəmməd peyğəmbər(səlləllahu əleyhi və alih) Əliyə buyurdu: "Əli! Bu Əmr ibn Əbdəvəddir!" həzrəti Əli də dedi ki, ya Rəsuləllah, mən də Əliyəm! Nəhayət Məhəmməd peyğəmbər(s) Əliyə izn verdi. Həzrəti Məhəmməd peyğəmbər(s) öz qılıncını Əliyə verib öz əmmaməsini onun başına bağlayaraq onun üçün dua etdi.
Bu hədisdən asanlıqla məlum olur ki, bu iki nəfərdən birinin digərinə qalib gəlməsi imanın şirkə, yaxud da şirkin imana qalib gəlməsidir. Başqa sözlə desək, bu döyüş çox həlledici rol oynayırdı. Belə ki, İslamın, yaxud şirkin gələcək taleyi bu döyüşdən asılı idi.
Həzrəti Əli piyada meydana yollandı. Əmrlə üz-üzə gəldikdə ona dedi: "Sən söz vermişdin ki, Qüreyş tayfasından bir kişi səndən üç şey istəsə, onun birini yerinə yetirəcəksən." (Əli özü də Qüreyş tayfasından idi.) Əmr dedi: "Düzdür." Əli: "Mənim birinci istəyim budur ki, İslam dinini qəbul edib müsəlman olasan."
Əmr: "Bundan keç."
Həzrəti Əli: "Gəl Məhəmməd peyğəmbər (s) döyüşmək fikrini başından at, çıx get. Əgər Məhəmmədin (s) dedikləri düz olarsa, onda sən onun vasitəsilə dünyanın ən səadətli insanı olacaqsan, yox əgər onun dedikləri yalan olarsa, onda sən dava etmədən də öz istəyinə nail olmuş olarsan."
Əmr: "Xeyr, Qüreyş qadınları belə fikirləşməyəcəklər. (Onlar mənim səndən qorxub meydandan qaçdığımı zənn edəcəklər.) Mən nəzir etmişəm ki, Məhəmməddən intiqamımı almayınca başıma yağ çəkməyəcəyəm."
Həzrəti Əli: "Elə isə onda atdan düş mənimlə vuruşaq."
Əmr: "Heç güman etməzdim ki, bir ərəb məndən belə istək diləsin. Mən istəmirəm sən mənim əlimlə qətlə yetiriləsən. Çünki atanla dostluq etmişəm. Qayıt get, sən hələ cavansan."
Həzrəti Əli: "Ancaq mən səni öldürmək istəyirəm."
Əmr həzrəti Əlinin bu sözündən qəzəblənib atdan yerə endi. Həzrəti Əlinin üstünə hücum etdi. Gərgin döyüş başladı. Hər iki cəngavər bir-birinə zərbələr endirirdilər. Əmr fürsət tapıb həzrəti Əlinin başına güclü bir zərbə endirdi. Həzrəti Əli özünü müdafiə etmək üçün qalxanı başına tutdu. Lakin qalxan iki yerə bölündü və Əlinin başı yaralandı. Həzrəti Əli da fürsətdən istifadə edib Əmrə güclü zərbə endirdi. Həmin zərbə nəticəsində Əmr yerə sərildi.
İslam ordusu sevincindən fəryad edirdi. Hamı bildi ki, həzrəti Əli ərəblərin ən məşhur pəhləvanını öldürmüşdür.
Əmrlə birgə xəndəkdən aşmış digər dörd pəhləvan meydanda durub həzrət Əli ilə Əmrin mübarizəsinin nəticəsini gözləyirdilər. Elə ki, onlar Əmrin öldürüldüyünü gördülər, qaçmağa üz tutdular. Onlardan üçü xəndəyi aşıb öz ordularına qoşula bildi. Lakin onlardan biri – Nofəl adlı pəhləvan xəndəyi keçərkən yıxılıb xəndəyə düşdü. Əli xəndəyə qayıdıb onu da öldürdü. Əmrin ölməsi düşmənin ruhiyyəsinin zəifləməsinə səbəb oldu. Onlar artıq Mədinəyə hücum etmək fikrindən daşınıb naümid olaraq hər qəbilə öz yurduna dönmək fikrinə düşdü.
Düşmənə sonuncu zərbəni AllahTəala güclü külək və tufanla endirdi. Düşmən qacıb öz vətəninə dönməli oldu.
Həzrəti Əli – Xeybər qalasının fatehi
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) hicrətin yeddinci ili belə qərara gəlir ki,Mədinənin kənarındakı Xeybər qalasının yəhudilərinə hücum etsin. Peyğəmbərin(s) bu işə əl atmasının iki səbəbi var idi:
1.Xeybər qalası yenicə çiçəklənməkdə olan İslam hökuməti üçün fitnə-fəsad mərkəzinə çevrilmişdi. Bu qalanın yəhudiləri dəfələrlə İslam düşmənlərilə əl-ələ verib Mədinəyə hücum etmişdilər. Xüsusilə onların xəndək döyüşündə böyük rolu olmuşdu.
2.O zamanlar dünyanın ən böyük imperiyaları olan İran və Roma imperiyalarının bir-biri ilə uzun-uzadı müharibə etmələrinə baxmayaraq İslamın üçüncü bir qüdrətli dövlət kimi meydana çıxması onlar üçün dözülməz idi. Buna görə də, Xeybər yəhudiləri bu iki imperiya ilə əl-ələ verib İslamın əleyhinə yürüşlər edə bilər, yaxud müşrikləri təzə müsəlmanların əleyhinə qızışdırıb döyüşdürdükləri kimi bu iki böyük imperiyanı da cavan İslama qarşı döyüşə qaldırardılar.
Bu iki məsələ Peyğəmbərin(s) min altı yüz nəfərlik bir ordu ilə Xeybər qalasına hücum etməsinə səbəb oldu. Xeybər qalası böyük divarlara və çoxlu müdafiə qurğularına malik idi və yəhudilərin döyşçüləri onları möhkəm qoruyurdular. İslam ordusunun döyüşçülərinin şücaəti nəticəsində qalalar çətinliklə də olsa, bir-birinin ardınca süqut edirdi. Lakin ən böyük və ən güclü pəhləvanların yığıldığı Qəmus qalası hələ də müqavimət göstərirdi. İslam mücahidləri nə qədər cəhd göstərsələr də, o qalanın müqavimətini qıra bilmirdilər. Həzrəti Məhəmməd peyğəmbər(s) möhkəm başağrı nəticəsində özü bilavasitə döyüş səhnəsində iştirak edə bilmir və orduya birbaşa başçılıq etmirdi. RəsulAllah vəziyətin belə olduqunu gördükddə bu şərəfli işi Əliyə tapşırdı və buyurdu: "Sabah bu bayrağı elə bir şəxsə verəcəyəm ki, Allah o qalanı həmin şəxsin əli ilə fəth edəcək. O elə bir şəxsdir ki, Allahı və peyğəmbəri sevir, Allah və Məhəmməd peyğəmbər(s)də onu sevirlər."
O gecə Peyğəmbərin (səlləllahu əleyhi və alih) bütün səhabələri fikirləşirdilər ki, görəsən həzrəti Məhəmməd peyğəmbər (səlləllahu əleyhi və alih) bayrağı sabah kimə verəcək? Səhər olcaq səhabələr Peyğəmbərin (s) çadırının qarşısında durub hamı ümid edirdi ki, Məhəmməd peyğəmbər (səlləllahu əleyhi və alih) bayrağı ona verəcək. Bu zaman həzrəti Məhəmməd peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: "Əli haradadır?" Səhabələr cavab verdilər ki, o, gözü ağradığı üçün istirahət edir. Həzrəti Məhəmməd peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: "Əlini bura gətirin!" Əli gəldikdə, həzrəti Məhəmməd peyğəmbər (səlləllahu əleyhi və alih) onun gözünün sağalması üçün dua etdi. Peyğəmbərin(s) duası nəticəsində həzrəti Əlinin gözü sağaldı. Sonra həzrəti Məhəmməd peyğəmbər (səlləllahu əleyhi və alih) bayrağı ona verdi. Həzrəti Əli dedi: "Ya Rəsuləllah! Onlarla İslamı qəbul edənə qədər vuruşacağam." Həzrəti Məhəmməd peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: "İndi ora get! Elə ki qalaya yetişdin əvvəl onları İslama dəvət et, onların Allah qarşısında olan vəzifələrini (İslam dininə itaət etməyi) onlara xatırlat! And olsun Allaha ki, bir nəfərin sənin dəvətinlə müsəlman olmasının xeyri sənin qırmızı tüklü dəvələrə yiyələnməyindən üstündür." (Qırmızı tüklü dəvə ən qəşəng və ən baha dəvədir.)
Əli bu vəzifəni yerinə yetirmək üçün qalaya tərəf yollandı və o möhkəm və qüdrətli qalanı misli görünməmiş bir şücaətlə fəth etdi.
Peyğəmbərin(s) nümayəndəsi
İyirmi ildən artıq idi ki, İslam dini Hicazda ərəblərin müşrik qəbilələri arasında şirk və bütpərəstliyin ziddi olaraq yayılmışdı. Bu müddətdə ərəblərin demək olar ki, hamısı İslamın büt və bütpərəstlik haqqındakı məntiqindən xəbərdar olmuş və bilirdilər ki, bütpərəslik əcdadlardan kor-korana təqlid etməkdən başqa bir şey deyil, onların (əcdadların) sitayiş etdiyi bütlər o qədər ləyaqətsizdirlər ki, nəinki başqaları üçün bir iş görə bilməzlər, hətta özlərindən belə təhlükəni uzaqlaşdırmağa qadir olmayıb yaxud da özlərinə bir xeyir yetirə bilməzlər. Vicdanı ayıq və qəlbi təmiz olanlar Peyğəmbərin(s) sözlərini eşitməklə öz həyatlarında böyük dəyişikliklər etdilər və bütpərəstlikdən əl götürüb Tövhidə (təkallahlığa) tərəf gəldilər. Xüsusən həzrəti Məhəmməd peyğəmbər(s) Məkkəni fəth etdikdən sonra din təbliğatçıları dini aşkar şəkildə azad bir mühitdə təbliğ etməyə başladılar. Nəticədə Hicazın bir çox şəhər, qəsəbə və kəndlərində bütlər sındırıldı və ürəkaçan tövhid və haqq nidası hər tərəfdə eşidilməyə başladı. Ancaq inadkar və nadan insanlar öz keçmiş adət-ənənələrindən əl çəkə bilmir və bütpərəstlikdən əl götürmək onlara çox çətin gəlirdi. Onlar öz vicdanlarının əksinə hərəkət edərək öz çirkin adətlərindən əl çəkmir və onlarla əxlaqi və ictimai pozğunluqlara səbəb olan bu cür işlərdən itaət edirdilər. Buna görə də, həzrəti Məhəmməd peyğəmbər (s) hər cür bütpərəstlik və qeyri-insani hərəkətlərə qarşı nizami qoşun yeritməklə və qüdrətə arxalanmaqla əxlaqi və ictimai pozğunluqların mənşəyi olan,daha doğru desək, insaniyyət məqamının hörmətini aradan aparan bütpərəstliyi birdəfəlik məhv etmək istəyirdi.
Bununla həmzaman olaraq Quranın "Bəraət" (Tövbə) surəsi nazil oldu və onun Məkkə müşriklərinə oxunması vəhy edildi. "Bəraət" surəsi elə bir vaxtda nazil oldu ki, Peyğəmbərin(s) həcc mərasiminə getmək fikri yox idi. Çünki ondan bir il qabaq – Məkkənin fəth olunduğu ildə Allah evini ziyarət etmiş və bir də gələn il (sonralar bu ziyarət "Həccətül-vida" (vida həcci) adlandırıldı) həccə ziyarətə getmək istəyirdi. Buna görə də, Allahın hökmünü çatdırmaq üçün bir nəfəri Məkkəyə göndərməli idi. Həzrəti Məhəmməd peyğəmbər (səlləllahu əleyhi və alih) əvvəl Əbu Bəkiri yanına çağırıb "Bəraət" surəsinin ilkin ayələrini ona öyrətdi və onu qırx nəfərlə Məkkəyə göndərdi. Tapşırdı ki, Qurban bayramı günü bu ayələri müşriklərə oxusun. Əbu Bəkr Məkkəyə təzəcə yola düşmüşdü ki, vəhy nazil olub Peyğəmbərə (s) əmr edildi ki, bu xəbəri ya peyğəmbərin özü, ya da peyğəmbərdən olan bir nəfər müşriklərə çatdırmalıdır. Bu iki nəfərdən başqa heç kimin bu işə səlahiyyəti çatmır. Peyğəmbər ayələri oxumaq üçün Əliyə təlimat verib göndərdi. Əli yolda Əbu Bəkiri görüb Peyğəmbərin (s) buyurduğunu ona dedi. Əbu Bəkir də ayələri həzrəti Əliyə təhvil verdi. Həzrəti Əli Məkkəyə daxil olub zilhiccə ayının 10-u (Qurban bayramı günü) Cəməreyi-Əqəbənin üstünə çıxıb uca səslə "Bəraət" surəsinin ilk ayələrini və Peyğəmbərin(s) dörd maddədən ibarət xəbərdarlığını müşriklərə çatdırdı.
Bunu eşidən müşriklər başa düşdülər ki, artıq onların cəmi dörd ay vaxtları qalıb ki, İslam hökumətinə qarşı öz münasibət və fikirlərini bildirsinlər. Bu xəbərdarlıq müşriklərdə böyük təsir qoydu və dörd ay keçməmiş onlar dəstə-dəstə İslam dinini qəbul etdilər. Hicrətin 13-cü ili qurtarmamış Hicazda bütpərəsliyin kökü kəsildi.
Peyğəmbərin(s) şəhadətindən İmam Əlinin zahiri xilafətinədək
İmam Əlinin zahiri xilafət başına gəlməsi mərhələsi. Bu mərhələ İmam Əlinin dörd il doqquz ay, ondan sonra isə İmam Həsənin bir neçə aylıq xəlifəliyini əhatə edir. Bu mərhələnin az müddət olmasına baxmayaraq (İmam Əli və İmam Həsən bir çox çətinliklərlə üzləşmiş, İslamın müxtəlif düşmənləri tərəfindən təzyiqlərə məruz qalmışdır, ancaq bununla belə, bu mərhələ İslam hökumətinin ən parlaq mərhələsi hesab olunur.
İslam hökuməti və dövlət quruluşu qücləndirilməsi üçün aparılan az müddətli səylər mərhələsi. Bu mərhələ İmam Həsənin sülhündən (hicrətin qırx birinci ili) İmam Hüseynin şəhadətinə qədər (hicrətin altımış birinci ili məhərrəm ayına qədər) olan iyirmi ili əhatə edir.
Üç cəbhədə mübarizə
İmam Əlinin hakimiyyətinin əsl ədalət əsasında olduğuna və xilafətin əsl İslam sünnələrinin diriltməsinə bir sıra şəxslər dözə bilmirdilər. Beləliklə də, bu dəstə Əlinin hökuməti qarşısında müxalif bir dəstə yaratdı.
Qasitin döyüşü (Siffeyn döyüşü)
Müaviyə (lənətullahi əleyhi və alih) hələ İmam Əli zahirən xəlifə olmazdan neçə il qabaq Şamda özü üçün xilafətə keçmək hazırlıqlarını görmüşdü. İmam Əli xilafətə gəlcək Müaviyənin məlunun işdən kənarlaşması əmrini verdi (Müaviyə Osman bin Əffan (lənətullahi əleyhimə) tərəfindən Şama vali təyin edilmişdi) və onun bir an belə işdə qalmasına razılıq vermədi. (Müaviyə (lənətullahi əleyh) fərman ilə razılaşmadı.) Bu müxalifətin nəticəsi o oldu ki, İraq və Şam qoşunları "Siffeyn" adlı bir çöldə üz-üzə gəldilər. Həzrəti Əliın ordusunun qələbəyə bircə addımı qalmışdı. Ancaq Müaviyə Əmr Asın köməyilə (lənətullahi əleyhimə) hiylədən istifadə edərək İmam Əlinin ordusunda təfriqə və ixtilaf yaratdı. Nəhayət İmam Əli ordusunun təkidi nəticəsində məcbur qalıb öz ordusunun təyin etdikləri Əbu Musa Əşəri ilə Əmr Asın (lənətullahi əleyhimə) danışıqlarına razı oldu. Belə ki, onlar (Əbu Musa Əşəri və Əmr As) İslam və müsəlmanların məsləhətləri haqda araşdırmalar aparmalı və öz nəzərlərini bildirməli idilər. İmam Əlinin ordusundan olanların onu Əbu Musa Əşərini Əmr Asla danışıqlara göndərməsi barədəki təkidləri o dərəcəyə çatmışdı ki, əgər İmam Əli bununla razılaşmasaydı, bəlkə də bu narazılıq İmamın ölümü ilə nəticələnərdi. Bunun da nəticəsində müsəlmanlar böyük böhranla üzləşməli olardılar.
Tərəflərin öz nəzərlərini bildirmək zamanı çatdıqda Əmr As Əbu Musa Əşərini aldatdı və Müaviyənin niyyətini camaata aşkar etdi. Danışıqlar başa çatdıqdan sonra Əlinin ordusundan bir dəstəsi onun danışıqları qəbul etməsinə görə onunla müxalifət etməyə başladı. Onlar Əlini danışıqlarla razılaşdığına görə tənqidə tutdular.
Qasitin döyüşü hicrətin otuz yeddinci ilində baş vermişdir.(Bu döyüş tarixdə Siffeyn döyüşü adı ilə məşhur olmuşdur.)
Mariqin döyüşü (Nəhrəvan döyüşü)
Mariqin (yolunu azmışlar) Əlini Əbu Musa Əşəri ilə Əmr Asın danışıqlarına razı olmağa məcbur etmiş dəstədir. Danışıqlardan bir neçə gün sonra bu dəstə öz işlərindən peşman olub İmam Əlidən danışıqların nəticəsi ilə razılaşmamasını istədilər. Ancaq İmam Əli elə bir şəxs deyildi ki, öz əhdinə vəfasız çıxsın və peymanı sındırsın. Bu dəstə işi belə görüb Əliyə qarşı ordu toplamağa başladı. Nəhrəvan adlı bir yerdə Əli ilə bu dəstə arasında döyüş baş verdi. İmam Əlinin ordusu bu döyüşdə də qalib gəldi. İmam Əli nəhayət, dörd il bir neçə ay (9 ay) hökumətdə olduqdan sonra hicrətin qırxıncı ili Ramazan ayının 19-cu gecəsi həmin mariqindən biri olan Əbdürrəhman ibn Mülcəm tərəfindən (Kufə məscidində namaz qılarkən) arxadan qilinc zərbəsi endirilməsi nəticəsində iki gün sonra ramazan ayınını 21-də şəhadətə qovuşmuşdur.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır