1 fevral 2013 - 20:30

Gözlənilən müzakirələr hakimiyyəti təşvişə salıb

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İsmayıllı hadisələri ilə bağlı Avropa Parlamentində dinləmələr keçirilə bilər. Avropa Parlamentinin deputatlarının bununla bağlı məsələ qaldırdıqları bildirilir. Milli Məclisin üzvü, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin parlamentin dünənki iclasında səsləndirdiyi bir fikir də deyilənlərin təsdiqi sayıla bilər.

Əli Hüseynli deyib: “Bu yaxınlarda tələb eşitmişik ki, Avropa Parlamentində İsmayıllıdakı hadisələrlə bağlı dinləmələr keçirilsin. Bu, gülüncdür. Necə olur ki, Yunanıstanda ölkə boyu kütləvi aksiyalar gedir, amma o barədə dinləmə keçirilmir…”

Avropa Parlamentində bu hadisələrlə bağlı dinləmələr keçirilməsi tələbi iqtidarın narahatlığını bir qədər də artırıb. Hakimiyyət fərqindədir ki, dinləmələr zamanı İsmayıllıda etiraz edən sakinlərə qarşı törədilən zorakılıq, repressiv addımlar üzə çıxacaq və iqtidar ifşa olacaq. Sonucda isə hakimiyyətin əleyhinə sərt qətnamə qəbul ediləcək. Ona görə də Əli Hüseynlinin timsalında indidən məsələyə aqressiv münasibət sərgilənir. Ənənəvi qaydada şantajdan istifadə edilir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır