Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Bölgədən "azadliqnews.tv"yə verilən məlumata görə Zaqatalanın Muxax, Gözbarax, Danaçı, Çobankol, Qımır, Mamrux və s. kəndlərində əhali ayağa qalxaraq haqların tələb edib. Bu kəndlərdə qadınlar, uşaqlar belə rayon mərkəzinə doğru yürüş etməyə cəhd göstəriblər. Polis aksiyaçıların qarşısını aımaq istəyib və bu zaman rayon mərkəzinə gedən yolda polislə əhali arasında qarşıdurma baş verib.
Məlumata görə, rayon icra hakimiyyətinin başçısı və polis rəisi hadisə yerində olub, fövqəladə hallar nazirinin müavini general Orucəli Hacıyev də rayona gəlib. Bundan başqa, Daxili İşlər Nazirinin yüksək çinli məmurunun da əraziyə gəldiyi deyilir. Məlumatına görə, FHN generalı Orucəli Hacıyev əhali qarşısında çıxış edib və bildirib ki, onların Bakıya getmək istəklərindəm xəbər tutduqdan sonra bura gəlib: "Sizin Bakıya gəlməyinizə ehtiyac yoxdu. Biz sizin ayağınıza gəldik. Şəxsən mənim iştirakımla komissiya yaradılacaq və hər bir şikayətə baxılacaq". Mənbənin məlumatına görə, bölgədə vəziyyət hələ də gərgin olaraq qalır və insanlar dağılmaq fikrində deyil. Etiraz aksiyaları keçirilən kəndlərin çıxışında polis məntəqələri qurulub və insanların kənddən çıxışı məhdudlaşdlrılıb.
Zaqatalada olduğunu və sakinlərlə görüş keçirdiyini Orucəli Hacıyevin özü də təsdiqləyib. O, APA-ya açıqlamasında bildirib ki, bu gün Zaqatalanın bir neçə kəndində əhali ilə görüşlər keçiriblər. Onun rəhbərlik etdiyi heyət Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ilə birlikdə zəlzələdən zərər çəkmiş kəndlərdə sakinləri dinləyərək, onların problemləri ilə maraqlanıblar: “Sakinlər son təkanlardan sonra evlərə dəymiş ziyan barədə məlumat verdilər. Onlara bildirildi ki, komissiya son təkanlar nəticəsində zərər görmüş evlərə və digər tikililərə baxış keçirəcək. Bundan asılı olaraq komissiya tikililərdə təmir-bərpa işlərinin aparılması, yaxud yenidən tikilməsi barədə qərar verəcək”.
Nazir müavini deyib ki, onlar bu gün rayonun zəlzələdən zərər çəkmiş Gözbarax, Mamrıx, Muxax, Danaçı və Əliabad kəndlərində olublar: “Zəlzələdən zərər çəkmiş kəndlərin hamısında görüşlər keçiriləcək, sakinlərin problemləri dinləniləcək, lazımi tədbirlər görüləcək”.
Yanvarın 30-da Zaqatalanın zəlzələdən əziyyət çəkən Danaçı, Gözbaraxda, Aşağı Tala, Muxax və Çobankol kəndlərinin sakinləri rayon mərkəzinə yürüş keçirib. “Media forum” saytına açıqlama verən “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev yürüşün sakinlərə az kompensasiya verilməsi ilə bağlı olduğunu deyib.
Oqtay Gülalıyev əlavə edib ki, əhali evlərinə dəyən ziyanla bağlı adekvat işlərin görüləcəyini gözləyirdi: “Evlərinin təmir ediləcəyini gözlədikləri halda 1000-4000 manat kompensasiya verilməsi insanlarda narazılıq yaradıb. Onlar hiddətləniblər və fövqəladə hallar naziri ilə görüşmək istəyirlər. Biz hesab edirik ki, nazir əhali ilə görüşüb həll yolu tapmalıdır”.
Oqtay Gülalıyev zəlzələ bölgəsində aparılan tikinti və təmir işləri ilə bağlı yeni hesabatın Fövqəladə Hallar Nazirliyinin ucbatından gecikdiyini qeyd edib: “Fövqəladə hallar naziri yanvarın 7-də açıqlama verdi ki, Qax-Zaqatala bölgəsində 2984 ev və 22 məktəb tikilib. Amma bu məlumat şübhə doğurur. Rəqəmlər şişirdilib. Biz həmin evlərin harada tikilməsi, kimlərə məxsus olması ilə bağlı sorğu göndərmişik. Məlumat versinlər ki, gedib həmin kəndlərdə vəziyyət və tikilən evlərin sayı ilə bağlı monitorinq aparaq. Amma ötən zaman ərzində nazirlik sorğumuza cavab verməyib. Məhz bu səbəbdən hesabatımız gecikir”.
***
Zaqatalada gərginliyin yaşandığı haqda xəbərlər almaqdayıq.
Rayondakı mənbələrdən aldığımız məlumata görə, rayonun zəlzələdən zərər görmüş kəndlərinin sakinləri onlara verilən konpensasiyanın azlığından narazıdırlar və şikayət üçün Bakıya gəlmək istəyirlər.
Məlumatda deyilir ki, yanvarın 30-u səhər saatlarında Muxax və Gözbarax kəndlərinin camaatı toplaşaraq Bakıya yürüş etməyə hazırlaşıblar. Məsələdən xəbər tutan rayonun icra başçı dərhal Gözbaraxa gəlib hər iki kəndin burada toplaşan sakinləri ilə görüşüb. İcra başçısını polis rəisi də müşaiyət edib. Bundan başqa, ərazi polis nəzarətinə alınıb.
Kəndlərin sakinləri onlara verilən 3000-7000 manat arası konpensasiyanın azlıq təşkil etdiyini, bu məbləğin təsərrüfatlarına dəyən ziyanı ödəmədiyini bildiriblər. İcra başçısı əahlini sakitləşdirməyə çalışıb. Gərginliyin böyüməsinə imkan verməmək üçün kəndlərin cavanlarını sakinlərin toplaşdığı yerdən uzaqlaşdırmağa başlayıblar.
Rayondakı mənbələr onu da bildiriblər ki, kompensasiyanın azlığından şikayətçi olan Danaçı kəndinin sakinləri isə bir nəfər kimi onalara təklif olunan məbləği almaqdan imtina ediblər.
Hadisələrin inkişafı barədə əlavə məlumatlar verəcəyik.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır