Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən bu gecə Qahirədə prezident sarayına tərəf yürüş edən aksiya iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında ciddi qarşıdurmalar baş verib. Nümayişçilər sarayın hasarına qalxaraq həyətə yandırıcı maddələr atıblar. Təhlükəsizlik qüvvələri gözyaşardıcı qazdan istifadə etməklə iğtişaş yaradan 20 nəfəri tutublar.
Səhiyyə mənbələrinin verdiyi məlumata əsasən, bir nəfər ölüb, 79 nəfər yaralanıb. Yaralananlar arasında təhlükəsizlik qüvvələrinin nümayəndələri də var.
Misir Prezidenti Məhəmməd Mursi aksiya iştirakçılarının bu addımlarını pisləyərək nümayişlərin artıq dinc xarakter daşımadığını bildirib.
Nümayişçilərin iddialarına görə, onların məqsədi dünən cümə namazından sonra prezident sarayına doğru dinc yürüş edərək aksiya keçirmək olub. Amma “Black Block” qrupu üzvlərinin iğtişaşları nəticəsində aksiyalarda zorakılıq qeydə alınıb.
Prezident M.Mursi yaşanan hadisələrdə aksiya iştirakçılarını təhrikə yönəldən siyasi qüvvələri günahlandırıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır